
Bir zamanlar xəritəmizdə parçalanmış xətlər vardı – hər biri ürəyimizdə açılan yaranın izinə bənzəyirdi. Hər bayramda süfrəmizdə yarım qalan şənlik, hər mahnımızda susan bir misra vardı. Bizim gülüşümüzü də, kədərimizi də bölən bu taleyin ağırlığına dözdük.
Vətən parçalananda, insanın ruhu da ikiyə bölünürmüş. Həsrət, bir millətin damarlarında ağır-ağır axan qan kimi, illərlə bizi sınağa çəkdi. Lakin zamanın öz ədaləti var. Tarixin yaddaşına elə bir gün yazıldı ki, xəritə bütövləşdi, qəlbimizin yaraları sağaldı. O gün dağların başı bir daha ucaldı, çayların səsi bir daha azadlıq nəğməsinə qarışdı. İndi Vətən yalnız torpaq deyil – həm də bütöv ruh, həm də o ruhun içində yenidən doğulan millət deməkdir.
Bütövləşmiş Vətən indi vətəndaşına yeni bir sirr pıçıldayır:
Mənim övladım, sən təkcə qalib deyilsən, sən mənim qoruyucum, mənim sabahımsan. Mənim gələcəyim sənin çiyinlərində, mənim gələcəyim sənin ruhundadır!
Şuşanın daş küçələrində addımlayan hər kəs, Laçının dumanlı yollarında nəfəs alan hər yolçu, Həkəri çayının sahilində ucalan hər səs artıq bir andı təkrar edir: "Bu torpağı sevmək kifayət deyil, bu sevgini əmələ çevirmək gərəkdir". Hər tikilən ev – sadəcə bir divar deyil, millətin yurd sevgisinin daşlaşmış rəmzidir. Hər açılan məktəb – bir xalqın aydın sabahlara olan ümididir. Hər çəkilən yol – Vətənin vücudunda həyat tapmış ruhdur!
Bu qələbə, bu bütövlük, sadəcə bir zəfər səhifəsi deyil – gələcəyin yol xəritəsidir. Çünki qalib olmaq son deyil, başlanğıcdır. Qalib millət olmaq qürurdur, amma bütöv Vətənin layiqli vətəndaşı olmaq – hər gün qurmaq, yaratmaq, sevmək və qorumaq deməkdir.
Vətən bizdən indi yalnız qürur hissi deyil, həm də əməl gözləyir. Çünki Vətən təkcə bizə aid deyil – bu torpaq, bu Vətən gələcək nəsillərə miras qalacaq müqəddəs bir əmanətdir. Biz o əmanəti necə saxlayacağıqsa, sabahın vətəndaşlarıda Vətəni elə görəcək.
Bütövləşmiş Vətən bizə deyir:
Mənim yaralarımı sağaltdınız, indi mənim sabahımı inşa edin. Mənim yollarımı işıqlandırın, mənim məktəblərimi ucaldın, mənim mahnılarımı yeni nəsillərin səsinə yetirin.
Çünki Vətən – yalnız daş, torpaq, dağ deyil. Vətən – bizim nəfəsimiz, bizim sözümüz, bizim yaddaşımız və varlığımızın səbəbidir.
Vətəni bütöv görmək Tanrının nemətdir, onun bütövlüyünü qorumaq isə vətəndaşın ən böyük borcudur.
Bütövlüyümüz, azadlığımız və qüdrətimiz heç zaman sarsılmasın!
Əziz Şəhidlərimizin ruhu şad olsun!
Vasif Şükür
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin