Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. Bu tarixin təsadüfi seçilmədiyini bilirik. 2 fevral 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Forumu keçirilmişdi. 1997-ci ildən isə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı.
O dövrdə yenicə müstəqillik qazanmış, siyasi və sosial böhran dövründən, Qarabağ cəbhəsində ağır döyüşlərdən çıxmış Azərbaycan gəncliyinin təmərküzləşməsinə, ölkənin inkişafı yolunda fəaliyyətinin koordinasiyasına böyük ehtiyac var idi. Uzaqgörən siyasətçi Heydər Əliyev bunu yaxşı bilirdi və bu forumu keçirməklə, ondan bir qədər sonra Azərbaycanda Gənclər Gününü təsis etməklə, vacib bir siyasi xəttin təməlini qoydu.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Ulu Öndər tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.
Müasir gənclərimiz ölkəmizin dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.
Bu gün Ümummilli Liderin müəyyənləşdirdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin fərman və sərəncamlarının tələbi və tövsiyələri istiqamətində milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı və vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Bunu 2016-cı il dördgünlük Aprel döyüşlərində, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində daha aydın gördük. Həmrəylik, milli birlik, vahid amal uğrunda mübarizədən güc alan Azərbaycan gəncləri döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini birdəfəlik darmadağın etdi. İşğalçı düşmənə qalib gəlmək arzusu ilə yaşayan gənclər Vətənə sadiq olduqlarını təsdiq etdilər.
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncləri həm hərb - döyüş meydanında, həm də informasiya məkanında mübarizə apardılar.
Hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir.
Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadaır. Əziz gənclər bayramınız mübarək!
Vüsal Yusifov,
YAP Qaradağ rayon təşkilatının əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin