44 günlük İkinci Vətən müharibəsində qazanılan şanlı qələbə ilə adını qızıl həriflərlə tarixə yazdıran Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxışı zamanı demişdir: “Mən hakimiyyətə gələndə 40 yaşım var idi. Elə güman edirdim ki, ədalət bir gün bərpa olunacaq və biz öz tarixi Azərbaycan torpaqlarımızı geri qaytaracağıq. Zaman keçdikcə anladım ki, biz ədaləti özümüz bərpa etməliyik və Azərbaycan xalqı bunu bacardı”.
İlham Əliyevin bu çıxışı azərbaycanlıların ermənilər tərəfindən məruz qaldığı soyqırımı, etnik təmizləmə, həmçinin siyasi platformada yayılan dezinformasiyalara işarə idi. Düşünürəm ki, Azərbaycan xalqı dünyada yeganə xalqdır ki, XX əsr ərzində 4 dəfə soyqırımı və vəhşiliklərə məruz qalmışdır. Baş verən siyasi hadisələri periodik olaraq izah etməli olsaq, 1904-1905-ci illərdə Azərbaycanın müxtəlif qəzalarında xalqımıza qarşı törədilən qırğınlardan başlamalı olarıq. Tarixi ədəbiyyatlara erməni-müsəlman davası kimi daxil olan azərbaycanlılara qarşı gizli şəkildə planlanılan etnik təmizləmə siyasəti nəticəsində minlərlə soydaşlarımız qətlə yetirilmiş, statistikaya əsasən 158 qəsəbəmiz dağıdılmışdır. Təəssüf ki, düşmənlərimizin yaratdığı “Daşnaqsütyun” və “Hnçak’ partiyaları “Böyük Ermənistan” xülyasının həyata keçirmək niyyətini davam etdirmişlər. Bu səbəbdən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrə tarixi hadisələri və erməni partiyalarını Avropanın bir çox jurnalistlərinə verdiyi müsahibələri zamanı deşifrə edir və onların gizli planlarını dünya ictimaiyyətinə çatdırır.
Növbəti erməni soyqırımı isə 1918-ci ildə Azərbaycanın Müsavat partiyasında birləşən ziyalılarımızın ərazi muxtariyyatı düşüncəsinə qarşı olaraq planlanmışdır. Mart soyqımı və ya Mart hadisələri kimi tarixə həkk olunan qanlı hadisələr ölkəmizin müxtəlif qəzalarında ardıcıl və məqsədyönlü şəkildə 5 gün davam etdi və bu siyasət azərbaycanlıların Azadlıq günəşini boğmaq üçün idi.
Soyqırımı nəticəsində 50 mindən çox soydaşımız qətlə yetirildi. Baş verən erməni vəhşiliyinə cavabsız qalmayan Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmanla hər il 31 Mart respublika səviyyəsində soyqırımı günü kimi qeyd olunur. Bu hadisələrin tarixi dəlili qazıntılar zamanı Qubada təsadüfən tapılan və xususi olaraq İlham Əliyevin 2013-cü ildə açılışını etdiyi Quba Soyqırımı Memorial Kompleksidir.
XX əsrin ən faciəli hadisələrindən biri isə ardıcıl olaraq iki dəfə davam edən deportasiya prosesidir. 1948-1953-ci illərdə qəbul olunan “Müsəlman kalxozçuların Kür-Araz ovalığına köçürülməsi haqqında” fərmanlar yalnız gözdən pərdə asmaq üçün idi. Əliyalın Azərbaycan ailələri öz dədə-baba torpaqlarından zorla xüsusi ayrılmış maşınlarla köçürülürdü. Ən acınacaqlı hadisə isə bu köçürmələrə etiraz edən ailələrin tamamilə qətlə yetirilməsi və SSRİ rəhbərliyinin isə bu qətliama göz yunması idi.
Deportasiyanın ikinci mərhələsi 1988-1991-ci illərdə davam etdi və Nüvədi kəndinin azərbaycanlılardan təmizlənməsi ilə başa çatmış oldu. Heydər Əliyev deportasiyaların tədqiq olunması vədünyaya faktlarla çatdırılması üçün Dövlət Komissiyası yaratmış və Liderin özü şəxsən Komissiyaya rəhbərlik etmişdir. O, 1997-ci ilə deportasiyanı təsdiqləyən “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalamışdır.
İkinci Vətən müharibəsi zamanı döyüşlər iki cəbhədə gedirdi: 1. Cəbhədə baş verən müharibələr, 2. İnformasiya müharibəsi kimi adlanan İlham Əliyevin jurnalistlərə verdiyi müsahibələr. Azərbaycan Respublikasının prezidentinin uğurlu xarici siyasəti nəticəsində işğal olunan Qarabağın dağlıq ərazilərinin bir çoxu diplomatik danışıqlarla, yəni bağlanan sülh müqviləsi ilə geri alındı. Azərbaycan Respublikasının Prezidenti düşməni çıxılmaz vəziyyətdə qoyaraq əsr boyu davam edəN vəhşiliklərin intiqamını aldı. Beləliklə, xalqımız üçün namus məsələsi olan və 30 il davam edən Qarabağ problemi İlham Əliyevin səyləri və rəşadətli ordumuzun igidliyinin nəticəsi olaraq həll olundu.
Qardaşov Vahid,
Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühəndisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin