Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi. Şah İsmayıl Xətainin bir deyimi vardır "Qılınc həmin qılıncdır, qol o qol deyil". Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir. Azərbaycan əsgəri mərd, cəsur, qorxmazdırlar. Vətənimizə, millətimizə sadiq oğullardır. İstənilən şəraitdə torpaqlarımızın keşiyində inamla dayanıblar. Belə əsgərlərin qarşısında isə heç bir düşmən tab gətirə bilməz!
Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq!
“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi!
Vəli Vəliyulla,
Xəzər Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və Humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin