Azərbaycanın xalqının keçmişinə, onun şanlı tarixinə nəzər yetirdikdə görürük ki, xalqın taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan görkəmli, nüfuzlu dövlət və siyasi xadimlər çox olmuşdur. Xalqı qarşısındakı xidmətlərinə görə daima yad edilən və yaddaşlara həkk olunan bu tarixi şəxsiyyətlər arasından yalnız biri ən yüksək ada, ən yüksək titula, ümümmilli lider pilləsinə yüksəlmişdir ki, o da dünya şöhrətli siyasətçi, əsrin ən böyük Azərbaycanlısı əvəzolunmaz lider Heydər Əliyevdir.
Milli liderliklə siyasi liderlik kimi unikal xüsusiyyətləri özündə birləşdirən bu dahi insan müasir Azərbaycan dövlətinin banisi, qurucusu kimi tarixə düşmüşdür. Hər bir Azərbaycanlının güvənc və fəxr yeri olan, hər dəfə adını eşitdiyimizdə sevinc və qürur hissi keçirdiyimiz Heydər Əliyev ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində böyük işlərə öz imzasını atmışdır.
Fitri istedada, fenomenal yaddaşa, yüksək intellektə, mahir psixoloq və analtik düşüncə qabiliyyətinə malik olan bu dahi insan eyni zamanda dünya elmi və ədəbiyyatına bələdliyi ilə də hər kəs tərəfindən sevilən, hörmət bəslənilən lider kimi dünyada böyük şöhrət qazanmışdır.
Gördüyü böyük işlərlə tarix yazan və yaradan ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin iqtisadi-siyasi tərəqqisinə və ümumiyyətlə hərtərəfli inkişafına nail olmuş, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın nüfuzunu beynəlxalq səviyyəyə qaldırmış, uğrunda şəhidlər qurban verdiyimiz müstəqilliyimizi əbədi və dönməz etmişdir.
Hələ 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrdən ölkəmizi sovet ittifaqının ən qabaqcıl respublikalarından birinə çevirməyi qarşısına məqsəd qoyan ulu öndər bütün dünya azərbaycanlılarını vahid bir amal, bir ideya ətrafında birləşdirən azərbaycançılıq ideyasının əsaslarını, prinsipləri və ilkin rüşeymlərini də məhz həmin vaxtlarda yaratmağa başlamışdır. Əslində hər hansı bir ideologiyanın bir xalq tərəfindən mənimsənilməsi, onun daşıyıcısına çevrilməsi prosesi uzun illərin əməyi nəticəsində əldə olunur. Amma Heydər Əliyev xüsusi metod və vasitələrlə Azərbaycançılıq məfkurəsini çox qısa bir zamanda xalqın milli ideologiyasına çevirdi.
90-cı illərdə SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan yararlanaraq dövlət müstəqilliyimiz yenidən bərpa olundu. Lakin müstəqilliyin ilk illərində Azərbaycan çox çətin sınaqlardan keçirdi. Belə ki, cəbhədəki məğlubiyyətlər, separatçı və anti-milli qüvvələrin güclənməsi və daxildəki hakimiyyət üstündə çəkişmələr ölkəni xaos, anarxiya və vətəndaş müharibəsinə sürükləyirdi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir
Naxçıvandan Bakıya gələn dahi rəhbər böyük xilaskarlıq missiyasına başladı. Ölkəni xaos və böhrandan çıxartdı, vətəndaş müharibəsinə son qoydu və cəbhədə atəşkəsə nail olundu. Antimilli qüvvələrə qarşı sanki bir sipər kimi dayanan bu böyük sərkərdə Azərbaycanın müstəqilliyinə qarşı yönələn 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevirilişi cəhdlərinin də qarşısını aldı. Böyük dövlətçilik və idarəçilik təcrübəsinə malik müdrik dövlət xadimi qısa bir zaman kəsiyində ölkənin daxili və xarici siyasətində böyüş dönüş yaratdı, Azərbaycanı dünyanın güclü dövlətlərinin və beynəlxalq təşkilatlarının maraq dairəsinə çevirdi. Nüfuzlu beynəlxalq təşkilatların üzvü seçilən Azərbaycan paralel olaraq Avropa ölkələri, ABŞ, qonşu ölkələr, islam və türk dünyası ilə milli maraqlar nəzərə alınmaqla əməkdaşlıqda yeni xarici siyasət konsepsiyası həyata keçirdi. Bütün bu qeyd etdiyimiz hadisələrdən belə nəticəyə gələrək tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən proseslərə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsindən silinəcəkdi.
Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biri də qanunun aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğu və ədalətli iqtisadi və sosial qaydalara uyğun olan hamının layiqli həyat səviyyəsini reallaşdıran müasir dövrün tələblərinə cavab verən yeni konstitusiyanın hazırlanıb qəbul edilməsi oldu. Beləliklə, milli maraqları, mənəvi dəyərləri, bütün cəmiyyətin və hər kəsin firavanlığını, insanların hüquq və azadlıqlarınının təminatçısı olan yeni konstitusiya 1995-ci il noyabrın 12-də ümümxalq səsverməsi yolu ilə qəbul edildi.
Ümummilli lider Heydər Əliyev haqqında dünyanın bir çox məhşur dövlət başçıları və siyasi xadimləri, elm, mədəniyyət və ədəbiyyat sahəsinin nümayəndələri çox yüksək fikirlər söyləmişlər. Hamısının dilindən dəfələrnən səslənən Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, onun Heydər Əliyev kimi bir rəhbəri olub sözləri xüsusi diqqət cəlb edir.
Hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderin müəyyənləşdirdiyi bu inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün ölkəmiz makroiqtisadi baxımdan sabit, dayanıqlı iqtisadi inkişafa nail olub və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaşa çevrilib.
Hal-hazırda bu işlərin həyata keçirilməsində cənab prezidentin ən yaxın dəstəkçisi və silahdaşı əvəzsiz xidmətləri ilə hər kəsin sevimlisi, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Onun rəhbərliyi altında respublikamızda müxtəlif layihələr uğurla həyata keçirilir, yeni səhiyyə ocaqları, məktəblər, uşaq bağçaları, qocalar evləri tikilib istifadəyə verilir. Əlbətdə ki, bütün bunlar xalqın maddi və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Bu gün dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da əziz xatirəsi daima qəlblərimizdədir, onun müəyyənləşdirdiyi, ölkənin gələcəyinə, inkişafına hesablanmış siyasəti biz gənclərin yoluna daima işıq salacaqdır.
Eldəniz Zeynaov,
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin