Azərbaycanın bütün bölgələrində sürətlə davam edən inkişaf müşahidə olunur. Bu proses regional inkişaf proqramlarının icra edilməsilə əlaqədardır. Hər bir müasir ölkənin gücü həm də onun regionlarınınn inkişafı və iqtisadiyyatından asılıdır. Bu sahədə Prezident İlham Əliyevin regionlara səfərləri önəmli rol oynayır.
Dövlət başçısının ölkəmizin bölgələrinə mütəmadi səfərləri çərçivəsində müxtəlif müəssisələrin açılışlarını edir, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir.
Ölkə başçısının Azərbaycanın bölgələrinə ötən il 47 dəfə səfər edib, bunların isə 32-si azad edilmiş torpaqlara edilən səfərlər təşkil edir. Bütün bunlar həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.
Dövlət başçısının bölgələrə səfərləri regionların sosial-iqtisadi mənzərəsini real olaraq dəyişən hadisədir. Bu səfərlərdən biri də fevralın 13-də gerçəkləşdi. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonuna səfər ediblər.
Səfər zamanı Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağcabədi Taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar. Eyni zamanda dövlət başçısı yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidən qurulmadan sonra açılışında iştirak ediblər.
Yeri gəlmişkən qeyd edim ki, Prezident İlham Əliyev Ağcabədi rayonuna 8 dəfə səfər edib və bölgənin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün sərəncamlar imzalayıb.
“Ağcabədi taxıl Aqropark”da yaradılan şərait müasir əkinçilik, o cümlədən bağçılıq təsərrüfatının yaradılması yönündə atılan mühüm addımdır. Aqropark müasir avadanlıqlarla təmin edilib. Aqroparkın faktiki əkin sahəsində əsasən, arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və s. bitkilər becərilir. Suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında müasir metodlardan istifadə edilir.
Prezident İlham Əliyev öz çıxışları zamanı regionlarımızda elektrik təchizatının dövlət üçün prioritet mövzu olduğunu daim vurğulayır. 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının yenidən qurulması Ağcabədi şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, sosial infrastruktur, meliorasiya, sənaye, ictimai-iaşə və digər bu kimi obyektləri elektrik enerjisi ilə təchiz edəcək. Bu isə özlüyündə sakinlərin problemlərinin həllinə ciddi təkan verəcək.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağcabədi rayonuna səfəri zamanı Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidən qurmadan sonra açılışında da iştirak ediblər. Uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən bu avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür. Bu layihə mühüm əhəmiyyət daşıyır. Layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək.
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin