Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Təbii ki, Xocalı faciəsi təsadüfi hadisə deyildi. Ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək üçün bu yola əl atmışdılar.
Tarixən ermənilərin niyyəti azərbaycanlılara qarşı məkrli olmuşdur. Səmimi və genişqəlbli olmaq həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salıb, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoyub. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı.
Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Onların əsas niyyəti Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bilsələrdə xalqımızın mübarizə əzmini qıra bilmədilər.
Bildiyimiz kimi həmin dövrdə hakimiyyətdə səriştəsiz dövlət rəhbərləri var idi. Bu həm də Azərbaycanın "olum-ölüm" məsələsi idi. Hamıya məlumdur ki, Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə gəlməsəydi, bəlkə də Azərbaycan parçalanmışdı.
Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verib. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən Ulu Öndərimiz Heydər Əıliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.
Az qala yüz ildir ki, ermənilər tarixdə olmayan hadisəni dünya ictimaiyyətinə qəbul etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Erməni mənfurlarının dəyirmanına su tökən və onlara ağalıq edən bəzi havadarları isə, təəssüf ki, bir çox hallarda əsl həqiqətləri bilərəkdən tarixin saxtalaşdırılmasının iştirakçısına çevrilirlər. Torpaqlarımız işğal altında olan dövrdə bizim səsimizi eşitməyən, özünü eşitməməzliyə, görməməzliyə qoyan, həmin torpaqların işğaldan azad edilməsinə şərait yaratmayanların şahidi olmuşuq. Lakin o dövr artıq geridə qaldı.İndi biz qali ölkə,qalib xalqıq.
Ümummilli lider Heydər Əliyevin siyasi irsinin laiqli davamçısı ,Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin son 18 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və müzəffər Ordumuz sayəsində 44 gün ərzində “Dəmir yumruq” ermənilərə tarixi bir dərs verdi. Ölkə başçısının da dediyi kimi: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik.”
Azərbaycanın şanlı Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilmiş günahsız insanların qanını düşməndən döyüş meydanında almışdır.Lakin bir xalq olaraq biz erməni vəhşiliklərini heç zaman unutmamalıyıq.
Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının qan yaddaşı olan Xocalı faciəsi bu xalq, bu millət yaşadıqca yaşayacaq. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutacaq, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edəcəkdir. Biz ona da əminik ki, zaman gələcək ki, bütün dünya erməni qəddarlığını, vəhşiliyini lənətləyəcək.
Vüsal Yusifov,
YAP Qaradağ rayon təşkilatının əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin