Göygöl rayonunda uzunluğu 7 km olan və yerli əhəmiyyətli Topalhəsənli yolunun 5-ci km-dən ayrılan Kərəmli avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.
ANmedia.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağının və yol əsasının inşası yerinə yetirilib, ardınca isə layihə üzrə nəzərdə tutulmuş qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası da aparılıb.
Hazırda sözügedən yolda son tamamlanma işləri icra olunur. Belə ki, çiyin hissələrə xüsusi qrunt verilir, genişləndirmə aparılmış hissələrdə yol kənarı xüsusi bərkitmə işləri görülür.
Tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün uzunluğu 5100 metr təşkil edən çınqıl örtüklü olmaqla alternativ yol da salınıb.
Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yolun müasir görkəmdə yaxın müddət ərzində vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin