Dünyanın, eləcə də Azərbaycanın ictimai, sosialvə mədəni həyatında, iqtisadiyyatda qadınların roluartır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Anmedia.az-a bildirilib ki, 2022-ci ilin 1 yanvar tarixinə ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,4%-ni qadınlar təşkil edib.
Sahibkar qadınların 30,5%-i Bakıda, 10,1%-i Lənkəran-Astara, 8,8%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Qadın sahibkarların əsas hissəsi xidmət (52,4%), kənd təsərrüfatı (24%) və digər sahələrdə fəaliyyət göstərirlər.
Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, “kobmarket.az” ticarət portalı, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən yararlanırlar. İndiyədək 5 qadın sahibkara qrant, 4 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib. 2021-ci ildə və cari ilin yanvar-fevral aylarında 30-a yaxın qadın sahibkarın ölkəmizdə və xaricdə keçirilmiş sərgilərdə iştirakı dəstəklənib. Ötən il Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunmuş təlim və məsləhət xidmətlərindən 9 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu beynəlxalq ixtisasartırma proqramından faydalanmış sahibkar və menecerlərin 21%-ni qadınlar təşkil edir.
Qadın sahibkarlığının dəstəklənməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin araşdırılması, qadınların biznes fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsinə dəstək məqsədilə KOBİA bir sıra yerli və xarici təşkilatlarla da əməkdaşlıq edir. Agentlik yanında İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası fəal şəkildə təmsil olunur.
İşğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən, eləcə də iş və xidmətlərini təklif edən sahibkarlardan indiyədək KOBİA-ya 1000-dən çox müraciət daxil olub ki, bunun 50-yə yaxını qadın sahibkarlara məxsusdur.
Ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolunun, KOB subyektləri arasında qadınların sayının daha da artması üçün potensial böyükdür. Qadın sahibkarlar Azərbaycanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verə bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin