"Qarabağ" klubu Fransada "Marsel"ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib.
Bu barədə Anmedia.az-a Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi tribunadakı təxribat xarakterli bannerin qısa müddətdə stüardların müdaxiləsindən sonra yığışdırıldığını bildirib: "Tribunada Ermənistan bayraqları da var idi. Onlar çirkin əməllərindən geri qalmırlar. Biz bununla bağlı əvvəlcədən "Marsel"ə və Avropa futbol qurumuna məlumat vermişdik. Stüardların müdaxiləsindən sonra bayraqlar da götürüldü. Matçdan sonra UEFA nümayəndəsinə və yerli kluba şifahi şəkildə etirazımızı bildirdik. Yazılı şikayətimizi isə yaxın günlərdə edəcəyik".
Qeyd edək ki, qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasındakı cavab görüşü fevralın 24-də Bakıda olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin