
Serbiyanın paytaxtı Belqrad şəhərində Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclası keçirilib.
“Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti” İctimai Birliyinin mətbuat xidmətindən ANmedia.az-a verilən məlumata görə, iclasda 2024-cü ilin yekunları, büdcə və gələn ilin iş planı, 2025, 2026, 2027-ci illərdə təşkil olunacaq yarışlar, İdarə Heyəti, auditorlar və namizədlər komissiyası üçün seçki, "ETWF General Assambly" iclasına 2026-cı ildə ev sahibliyi edəcək ölkənin səsvermə yolu ilə seçilməsi, yeni namizəd ölkənin üzvlüyə qəbulu, eləcə də bir sıra məsələlər öz əksini tapıb.
Beynəlxalq qurumun baş katibi Anders Anderson 2024-cü ilin yekun hesabatını və 2025-ci ilin fəaliyyət planını iştirakçılara təqdim edib.
İclasda İctimai Birliyin prezidenti Elnur Şıxəliyev bu il mayın 30-31-də Bakı şəhərində təşkil olunacaq "TURAN CUP, OPEN" turniri, Azərbaycan mədəniyyəti, idmanı və ölkəmizdə kəndirlə mübarizə idmanının mövcud vəziyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonra İdarə Heyətinin və üzvlərin qərarı ilə Bosniya və Herseqovina Kəndirlə Mübarizə Assosiasiyası Avropa Kəndirlə Mübarizə Federasiyasına üzv qəbul olunub.
Həmçinin iclasda Avropa Kəndirlə Mübarizə Federasiyasının idarə heyətinə seçkilərdə Elnur Şıxəliyevin namizədliyi irəli sürülüb. Səsvermədə ilk pilləni tutan Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının 1-ci vitse-prezidenti seçilib.
Elnur Şıxəliyev qurumun İdarə Heyətinə və üzvlərə göstərdikləri etimada görə təşəkkür edib və kəndirlə mübarizə idmanının Avropa və dünyada inkişafına hər zaman dəstək olacağını vurğulayıb.
Səsvermənin nəticəsinə əsasən, 2026-cı ildə Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclasının Bakı şəhərində keçirilməsi təsdiqlənib.





Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin