Martın 18-də Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində media nümayəndələri arasında pnevmatik idman tapançasından 10 metr məsafəyə atəşaçma üzrə yarış keçirilib.
ANmedia.az xəbər verir ki, Novruz bayramına həsr olunmuş turnirin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinova, Olimpiya, dünya və Avropa çempionları ilə yanaşı, tanınmış idmançılar da iştirak ediblər.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə turnirin əhəmiyyətindən danışaraq, müxtəlif media qurumlarında çalışan jurnalistlərin bir araya gəldiyini bildirib.
"Əvvəllər biz bu cür yarışları şahmat və dama üzrə təşkil edirdik. Amma qərara aldıq ki, budəfəki yarışı güllə atıcılığı üzrə keçirək. Həyat bizə göstərdi ki, bizim çətin anlarımızda Vətənin müdafiəsinə qəhrəman əsgərlərimizlə bərabər media nümayəndələrimiz də qoşulurlar. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və ikinci Qarabağ müharibəsindən sonrakı hərbi əməliyyatlarda media nümayəndələrimizi hərbçilərimizin yanında görmüşük. Bu yarışda iştirak edən media nümayəndələrimiz də çoxdur. Biz istəyirik ki, gələcəkdə bu yarış ənənəvi xarakter alsın və hər il Novruz bayramı ərəfəsində Azərbaycanın idman mediasının nümayəndələri ilə görüşək. Bu işdə bizə dəstək olan Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə və digər şəxslərə minnətdarlığımı bildirirəm. Bu tədbirdə bizim məşhur idmançılarımız da iştirak edirlər. Onlar idmanın müxtəlif növləri ilə məşğul olub və böyük nəticələr əldə ediblər və bu gün jurnalistlərə dəstək olmağa gəliblər. Bayram münasibəti ilə hər birinizi təbrik edir və yarış iştirakçılarına uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin", - deyə Çingiz Hüseynzadə bildirib.
Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova yarış iştirakçılarını salamlayaraq, istirakçılara uğurlar arzulayıb. Vitse-prezident həmçinin media nümayəndələrini atıcılıq idman növü ilə məşğul olmağa dəvət edib.
MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev media nümayəndələri arasında keçirilən atıcılıq turnirinin əhəmiyyətindən danışaraq, yarış təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən gənc estrada ulduzları Turan Səfərli, Günay Huseyinli və Mənsurə Əliyeva Vətənə məhəbbət və qələbəyə həsr olunan mahnılar ifa edərək qonaqları salamladılar.
Rəsmi çıxışlardan sonra "Sportsman" jurnalının adından Milli Olimpiya Komitəsinə və Azərbaycan Atıcılıq Federasiyasına xüsusi hədiyyələr təqdim olunub.
Mərasimdə daha sonra incəsənət nümayəndələrinin iştirakı ilə musiqi nömrələri təqdim olunub.
KİV nümayəndələri yarış haqda məlumatlandırıldıqdan sonra turnirə start verilib.
Yarışın baş hakimi Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təyin edilmiş respublika dərəcəli hakim Rəsul Məmmədov, baş katibi beynəlxalq dərəcəli hakim Böyükxanım Astanova olub.
“Olimpiya dünyası” qəzeti, “Sportsman” jurnalı, “olympic.az” və “BrendSport.az” saytının informasiya dəstəyi ilə keçirlən yarışda birinci yerə 65 xal toplayan Ləman Quluzadə ("sabahinfo.az" saytı) layiq görülüb. ARB telekanalının əməkdaşı Eltürk Həsənli 65 xal toplasa da, əlavə göstəricilərə görə ikinci yeri, 10 atışdan 64 xal toplayan “CBC Sport” telekanalının əməkdaşı Zaur Abbasov isə üçüncü yeri tutub.
Turnirdə ilk üç yerin qaliblərinə müvafiq olaraq, 300, 200 və 150 manat pul mükafatı və diplom təqdim edilib.
Müvafiq olaraq, 4-5-ci yerləri tutan Seyhun İsayev ("Brendsport.az") və İlham İsmayılov ("Kaspi" qəzeti) isə "Fəal iştirakçı" diplomu ilə təltif olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin