UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Bayer 04" klubu cari mövsümdə ikinci dəfə Azərbaycan çempionuna rəqib olub.
ANmedia.az xatırladır ki, "köhlən atlar" qrup mərhələsində Leverkuzen təmsilçisi ilə iki dəfə üz-üzə gəlib.
III turun matçında səfərdə 1:5 hesabı ilə uduzan Ağdam klubu IV turda minimal fərqlə yenilib - 0:1.
"Bayer 04"ün bütün turnirlər daxil olmaqla məğlubiyyətsiz oyunlar seriyası 32-yə (28 qələbə, 4 heç-heçə) çatıb.
Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv hazırda 58 xalla Bundesliqada liderdir. Komanda ikinci sıradakı "Bavariya"nı 8 xal qabaqlayıb.
"Bayer 04" klubu 1904-cü ildə qurulub. "Qırmızı-qaralar" Bundesliqada yalnız gümüş medallarla kifayətlənib. Komanda 1996/1997, 1998/1999, 1999/2000, 2001/2002 və 2010/2011 mövsümlərində çempionatı ikinci sırada bitirib. 1987/1988 mövsümündə UEFA Kubokunu (hazırkı Avropa Liqası) başı üzərinə qaldıran "Bayer 04" 1992/1993 mövsümündə ölkə kubokuna sahib çıxıb.
Leverkuzen təmsilçisi tarixində bir dəfə UEFA Çempionlar Liqasında finala qədər irəliləməyə müvəffəq olub və 2001/2002 mövsümünün həlledici görüşündə İspaniya "Real"ına yenilib - 1:2.
Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin