Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
ANmedia.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyərək, 16-cı sırada qərarlaşıb.
Ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb.
Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub. Gənc qrossmeyster 38 addım irəliləyib. O, 97-ci pillədən 59-cu sıraya yüksəlib.
Qədir Hüseynov isə bu dəfə ilk “100-lük”dən kənarda qalıb.
Reytinqə Dünya Kubokunun qalibi Maqnus Karlsen (2839) başçılıq edir. Bakıdakı turnirdə bürünc mükafata yiyələnən Fabiano Karuana (2786) ikinci, ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura (2780) üçüncüdür. Dünya Kubokunun sürpriz finalçısı Rameşbabu Praqqnanandha (2727) 19-cu sıraya qədər irəliləyib.
Qadınlarda isə Azərbaycanın 3 şahmatçısı ilk “100-lüy”ə düşüb. Bunlar Günay Məmmədzadə (2441 xalla 29-cu), Ülviyyə Fətəliyeva (2387 xalla 63-cü) və Gövhər Beydullayevadır (2383 xalla 68-ci).
Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu həmyerlisi Yu Venyun (2560) izləyir. Bakıda Dünya Kubokunu qazanan Aleksandra Qoryaçkina (FİDE, 2558) ilk “üçlüy”ü tamamlayır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin