Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.
ANmedia.az xəbər verir ki, bu gün kişilər və qadınlar arasında 50 metr məsafəyə tapançadan atəş açma yarışları keçirilib.
Kişilərin mübarizəsində qızıl medal 558 xal toplayan çinli atlet Yu Xieyə qismət olub. Ondan bir xal geri qalan Latviyanı təmsil edən Lauris Strautmanis gümüş medala sevinib. Bürünc medalı 556 xalla hind atıcı Ravinder Sinqh bayram edib.
Kişilərin komanda yarışında Çin birinci, Koreya ikinci, Hindistan üçüncü olub.
Qadınların mübarizəsində qızıl medal 540 xal toplayan Avstriyadan olan atlet Silviya Şteynerə qismət olub. Ondan altı xal geri qalan Monqolustanı təmsil edən Bayartsetseq Tumurşudur gümüş medala sevinib. Bürünc medalı 533 xalla hind atıcı Tiyana Tiyana bayram edib.
Qadınların komanda yarışında Hindistan birinci, Çin ikinci, Monqolustan üçüncü olub.
Mükafatlandırma mərasimindən sonra Yu Xie “qızıl” təəssüratlarını bölüşüb:
“Mənim üçün çox həyəcanlı gün oldu. Bir sıra çətinliklər yaşadım. Bu, mənim üçün çox gözəl təcrübə idi. İlk dəfədir dünya çempionatında qızıl medal qazanıram. Buna görə çox sevinirəm. Amma turnirin son günləri olduğu üçün yorğunluq hiss olunur. Eyni zamanda, komanda olaraq da qızıl medal qazandıq. Yarışdan əvvəl üçümüz söhbət edib bir-birimizə dedik ki, qətiyyətli olmalıyıq. Bunun nəticəsi kimi qalib gəldik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin