“Hər kəs “Qarabağ”ın yaxşı nəticələrinə alışıb”.
ANmedia.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a müsahibəsində “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib. Təcrübəli futbolçu komandasının Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Helsinki” ilə cavab matçını dəyərləndirib.
- Ab-hava necədir?
- Şükür, hər şey yolundadır.
- Çətin səfərə yollanırsız. İlk oyunda yaxından tanıdığınız rəqiblə səfər matçı barədə nələr deyə bilərsən?
- Bəli, ilk oyunu analiz etmişik. Çalışacağıq ki, cavab oyununda o səhvləri etməyək. Daha düzgün oynayaq.
- Hansı səhvləri?
- Düşünürəm ki, Bakıdakı oyunda baş məşqçinin tapşırıqların tam yerinə yetirə bilmədik. Belədə boşluqlar yaranırdı.
- Finlandiyadakı oyunda əsas təhlükə hardan gələ bilər?
- Cavab oyununda baş məşqçimizin tapşırıqları tam yerinə yetirilsə, bizim üçün problem olmayacaq. Düzdü, Bakıda qalib gəldik. Məncə, daha da yaxşı çıxış edə bilərdik. Çox ciddi rəqibdir. Çalışmalıyıq ki, kiçik epizodları onlara verməyək.
- Növbəti mərhələ şansın necə görürsən?
- Böyük inamım var ki, mərhələni keçən tərəf olacağıq. Sadəcə çox diqqətli olmalıyıq.
- “Rakuv”la oyundan sonra çox tənqid olundunuz. Son iki oyundakı qələbənizə əsasən təzyiqləri arxada qoyduğunuzu düşünmək olar?
- Təzyiq normal bir şeydir. Buna artıq alışmışıq. Hər kəs “Qarabağ”ın yaxşı nəticələrinə alışıb. Amma “Rakuv” zəif rəqib kimi görünməsin. Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Amma müəyyən təzyiq oldu, futbolçuların üzərinə gəldilər. Bu hallara çox rast gəlmişik. Yolumuza davam etməliyik.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin