Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, 8 çəki dərəcəsində millinin 18 cüdoçusu tatamiyə çıxıb.
Qızlar arasında 48 kq çəkidə Vüsalə Hacıyeva və 52 kq-da Xədicə Qədəşova bürünc medal qazanıblar.
Oğlanların yarışında 55 kq-da Azərbaycanın iki cüdoçusu Ayxan Mirzəzadə və Fərid Qarayev finalda qarşılaşıblar. Nəticədə Fərid Qarayev komanda yoldaşını məğlub edərək, birinci yeri tutub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçu Mirxaliq İskəndərov bürünc medala sahib olub.
60 kq çəkidə Məhəmməd Musayev və 66 kq-da Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin