İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Anmedia.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.
Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşacaq.
Ziya Babaşov (63 kq) ilk mərhələdə ukraynalı Oleq Xalilova (2:4), Xasay Həsənli (77 kq) isə türkiyəli Yüksel Sarıçiçeyə (1:3) məğlub olub.
Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.
Mübarizəyə 1/4 finaldan qoşulan Heybulla Qıstarov (130 kq) macar Adolf Başoyla bacarmayıb - 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcü Mate Qokadzeylə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, bu çəkilərdə həlledici görüşlər iyunun 28-də keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin