Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşları binaların həyətlərində xüsusi təyinatlı texnikanın hərəkətini məhdudlaşdırmağa yol verməməyə çağırıb.
Anmedia.az xəbər verir ki, bu barədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kapitan Nurlan Qədimov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə Nərimanov, Nizami və Xətai rayonu ərazisində metal dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yol və keçidlərin hərəkət hissəsi, eləcə də yanğın su mənbələrinə gedən yolların daraldılması və bağlanması aşkar edilib: "Aparılmış qanunamüvafiq tədbirlər nəticəsində operativ nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıran sözügedən maneələrin aidiyyəti müəssisələr tərəfindən demontaj edilərək ləğv olunur. Belə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Bir daha sakinlərdən xahiş edirik ki, xüsusi təyinatlı texnikanın hərəkətinin məhdudlaşmasına yol verməsinlər".
Qeyd edək ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin