Sumqayıt şəhərində yerləşən Qubadlı rayon, Əliquluuşağı kənd orta məktəbində 8 Noyabr - Zəfər Günü münasibətilə “Şanlı Zəfərimiz” adlı bayram tədbiri keçirilib.
Məktəbdən ANmedia.az-a verilən məlumata əsasən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, 44 günlük Vətən müharibəsində canlarını fəda edən müqəddəs ali şəhidliyə ucalan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən məktəbin direktoru Səma Rzayeva, Təlim-tərbiyə işləri üzrə müavin Şahmar Muxtarov, məktəbin müəllimləri Atlaz Əliyeva, Sitarə Babazadə, təhsil eksperti, pedaqoq Günel Şəmilzadə və Vətən müharibəsinin qaziləri Xəzər Abdullayev, Həsən Yaqubov unudulmaz Zəfər tarixini yazan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətindən və əzmindən, Vətən oğullarının igid və qəhrəmanlıqlarından, xalqımızın daima dəmir yumruq ətrafında birləşməsindən, 30 il həsrətində olduğumuz torpaqlarımızın 44 gündə işğaldan necə azad olunmasından, rəşadətli ordumuzun igidliyindən söz açıb, zəfəri bizə yaşadan şəhidlərimizə, qazilərimizə daim borclu olduğumuzu vurğulayıblar.
Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist Aydın Tağıyevin müəllifi olduğu ilk "Zəfər Marş"ı məktəblilər tərəfindən səsləndirilib. Məktəblilər Zəfər Gününə yazılmış şeir və mahnılarla, eləcə də Zəfər Gününə həsr edilmiş rəsm əsərlərilə tədbirdə çıxış edib, Vətən müharibəsinin qazilərinə suallar ünvanlayıblar.
Qarabağ Azərbaycandır!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin