Bu gün Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "TEKNOFEST-2022"nin açılışı olub.
ANmedia.az xəbər verir ki, festivalın açılışı Türkiyədə hər il avqustun 30-da qeyd olunan "Zəfər günü"nə həsr olunub. Sentyabrın 4-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edəcək.
Açılış mərasimində Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar çıxış edib. S. Bayraktar çıxışında Azərbaycanla bağlı bunları deyib: "Biz mübarizə apardıqca, irəlilədikcə gözəl vətənimizə və qardaş Azərbaycana, məzlumların yaşadığı bütün coğrafiyalara günəş ən isti, ən aydın halı ilə doğacaq. Bu yolda məğlub olmaq yoxdur".
Qeyd edək ki, builki "TEKNOFEST"də elm adamları, nazirlər, T3 Vəqfinin İdarə Heyətinin sədri Haluk Bayraktar və çox sayda qonaqlar iştirak edirlər. Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, media nümayəndələri və başqaları təmsil olunurlar.
Festival çərçivəsində təşkil olunan sərgilərdə, tədbirlərdə, həmçinin "Take Off" Beynəlxalq Startap Sammitində iştirak pulsuzdur və hər kəs üçün açıqdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin