Gənclik enerji, təşəbbüskarlıqdır, yaradıcılıq və yenilikçilik deməkdir. Azərbaycan xalqı tarixən gəncliyin enerjisindən, yaradıcılığından bəhrələnib, hətta, müəyyən zamanlarda öz nicat yolunu birbaşa gənc nəslin ziyasına, idarəetmə bacarığına, imanına həvalə edib. Və hər zaman gənclik də yaşlı nəsildən aldığı bu etimadı haqqıyla doğruldub, hər sahədə-istər mədəni-maarif, istər idman, istər idarəetmə sahəsində və digər sahələrdə xalqımızın tərəqqisinə öz müsbət töhfəsini verib.
Müstəqil və çağdaş Azərbaycanda uğurlu tarixi ənənələrə, ictimai və milli dəyərlərə, dövlətçilik maraqlarına, zamanın çağırışlarına, reallıqlara uyğun gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla, gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdırdı, demokratik inkişafı təmin etməklə, gəncliyin inkişafının ictimai-siyasi özüllərini möhkəmlədirdi. Bu konteksdə gənclərlə iş sahəsində vahid dövlət siyasəti reallaşdırılması məqsədilə, 1994-cü ilin 26 iyul tarixli fərmanı ilə Gənclər və idman nazirliyi yaradıldı. Ulu öndərin 1997-ci ilin bu günü imzaladığı fərmanı ilə Azərbaycan gəncləri günü elan edilməsi müdrik dövlət xadiminin Azərbaycan dövlətinin inkişafını Azərbaycan gəncliyinin inkişafında görməsinin bariz nümunəsi, əyani göstəricisi kimi qeyd edilə bilərik. Hər bir sahədə ümummilli liderin əsasını qoyduğu dövlət siyasətinin davamçısı kimi çıxış edən dövlət başçısı cənab İlham Əliyev 2007-ci ili “Gənclər ili” elan etməsi, bu istiqamətdə mühüm addımların atılması, çoxşaxəli tədbirlərin həyata keçirilməsi gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında aktiv iştirakçılığını təmin edən əsas faktorlardan biridir. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi əsasında həyata keçirilən layihələr, görülən işlər də fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşmasına, gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər əsasında yetişməsinə, müxtəlif sahələrdə böyük uğurlar qazanması və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməsinə fundamental töhfə olub, zəmin yaradıb.
Gənclər siyasətinin səmərəliliyinin artmasına böyük zəmin yaradan səbəblərdən biri olan və ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının bu sahədə əhəmiyyətli payı var. Dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi özlüyündə gəncliyimizə verilən böyük dəyərin ifadəsi və Azərbaycan gəncliyinin müasir tələblərə uyğun formada, davamlı inkişafına hesablanmış addım kimi qiymətləndirilməlidir. Əbəs yerə deyil ki, 2020-ci ildə Azərbaycan gəncliyi özünü sözün əsl mənasında və ən yaxşı, ən nümunəvi formada təsdiqlədi və öz mərdliyi, vətənə, dövlətə, bayrağa könül bağlılığı ilə, nəinki dostu və düşməni, eyni zamanda bütün dünyanı heyrətləndirdi. Vətən müharibəsində Azərbaycan gəncliyini, sanki, yenidən tanıdıq. Reallıq göstərdi ki, ötən dövr ərzində milli və genetik yaddaşımız qorunub saxlanılıb, gənclərimiz vətənpərvər ruhda təlim-tərbiyə alıb. Şübhəsizdir ki, Azərbaycan gəncləri böyük Zəfərin qazanılmasında əsas söz sahibi oldu. Azərbaycan gəncləri öz vətəni uğrunda düşmən üstünə gedərkən üç şərəfli addan birini qazanıb geri qayıtmağı düşünürdü: Şəhid, Qazi, Qalib! Vətən müharibəsi zamanı minlərlə gənc, könüllü şəkildə Ali Baş Komandanın çağırışına səs verdi və Vətənin müdafiəsinə qalxdı. Təsadüfi deyil ki, Vətən müharibəsi zamanı Şəhid olan 3000 yaxın Vətən oğlunun mütləq əksəriyyəti gənclik yaşında idi. Və inanırıq ki, onlar hər biri əbədi olaraq, gənclik yaşında Cənnət olacaqlar. Allah bütün Şəhidlərimizə rəhmət eyləyə!
Əlbəttə, o zaman, səfərbərliyə, ordu sıralarına cəlb olunmayan gənclərimiz də boş durmadı və arxa cəbhədə layiqincə təmsil olundular. Təkcə, Oğuz rayonundan gənclərimizin təşəbbüs və təşkilatçılığı ilə Vətən müharibəsi başlamazdan əvvəl başlayan cəbhəyə maddi və mənəvi yardım aksiyaları, Vətən müharibəsi zamanı daha geniş vüsət aldı. O zaman sədri olduğum Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının Gənclər Birliyinin gənc fəalları tərəfindən, ümumilikdə, istehkam qurğularının qurulması üçün 4 TIR təkər toplanılıb hərbi hissələrə çatdırıldı, oğuzluların ordumuza könüllü ianə etdiyi ərzaq, tibbi ləvazimat və digər zəruri vasitələr gənclərimiz tərəfindən bütün cəbhəboyu səngərlərdə əsgərlərimizə əlbəəl çatdırıldı.
İnanırıq ki, Azərbaycan gəncliyinin uğurları bundan sonar da artan dinamika ilə davam edəcək.
Fikrimin sonunda, 2 Fevral Azərbaycan gəncləri günü münasibətilə, bütün Azərbaycan gəncliyini təbrik edir və dövlətimizin, müstəqil ölkəmizin inkişafı naminə fəaliyyətlərində yeni-yeni nailliyyətlər arzulayıram.
Elşən Alcansoy
“Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsin Ümumi şöbə müdiri
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin