
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olub.
İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər bu məktəbdə təhsil alan Musibov həmin il Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.2011-ci ildən N saylı hərbi hissədə taqım komandiri olaraq xidmət edib. 2012 - ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursu keçib, Xüsusi Əməliyyət qrup komandiri vəzifəsində xidmət edib.
2012-2016-cı illər ərzində dəfələrlə döyüş tapşırığında iştrak edib. Hərbi hissədə və ordu arasında, xarici ordular arasında yarışlarda iştrak edib. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olaraq savaşıb. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. 2018 - ci ildə ordu arasında keçirilen kəşfiyyatçı qrup yarışında 1-ci yerə layiq görülüb. "Efes-2018" Xüsusi Təyinatlılar yarışında iştrak edib və 24 ölkə arasında qrup olaraq 1-lik əldə ediblər. Eyni ildə Xüsusi Əməliyyat taborunda əməlliyat zabiti olub. 2019-2020-ci illər ərzində Xüsusi Əməliyyat taborunun gərargah rəisi vəzifəsində vətənə xidmət edib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2019-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun kapitanı olan Veysəl Musibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Veysəl Musibov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Qubadlının azad olunmasına görə", 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Veysəl necə oğul idi? Onu insan kimi xarakterizə edəndə ilk olaraq hansı xüsusiyyətləri yada düşür?
-Veysəl çox sakit təbiətli, özünə güvənən, yardımsevər, qürurlu və çox diqqətli insan idi. O, təkcə ailəsinə deyil, ətrafındakı hər kəsə qarşı diqqətli davranırdı. Kiminsə bir problemi, ehtiyacı olanda əlindən gələn köməyi etməyə çalışırdı. Xidməti müddətində özünə böyük hörmət və nüfuz qazanmışdı. Onunla birlikdə xidmət edənlər onu çox hörmətlə xatırlayırlar. Veysəlin nömrəsi altı il ərzində bağlı qalmışdı. Mən nömrəsini bərpa etdirdim. Sonra Veysəllə bağlı paylaşımlar etdikcə gördüm ki, heç bir iş yoldaşı onun nömrəsini telefonundan silməyib. Paylaşımı görən kimi hamısı yazırdı. Bu, mənim üçün çox təsirli idi. Deməli, illər keçsə də, onunla birlikdə xidmət edən insanlar Veysəlin nömrəsini silməyiblər. Çünki həmin nömrə onlar üçün sadəcə bir telefon nömrəsi deyildi. O nömrənin arxasında bir insan, bir komandir, bir dost, bir silahdaş vardı.
Veysəlin ailəsinə, xüsusilə də uşaqlarına münasibəti necə idi?
-Vaxtı çox az idi. İşi ilə əlaqədar daim məşğul olurdu. Amma buna baxmayaraq, uşaqlarına çox vaxt ayırmağa çalışırdı. Onları özü oyadırdı, idman edirdi. Evin içində uşaqları ilə gizlənqaç oynayırdı. Uşaqları belinə mindirib evin içində gəzdirirdi. Uşaqlara qarşı çox diqqətcil idi. Ümumiyyətlə, özü də çox diqqətli insan idi. Amma uşaqlarına münasibəti tamam başqa idi. Onun ən böyük arzularından biri uşaqlarını yaxşı oxutmaq idi. İstəyirdi ki, uşaqları yaxşı təhsil alsınlar, yaxşı həyat yaşasınlar. Bir qədər pul yığmışdı. Deyirdi ki, evi təmir edim. Nilay məktəbəqədər təhsilə getsin. Özü də maşınla işə gedib-gəlsin. Uşaqlarını yaxşı şəraitdə böyütmək istəyirdi. Təəssüf ki, bunların heç biri ona qismət olmadı. Uşaqlarını məktəbə yola sala bilmədi...
Uşaqların Veysələ çox bağlı olduğunu dediniz...
- Çox bağlı idilər. Xüsusilə oğlu atasına çox bağlı idi. O vaxt oğlu çox balaca idi. Bacı-qardaş bütün günü birlikdə oynayırdılar. Ata işdən gələndə isə hər şey dəyişirdi. Deyirdilər: “Ataya yemək hazırlayaq”. Oğlu atasının maşınını sürürdü. Ata işə gedirdi, ata işdən gəlirdi. Uşaqların bütün günü ataları ilə bağlı idi. Oğlu hər şeydə atasını axtarırdı. Veysəl də uşaqlarına çox bağlı idi. İstəyirdi ki, onların hər istəyini imkan daxilində yerinə yetirsin, yaxşı həyat yaşatsın.
Veysəllə sonuncu dəfə nə vaxt danışdınız?
-Sonuncu dəfə onunla oktyabrın 4-də danışdım. Mənə dedi: “Narahat olma ana. Bir neçə gün mənim telefonuma zəng çatmayacaq. Zəng çatmasa, narahat olmayın. Yeməyiniz və başqa nəyinizsə qurtarsa, Səməndərə zəng vurarsınız. Səməndər sizə nə lazımdırsa alıb gətirəcək”. Səməndər onun iş yoldaşı idi. Aprel döyüşlərində də birlikdə olublar. Səməndər yaralananda Veysəl onu neçə kilometr yol öz üzərində daşıyıb. Qanaxması çox olmasın deyə onu özü aparıb. Sonradan Səməndərin ayağını amputasiya ediblər. İndi ayağı protezdir. Səməndər həmişə deyir: “Mən Veysəlin haqqını qaytara bilmədim”. Bu söz məni çox təsirləndirir. Çünki Veysəl onun üçün sadəcə iş yoldaşı deyildi. Ən yaxın dostlarından biri idi. Çətin gündə onu tək qoymamışdı.
Veysəlin şəhid olmasından əvvəl hər hansı bir işarə, hiss və ya yuxu görmüşdünüzmü?
-Həmin gün mən yuxuda qəribə bir şey görmüşdüm. Dua etmişdim. Yuxuda gördüm ki, Nilay mənə deyir: “Nənə, atanı Allah saxlasın”. Sonradan düşündüm ki, həmin gün tezdən Veysəl döyüşə gedirmiş... Yuxuda bir də gördüm ki, iki dənə ting gətirib. Deyir ki, “Bunu al qapının yanında əkək, göyərsin. Qəşəng alma gətirir, məhsuldardır”. Bu yuxu da mənim yaddaşımda çox dərin iz buraxıb.
Veysəllə bağlı bu gün sizi ən çox düşündürən məqam varmı?
-Veysələ Qurban demişdim. İndi düşünürəm ki, kaş onu Veysəl müharibədə olan vaxtı kəsəydim. Bəlkə də o zaman bu qədər ağır olmazdı. İnsan sonradan hər şeyi düşünür. Kaş belə edərdim, kaş belə deyərdim... Veysəllə bacısı çox yaxşı yola gedirdilər. Hamı onlara həsəd aparırdı. Deyirdilər ki, “Bu uşaqlar niyə bir-biri ilə heç dalaşmırlar?” İstər balaca vaxtlarında, istərsə də böyüyəndə münasibətləri çox yaxşı olub. Aralarında iki yaş fərq var. Bacısı böyükdür. Veysəl şəhid olduqdan sonra bacısı çox ağır travma aldı. Başında şiş yarandı, təzyiqi qalxır, belə narahatlıqları olur. Qardaşının itkisini çox ağır yaşadı.
Döyüş yoldaşları Veysəl haqqında nə danışırlar?
-Əslində, döyüş yoldaşları onun fəaliyyəti haqqında danışanda çox vaxt danışa bilmirlər. Sadəcə ağlayırlar. Çünki Veysəl haqqında danışmaq onlar üçün çox ağırdır. Bəzən bir insan haqqında çox söz deməyə ehtiyac olmur. Onunla bağlı bir xatirə danışırlar, sonra gözləri dolur. Onlar Veysəlin necə insan olduğunu öz gözləri ilə görüblər.
Veysəlin gündəlik həyatda hansı xüsusiyyətləri heç unudulmur? Nələri sevirdi?
-Xəmir xörəklərini çox xoşlayırdı. Pizza yeyirdi, düşbərəni sevirdi. Ballı tortu xüsusilə sevirdi. Ona görə də evə qonaq gələndə həmişə ballı tort hazırlayırdım. İndi baxıram ki, Veysəl nə yeyirdisə, oğlu da onu yeyir. Sanki atasından ona bir zövq, bir xatirə keçib. Veysəl istəyirdi ki, ailəsi yaxşı həyat yaşasın. Ev və maşın almaq üçün kredit götürmüşdü. Mən də ona bir qədər dəstək olmaq üçün işə başladım. Üç gün telefonlarımı açmadı. Mən də məcbur olub işdən ayrıldım. Bir dəfə ona dedim: “Sən çətinliklə mənə baxmısan. İndi mən sənə baxmayacağam?” Mən qab yuyurdum. Deyirdim ki, bilməz. Qızımın əkiz uşaqları olmuşdu. Veysəl ona da kömək edirdi. Ailəsinə, yaxınlarına kömək etməyi çox sevirdi.
Bəs özü kimdənsə kömək istəməyi sevirdimi?
-Yox, heç sevməzdi. Başqasından pul götürməyi xüsusilə istəməzdi. Bir dəfə pulqabısını oğurlamışdılar. Avtobusa verməyə pulu belə olmayıb. Mənə zəng etdi ki, “Mənə pul göndərə bilərsən?” Mən dedim: “Vasifə deyim, göndərsin”. Dedi: “Yox, Vasifə demə, ayıbdır”. Mən qardaşım oğluna deyim, ona pul versin dedim. Onu da istəmədi. Kiməsə kömək edəndə heç düşünməzdi. Amma kimsə ona kömək etmək istəyəndə bundan narahat olurdu. Başqasının yükünü çəkməyə hazır idi, amma öz yükünü heç kimin üzərinə qoymaq istəmirdi.
Onun komandirləri ilə münasibəti necə idi?
-Onun bir komandiri varmış. Veysəlin həyatını çox yaxşı bilirmiş. Bayram vaxtlarında həmişə əlində konfet və ya hansısa şirniyyat Veysəlin yanına gələr, ona verərmiş. Bir dəfə ondan soruşublar: “Komandir, siz Veysələ niyə belə çox diqqətlisiniz?” Deyib: “Siz bilmirsiniz, o, ata sevgisini çox yaşamayıb”. Bu söz mənim üçün çox ağır və mənalıdır. Bəlkə də Veysəlin uşaqlarına bu qədər bağlı olmasının səbəblərindən biri də elə bu idi. O, yaşaya bilmədiyi bəzi hissləri öz uşaqlarına yaşatmaq istəyirdi. Uşaqlarının ata sevgisindən məhrum olmamasını istəyirdi. Çünki Veysəlin atası çox erkən yaşda dünyasını dəyişmişdi. Mən onlara həm ata, həm də ana olmuşdum.
Veysəlin son döyüş yolu haqqında nə bilirsiniz?
-Veysəl Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ən çətin yolları keçmişdi. Murov dağını keçmişdi, Füzuli istiqamətində ağır döyüşlərdə iştirak etmişdi. Döyüşdən çıxanda belə ilk düşündüyü özü olmurdu. Hamını yönləndirirdi. Bir dəfə deyib: “Bax, onlar yuxarıdadır. Vura bilərlər”. Yəni daim ətrafındakıları düşünürdü. Kimin harada dayanacağını, təhlükənin haradan gələ biləcəyini nəzərə alırdı. Döyüş zamanı hamıya su verib. Özünün isə bir tikə çörəyi və bir parça əti varmış. Onu da döyüş yoldaşına verib. Döyüş yoldaşı deyir ki, “Mən onu tam yeyib qurtarmamışdım. Veysəl özü də su içməyə gedirdi...” Bu söz mənim üçün çox ağırdır. Çünki insanın əsl xarakteri ən çətin anda üzə çıxır. Veysəl isə ən ağır anlarda belə özünü yox, yanındakı insanı düşünürdü.
Sizcə, Veysəli bu qədər insanların yaddaşında yaşadan əsas xüsusiyyət nədir?
-Veysəl ailəsinə bağlı idi, uşaqlarını çox sevirdi. Dostlarına sədaqətli idi. Döyüş yoldaşlarını qoruyurdu. İnsanlara kömək edirdi. Özünə lazım olanı başqasına verirdi. O, heç vaxt kiminsə köməyinə möhtac olmaq istəməzdi, amma özü hər kəsə kömək etməyə hazır idi. İndi onun haqqında danışan döyüş yoldaşları ağlayırlar. İş yoldaşları illər keçməsinə baxmayaraq telefon nömrəsini silməyiblər. Onun adına məktəblərdə sinif otaqları yaradılıb, küçələrə adı verilib, büstü qoyulub, filmlər çəkilib. Bütün bunlar göstərir ki, Veysəl insanların yaddaşında yaşayır. Bəzi insanların nömrəsini telefondan silmək olar. Amma xatirəsini insanın qəlbindən silmək mümkün deyil. Veysəl də belə insanlardan idi. O, uşaqlarına yaxşı həyat yaşatmaq istəyirdi. Evini təmir etmək, maşın almaq, Nilayı məktəbəqədər təhsilə yola salmaq, uşaqlarını məktəbə yola salmaq istəyirdi. Arzuları vardı... Amma ömrü yarımçıq qaldı. İndi onun yarımçıq qalan arzularını uşaqları yaşadır. Veysəl özü həyatda olmasa da, onun adı, xatirəsi, sevgisi və yaxşılığı ailəsində, dostlarında, döyüş yoldaşlarında və onu tanıyan insanların yaddaşında yaşamaqda davam edir. Elə bilirəm, qapıdan girib içəri gələcək...
Veysəl necə şəhid oldu? Son döyüşü ilə bağlı sizə nə danışılıb?
-Veysəl su içmək istəyirmiş. Su içmək üçün gedəndə onu snayperlə vurublar. Güllə ona dəyib və Veysəl çırpılıb tut ağacına. Onun səsini Valeh adında döyüş yoldaşı eşidib. Valeh Veysəlin səsinə tərəf qalxıb gedəndə snayper gülləsi ona da dəyib. Güllə Valehin şah damarına dəyib və o da şəhid olub. Valeh də Vətən müharibəsi qəhrəmanıdır. Onlar Veysəllə birlikdə döyüşüblər. Birinin səsinə digərinin qalxması və onun da şəhid olması bizim üçün çox ağır hadisədir. Veysəl oktyabrın 7-də şəhid olub. Oktyabrın 8-də dəfn edildi.
Veysəlin şəhid olduğunu necə öyrəndiniz?
-Mən çox narahat idim. İçimdə qəribə bir narahatlıq vardı. Sonra qardaşım oğlu ilə gəlini bizə gəldilər. Oturdular, mənimlə söhbət etməyə başladılar. Ordan-burdan danışırdılar. Sonra dedilər ki, “Veysəl yaralanıb”. Amma sonradan Veysəlin şəhid olduğunu bildik. Veysəlin şəhid olduğunu biləndə bir həftə özümə gələ bilmədim. Elə quruyub qalmışdım. Heç nə edə bilmirdim. Sanki dünya dayanmışdı. Nə danışa bilirdim, nə də normal düşünə bilirdim. Sonra mənə yuxuda gördüklərimi də dedilər. Dedilər ki, Veysəl yuxuda iki uşağını mənə əmanət edib. Bu söz məni çox təsirləndirdi. Çünki Veysəlin ən böyük dərdi də uşaqları idi. Həmişə onları düşünürdü.
Veysəl sonuncu dəfə evdən çıxanda onun davranışında fərqli bir şey hiss etmişdinizmi?
-Mən axırıncı dəfə evdən çıxanda özümü çox narahat hiss etdim. Elə bil ürəyimə nəsə dammışdı. Ona görə də arxasınca qaçdım, pəncərədən baxdım. Elə gördüm ki, dönüb mənə baxır. O görüntü həmişə gözümün qarşısındadır. Sanki mənə son dəfə baxdı. Ayın 25-də uşaqları bir az gəzdirdi, sonra gəldi. Ayın 26-sı bizimlə görüşüb çıxdı. Saat 12-yə, 1-ə işləmiş olardı. Bizimlə, Nilayla, hamımızla görüşdü. Sonra yenidən qayıtdı, Nilayı bir də öpdü. Sonra mənimlə görüşdü. Həmişə etdiyi kimi iki yanağımdan da öpdü. Amma rəngi çox boğulmuşdu. Mən ona dedim: “Xəstələnmisən?” Dedi: “Yox, heç nə olmayıb.” Dedim: “Nə vaxt gələcəksən?” Dedi: “Torpaqları alandan sonra qayıdacağıq”. Bu sözləri deyib getdi. O, mənə mesaj da atmışdı. Amma mən mesajın nə demək olduğunu başa düşmədim. Telefonları da bağladılar. Biz heç nədən xəbər ala bilmədik. Nə baş verdiyini bilmirdik. Ta ki ilk şəhid xəbəri gələnə qədər... Çox şeyi bizdən gizlədirdi. Əsas uşaqları düşünürdü. Mən deyirdim: “Sən evdə tapılmırsan.” Deyirdi: “Narahat olma, tapılacağam”. Elə bil bizi sakitləşdirmək istəyirdi. Özünün nə yaşadığını, haraya getdiyini, qarşıda hansı təhlükələrin olduğunu danışmırdı. O, həmişə qabağa gedən idi. Mən ona görə narahat olurdum. Deyirdim ki, Veysəl heç vaxt özünü düşünmür. Çünki Veysəli tanıyırdım. O, doğrudan da həmişə qabaqda gedən idi. Başqasını qoruyurdu, özünü düşünmürdü. Bəzən elə bilirəm ki, indi qapıdan girəcək. Elə bil harasa gedib, yenə qayıdacaq. İnsan ağlı ilə bilir ki, yoxdur. Amma ürək bunu qəbul etmir. Şəhid olandan sonra Veysəl tez-tez yuxularıma girir. Heç nə demir. Sadəcə gülür. Mən nə vaxt narahat oluramsa, onu yuxumda görürəm. Həmişə qəşəng geyimli, səliqəli paltarda görürəm. Elə bil qarşıma gəlir və məni sakitləşdirmək istəyir. Axırıncı dəfə onu bağçada gördüm. Yanında bir şəhid yatırdı. Mənə dedi: “Bax, bura bizim çayxanamızdır. Biz həmişə hamımız burada yığışırıq, çay içirik. Narahat olma, hər şey yaxşıdır”. Bu yuxudan sonra bir qədər sakitləşdim. Sanki mənə demək istəyirdi ki, “Ana, narahat olma, mən yaxşıyam”. Bir dəfə Şəhidlər Xiyabanına getmişdim. Həddindən artıq narahat idim. İçim çox sıxılırdı. Birdən hiss etdim ki, sanki kimsə nəfəs alıb mənə yaxınlaşdı və əlini çiynimə qoydu. Çiynimdən basdı. Mən də çevrildim ki, görüm arxamda kimsə varmı? Amma gördüm ki, heç kim yoxdur. Ətrafıma baxdım, heç kim yox idi. Amma elə gözəl bir qoxu gəldi ki... O an məndə qəribə bir hiss yarandı. Sanki Veysəl yanımdaydı. Bəlkə insan övladını itirəndə onun yoxluğunu heç vaxt tam qəbul edə bilmir. Mən də bəzən onu yanımda hiss edirəm.
Uşaqların adgünü idi. Hamı orada idi. Mənə elə gəldi ki, Veysəl hardansa bizə baxır. Elə bil uşaqlarının sevincini o da görür. Çünki onun ən böyük arzusu uşaqlarını yaxşı böyütmək, yaxşı oxutmaq, onların yaxşı həyat yaşamasını görmək idi. İndi uşaqlar böyüyür. Amma ataları yanlarında yoxdur. Mən hər dəfə uşaqlara baxanda Veysəli görürəm. Onların hər bir hərəkətində ondan nəsə var. Bəzən bir sözləri, bir davranışları mənə Veysəli xatırladır. Veysəl həyatda olsaydı, uşaqlarının yanında olardı. Onları məktəbə aparardı, qarşılayardı, oynadardı, gəzdirərdi. İndi uşaqların anası Məryəm xanım onlara həm ata, həm də ana olub. İndi biz onun yoxluğunda uşaqlarını qorumağa, onun arzusunu yaşatmağa çalışırıq. Veysəl bizə iki uşağını əmanət edib. Mənim üçün bundan böyük əmanət yoxdur. O, döyüşə gedəndə öz həyatını Vətənə, uşaqlarını isə bizə əmanət etdi. İndi mən həm onun yoxluğu ilə yaşayıram, həm də onun bizə qoyub getdiyi əmanəti qorumağa çalışıram. Bəzən çox çətin olur. Amma uşaqlara baxanda düşünürəm ki, Veysəl istəyərdi onlar yaxşı yaşasınlar. Biz də onun istəyini həyata keçirmək üçün çalışırıq. Çünki Veysəl yoxdur, amma onun arzuları var. Onun uşaqları var. Onun adı var. Onun xatirəsi var. Və bütün bunlar yaşadıqca Veysəl də bizimlə yaşayacaq.
Veysəlin adı və xatirəsi bu gün necə yaşadılır?
-Onun adına filmlər çəkilib. Xırdalanda 5 nömrəli məktəbə Veysəlin adı verilib. Orada çox yaxşı bir direktor var. Veysəli tanıdır, onun adını yaşadır. Məktəbin həyətində onun büstü qoyulub. Xırdalanda onun adına bir neçə sinif otağı var. Naxçıvanda onun adına sinif otağı fəaliyyət göstərir. Küçə adı verilib. Sumqayıtda onun adına sinif otağı var. Bakıda 194 nömrəli məktəbdə də onun adına sinif otağı var. Bütün bunları görəndə düşünürəm ki, Veysəl təkcə bizim ailənin övladı deyil. O, artıq insanların yaddaşında yaşayan bir qəhrəman şəxsiyyətdir.
Fəridə Ağazadə
Jurnalist














Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








