Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransın məqsədini açıqlayıb
"Bu gün Şuşa nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın diplomatik mərkəzlərindən, paytaxtlarından birinə çevrilməkdədir. Konfransın da əsas mahiyyəti diplomatik korpusun nümayəndələrini Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma və rekonstruksiya layihələri barədə yerində məlumatlandırmaqdır".
ANmedia.az “Report”un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, səfirlik əməkdaşları, hərbi attaşelər, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələri, həmçinin Azərbaycanda qeyri-rezident əsasda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir: “Bura xüsusən Ankara, Tehran və Moskva şəhərlərindən gəlmiş səfirlər, diplomatik nümayəndələr daxildir. Diplomatik korpusun bütövlükdə 180-ə yaxın nümayəndəsi bu tədbirdə iştirak edir. Diplomatik korpus nümayəndələri mütəmadi olaraq Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə görülən işlər haqda məlumat almaqda çox maraqlıdırlar. Ona görə də, bu konfransda ilk növbədə Azərbaycan tərəfindən regionda sülhün gücləndirilməsi və ölkəmizin həyata keçirdiyi sülh gündəliyi barədə diplomatik korpus nümayəndələrinə məlumat vermək əsas hədəflərimizdən biri idi. Prezidentin Basqalda Azərbaycan mediasına verdiyi müsahibə əsasında ölkəmizin regional sülh gündəliyinin təfərrüatı barədə geniş məlumatlar çatdırıldı, vacib məqamlara və tezislərə toxunuldu. Bu xüsusda dövlət başçısının qoyduğu xüsusi tapşırıq və tezislərdən irəli gələrək diplomatik korpus məlumatlandırıldı".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin