Günbəgün artan stressli həyat tərzi, normadan artıq fiziki yüklənmələr və texnoloji inkişafdan dolayı passivləşən həyat tərzi insanlarda sağlamlıq problemlərinin yaranmasını daha da sürətləndirir. Son iki il ərzində dünyada baş verən COVİD -19 pandemiyası böhranı insanlarda xəstəliklərlə bağlı həssaslıq göstəricisini artırıb. Bu göstərici özünü ən çox erkən yaşda başlayan ürəyin işemik xəstəliklərində biruzə verdi.
Dünyada ölüm səbəblərinin ən geniş yayılmış forması miokard və infarkt olaraq göstərilir. Statistik araşdırmaya əsasən 2020-ci ilin mart və 2022-ci ilin avqust ayları arasında ürək xəstəliyi ilə bağlı 30 000-dən çox ölüm qeydə alınıb ki, bu da gözlənilən ölüm nisbətindən həftədə orta hesabla 230-dan çoxdur.
ANmedia.az-ın müsahibi tanınmış invaziv kardioloq Vüsal Sayılovdur. O, Azərbaycan Tibb Universitetində təhsil alıb. Öz sahəsi üzrə bir çox yerli və beynəlxalq tibbi təlimlər, eləcə də konfranslarda iştirak edib. Hazırda “Kəpəz” klinikasında invaziv kardioloq vəzifəsində çalışır. Doktorla aktual ürək problemlərindən danışmışıq.
Müsahibəni təqdim edirik:
- Doktor, insanlar arasında ən çox yayılan ürək xəstəliklərinə başlıca təsir edən amillər hansılardı?
- Həyat tərzinin müxtəlifliyi insanlarda xüsusi immunitet yaradır. Hər kəs özünəməxsus rejimlə sağlamlığının qeydinə qalır. Lakin bəzi hallar var ki, onlar diqqətdən yayındıqda ciddi xəstəliklərə səbəb olur. Bunlara qeyri-aktiv həyat tərzi, düzgün qidalanmamaq, yuxu pozğunluğu, artıq çəki və piylənmə, pis vərdişlərə aludəçilikdir.
- Ürək müayinəsi zamanı ən çox hansı narahatlıqlar ortaya çıxır və necə müalicə olunur?
- Bir çox hallarda pasiyentlərdə psixoloji gərginlikdən yaranan yüngül simptomlar özünü göstərir. Bu vəziyyətlərdə əsasən, təngənəfəslik və ya sinədə qısamüddətli sıxılmalar baş verir. Əgər müayinə zamanı pasiyentdə xüsusi narahatlıq doğuran nüans yoxdursa, onunla psixoloji söhbət aparılır. Stressli və gərgin iş rejiminin yükünü azaldılması, sağlam qidalanma və yuxu rejimi ilə bağlı məsləhətlər verilir, narahatlıqları aradan qaldırmaq üçün müalicəvi preparatlar yazılır. Əgər pasiyentdə həyati risk göstəriciləri varsa, əməliyyat qərarı verilir.
- Ən çox rat gəlinən ürək xəstəlikləri miokard infarktı nədir?
- Ürəyi qidalandıran damarlardan birinin tutulması nəticəsində ürəyə gedən qanın və oksigenin kəsilməsi fonunda ürək toxumalarının işemiyası və ya nekrozudur. Bunun nəticəsində müxtəlif ürək çatışmazlığı, ölümcül aritmiyalar əmələ gələ bilər və xəstə həyatını itirə bilər.
- Miokard infarktı necə yaranır və əsas risk faktorları hansılardır?
- Ürək sağlamlığına təsir edən əsas iki risk faktoru mövcuddur. Birincisi pasiyentin həyat tərzindən dolayı yaranan xolesterinin yüksək olması, qaraciyər və ürəyin piylənməsi, artıq çəki və şəkərli diabetdir. Bu risk faktorlarını mütəmadi həkim nəzarətində olmaqla dərman preparatlarının qəbulu ilə aradan qaldırmaq mümkündür. İkincisi isə genetik faktordur. Əgər pasiyentin ailəsində ürək xəstəlikləri geniş vüsət alıbsa və yaxın ailə üzvləri gənc yaşda ürək problemlərindən dünyasını dəyişibsə, təsir qüvvəsi var. Bu faktoru müalicə üsulu ilə aradan qaldırmaq mümkün deyil. Bu tip pasiyentlər dami həkim nəzarətində olur və həyati risk artdıqda əməliyyatla müdaxilə olunur.
- İnfarkt olma ehtimalı olan insanların əsas şikayətləri hansılardı?
- Bəzən pasiyentlərdə heç bir şikayət olmur, ürək tutmaları ani və kəskin başlayır. Bəzi passientlərdə isə əsasən sinədə göynəmə, qolda, kürək nahiyəsində sancılar, çənənin sol tərəfində, üz nahiyyəsində keyimə və gəzərkən kəskin nəfəs darlığı ürək qan damarlarında dəyişikliyin ilk göstəriciləridir.
- Ani ürək tutmaları zamanı insana ilk tibbi yardım necə göstərilməlidir?
- Əvvəla həmin şəxsi olduğu yerdən tərpətmək olmaz, onu həyəcanlandıracaq mühit yaratmamalıyıq. Ürəyi tutan adamı yerə yatırmaq və ayaqlarını hündürə qaldırmaq, varsa, aspirin vermək lazımdır. Hər ehtimala qarşı, hər kəs bu vəziyyətlərdə tədbirli və məlumatlı olmalıdır.
- Əgər kimsə kardioloqa müraciət edirsə, ilkin olaraq hansı müayinələr məsləhət görülür?
- Öncə pasiyent exokardioqrafiyaya göndərilir. Bu, anadangəlmə və sonradan qazanılma ürək qüsurları haqqında ən dəqiq və eyni zamanda qeyri-invaziv müayinə üsulu hesab edilir. Əgər pasiyentin müayinəsində hər hansı ciddi bir dəyişiklik baş veribsə, ürək damarlarında tutulmalara şübhə varsa, o zaman angioqrafiya müayinəsi tələb olunur və nəticəyə əsasən xəstəyə ilkin yardım göstərilir.
- Doktor, koronar angioqrafiya necə tətbiq olunur?
- Şəxs müayinə olunduqdan sonra əməliyyat üçün hazırlanır. Əvvəlcə istifadə ediləcək sahə yerli keyləşdirmə ilə keyləşdirilir və xəstənin ağrı hiss etməməsi təmin edilir. Bu, ağrısız və problemsiz bir prosedurdur, əməliyyat əsasən damar quruluşlarına görə 20-40 dəqiqə arasında dəyişir.
- Koronar angioqrafiya əməliyyatı əsasən hansı nahiyələrdən tətbiq olunur?
- Koronar angioqrafiya yuxarı və ya aşağı ətrafdakı böyük arteriyalar istifadə edilməklə icra edilir. Bu nahiyyələr əsasən sağ və sol bilək, yaxud qasıq nahiyyəsidir. Koronar angioqrafiyada damarın zədələnməsinə səbəb olmayan və xüsusi materiallardan hazırlanmış nazik borulardan istifadə olunur.
Jurnalist: Günel Şəmilzadə
Fotojurnalist: Pəri Arifqızı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin