
Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Babayev Vüqar İlham oğlu 2001-ci il iyulun 4-də Bakı şəhəri, Xətai rayonunda anadan olub.
Hələ5 yaşında anasına “Mən şəhid olacağam” deyən Vüqar 18 yaşı tamam olan kimi hərbi xidmətə yollanmışı. O, getməzdən əvvəl dostlarından, ətrafındakı hər kəsdən halallıq alaraq, "mənimlə fəxr edəcəksiniz" deyib.
Azərbaycan Ordusunun çavuşu kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Vüqar Babayev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə əsgər Vüqar Babayev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və III dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.
Şəhid Vüqar Babayevin ailəsi ilə müsahibə
Ötən gün Şəhid Vüqar İlham oğlu Babayevin ailəsini ziyarət etdim. Evdən çıxarkən qəlbimdə qəribə bir duyğu vardı — sanki müqəddəs bir missiyanın arxasınca gedirdim. Daxilimdə bir sükut, bir məsuliyyət hissi vardı. Bilirdim ki, bu görüşdə hər sualım, hər kəlməm ölçülü-biçili olmalıdır.
Müsahibə saat 14:00 da təyin olunmuşdu, amma evdən bir qədər tez çıxdığım üçün şəhidimizin ailəsinin yaşadığı İnqilab İsmayılov küçəsi, 18 ünvanına vaxtından öncə çatdım. Taksidən düşüb binanın qarşısında dayananda gözlərim ilk olaraq Vüqarın şəklinə sataşdı. Bir anlıq ayaq saxladım. Şəklin baxışlarında həm gənclik işığı, həm də əbədiyyətin dərin sükutu vardı.
Saatın 14:00 olmasına hələ iyirmi dəqiqə qaldığı üçün binanın həyətinə tərəf yönəldim. Həyətdəki “bisetkanın” yanında üzü gülər bir xanımın samovar qaynatdığını gördüm. Şəhər mühitində çox az rast gəlinən bu mənzərə ruhumu isindirdi. Yaxınlaşıb salam verdim və xanımın adını soruşdum. Züriyyə deyə-xanım cavab verdi. Mehribanlıqla “Qızım, nə işlə məşğulsan, nə yaxşı gəlmisən?” — deyə soruşdu.
Gülümsəyərək cavab verdim:
- “Mən “Vətən” layihəsinin jurnalistiyəm, şəhid Vüqar Babayevin ailəsi ilə müsahibəyə gəlmişəm.”
Bu sözlərdən sonra Züriyyə xanımın gözləri doldu. Kövrək səslə dedi:
- “Qızım, o elə bir oğul idi ki, məhləmizdə, binamızda, onu tanıyan hər kəsin qəlbində iz qoyub. Hamıya kömək edərdi, heç kəsi yarı yolda qoymazdı. Elə oğul çox az olur... Onun yoxluğu hər gün hiss olunur. Allah ruhunu şad eləsin”.
Züriyyə xanım danışdıqca sanki sözləri mənim qəlbimə dolurdu. Qəhərdən danışa bilmirdim, gözlərim yaşarmışdı. O an özümü o məhəllənin bir sakini kimi hiss etdim -sanki illərdir bu həyətin havasını udurmuşam.
Elə bu zaman binanın girişindən Şəhidimizin anası Sevil xanım göründü. Təsadüfən həyətdə qarşılaşdıq. Bir-birimizi bərk-bərk qucaqladıq. Hər ikimizin gözləri yaşlı idi. Heç bir söz danışmadan o anın dərinliyində bir ana həsrətinin, bir Vətən övladının əzizliyini hiss edirdim.
Qapıdan içəri keçəndə evin hər küncündə Vüqarın izləri vardı. Divarda sıralanan şəkillər, medallar, üçrəngli bayrağımızın üzərindəki o gülümsəyən şəkil... sanki Vüqarın ruhu məni salamlayırdı. Qapı aralığından sərin meh əsdi, albomlardakı şəkillər sanki dillənib bizimlə danışırdı.
Beləcə, şəhidimizin əziz anası Sevil xanım ilə səmimi və duyğulu bir söhbətə başladıq...
“Ana, mən şəhid olacağam, sənin başını uca edəcəyəm…”
Şəhid Vüqar Babayevin Anası Sevil Babayeva DANIŞIR
Bakıxanov qəsəbəsinin bir köhnə məhəlləsində, illərin izini üzərində daşıyan bir “obşitel”. Buranın hər küncündə bir xatirə, bir nəfəs, bir dua gizlənib. Elə bu evdə böyüyüb Vüqar — cəsarəti ilə həm ailəsinin, həm də Vətənin ümidinə çevrilən bir oğul.
Anası Sevil xanım danışarkən səsi həm titrəyir, həm də qürurla dolur:
İki körpə uşağımla və xəstə yoldaşımla birlikdə Bakıxanov qəsəbəsində yaşayırdıq. Həyat çox çətin idi. Yoldaşım işləyə bilmirdi, ailəni mən dolandırırdım. Özüm xadimə işləyirdim. İşə gedəndə uşaqları qonşuya qoyurdum. Vüqar hələ 1 yaşında idi, baxçaya qoyduq. 5 yaşında məktəbə başladı. Maddi çətinliklər onların yoluna çox maneələr çıxarsa da, Vüqar heç vaxt təhsildən, əxlaqdan, qayğıkeşlikdən uzaqlaşmadı. Müəllimləri onu çox sevirdi. Heç vaxt müəllim tuta bilmədim, hazırlığa da göndərə bilmədim. Amma məktəbdə əla oxuyurdu. Deyirdi: “Ana, sən işləməyəcəksən, böyüyüm, mən baxacam sənə”.
Vüqarın arzusu polis olmaq idi. Dayısının hərbçi olması onu daha da ruhlandırırdı. Amma bu uşağın qəlbində daha dərin bir hiss vardı — şəhidlik sevgisi. “Bir gün 5 yaşı olanda yanıma gəlib dedi: ‘Ana, mən şəhid olacam. Sənin başını uca edəcəyəm.’ Qorxdum, dedim, elə demə oğlum! Amma o, o sözü qəlbində daşıdı…”
Həyat onları sınaqlardan keçirdi. Bir gün Sevil xanımın halı işdə pisləşir, evə gətirilir. Vüqar onu o halda görəndə göz yaşlarını saxlaya bilmir: “Diz çöküb yalvarırdı həkimə: ‘Anamı sağaldın, anam olmasa biz yetim qalarıq!’”
Balaca yaşında böyük ürək daşıyırdı o. Vüqarın ən sevdiyi yemək yarpaq dolması idi. Amma çox vaxt evdə imkan olmazdı. Bir gün dedi ki: “Ana, mən işləyəcəm, evə lazım olan şeyləri alacam.”
Vüqar gedib 24-cü mərtəbədə təmizlik işi görüb 50 manat qazanır. O pulu gətirib anasına verir. Sevil xanım o günü unuda bilmir:
“Dedim, oğlum, bir daha belə risk etmə. Amma o qazandığı pulla istədiyi şeyləri alıb bizi sevindirdi”. Vüqar dördüncü sinifdən oruc tuturdu. İmanı möhkəm, qəlbi pak idi. 17 yaşında isə ən böyük arzusu – Kərbalaya ziyarət – həyata keçdi. 300 manat maaş alırdım. Amma o pulu yığıb onu Kərbalaya göndərdim. O səfərdən qayıdanda daha dərin, daha düşüncəli idi”. Müharibə başlayanda Vüqar 2 ay 10 günün əsgəri idi. Komandirini xilas etməyə çalışarkən şəhid oldu. Oğlum 5 yaşında nə dedisə, onu 19 yaşında yerinə yetirdi. Mənim balam şəhidlik zirvəsinə ucaldı. Balam 19 ilə bir ömürlük igidlik sığdırdı. Cəbhədə heç nədən qorxmadı, döyüş yoldaşlarına ruh Verdi. Deyirdilər ki, “Vüqar döyüşə çıxanda sanki ölüm ondan qorxurdu”.
Hər dəfə adını eşidəndə sinəmə bir yanğı, gözlərimə bir işıq qonur. O təkcə mənim deyil, bütün Vətənin oğludur. Əllərim onun saçlarını oxşaya bilmir, amma hər səhər dua edərkən ruhunu hiss edirəm. Mənim balam, mənim fəxrimdir…o, bu, torpağın bağrına əbədi yazılıb.
Bu sözləri deyərkən Sevil xanımın gözləri dolur, amma səsində qürur var. O, oğlunun şəhidliyinə ağlamır – fəxr edir.
Çünki Vüqarın ömrü qısa olsa da, bir Vətən qədər uca, bir ana duası qədər müqəddəs idi. Çünki o, Vətənin vüqarlı oğlu idi.
Şəhid Vüqar Babayevin qardaşı İlqar Babayev qardaşını xatırlayarkən titrək səsində həm fəxarət, həm də kədər doludur:
-Vüqarla aramızda 7 yaş fərq var idi, amma mən onu hər zaman böyük qardaşım kimi görmüşəm. Çünki o, yaşına baxmayaraq, hər zaman yetkin davranar, arxamda dağ kimi dayanar, məni qoruyardı. Heç yadımdan çıxmaz, bir dəfə gecə vaxtı işləyirdim, sürücü idim o zaman. Sözüm bir nəfərlə tərs gəldi, o da öz böyük qardaşına zəng vurdu. Mən də tərəddüd etmədən Vüqara zəng etdim. Sakitcə, amma mərdliklə iki kəlmə danışdı və məsələ elə oradaca həll olundu. O an anladım ki, Vüqar təkcə mənim deyil, hər kəsin arxası, dayağı idi.
Vüqar hamı üçün vətənin vüqarlı oğlu idi. Cəmi 2 ay 10 günün əsgəri olsa da, qısa xidmət müddətində elə bir qəhrəmanlıq göstərdi ki, adı əbədi olaraq şəhidlik zirvəsinə yazıldı. Biz həm qardaş, həm də sirdaş idik. Aramızda heç bir gizli söz qalmazdı — arzularımızı, istəklərimizi, həyatla bağlı bütün düşüncələrimizi bir-birimizlə bölüşərdik.
Generalımız Polad Həşimov şəhid olanda Vüqar çox sarsılmışdı. Deyirdi ki, “gedək biz də vuruşaq, torpaqlarımızı azad edək”. İçində vətən sevgisi o qədər böyük idi ki, bu sevgiylə yaşadı, bu sevgi uğrunda da canını verdi.
Taleyin qəribə bir yazısı var idi — Vüqarla eyni gündə onun yanında xidmət edən başqa bir Vüqar adlı əsgər də şəhid olmuşdu. İkisi də komandirlərini xilas edərkən düşmən gülləsinə tuş gəlmişdilər.
Sonuncu dəfə sentyabrın 31-i danışdıq. Dedi ki, “vəziyyət bir az gərgindir, çox danışa bilmirəm”. Mən isə ona dedim: “Vüqar, sən bilirsən ki, anamız təkdi, diqqətli ol”. “Yaxşı,” — deyib telefonu söndürdü. O gecə içimdə qəribə bir narahatlıq vardı, sanki ürəyimə dammışdı. Səhəri gün nə qədər əlaqə saxlamağa çalışdıq, alınmadı. Ayın 1-i günü isə xəbər gəldi — Vüqar şəhid olub...
İnanmaq çətin idi. Amma onun şəhidliyi bizim üçün həm kədər, həm də fəxarət idi. Vüqar igidliyinə görə II Fəxri Xiyabanda dəfn olundu. O, uşaq yaşlarından şəhid olmağı arzulayırdı və bu arzusuna da qovuşdu — vətən torpağı uğrunda canını fəda edərək əbədiyyətə qovuşdu”.
Müsahibəni yekunlaşdırdım… Sanki evdən yox, bir məbədin qapısından çıxıram. Bu evdə hər küncdə Vüqarın nəfəsi, hər baxışda onun izi var idi. Anasının gözlərində həm qürur, həm həsrət oxunurdu — amma o həsrət belə şəhid anasına yaraşan bir məğrurluqla gizlənmişdi. Qapıdan addım atarkən ürəyimdə qəribə bir sükut var — sanki şəhidin ruhu pıçıltı ilə deyir: “Yaz, amma unutma… mənim hekayəm yalnız ölümüm deyil, yaşadığım qəhrəmanlıqdır”.
İndi bu evdən ayrılıram, amma ruhən hələ də oradayam — Vüqarın uşaqlıq xatirələrinin, anasının dualarının, vətən sevgisinin arasında...
Fəridə Ağazadə
Jurnalist











LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








