
Aydın Tağıyevin müəllifi olduğu «Vətən» layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Həmid Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri, Xətai rayonu, 88 saylı orta məktəbə daxil olmuş və 8-ci sinfə qədər burada təhsil almışdır. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2007-ci ildə isə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. 2011-ci ildə həmin məktəbi «Qoşun Kəşfiyyatı» ixtisası üzrə bitirərək «leytenant» rütbəsini almışdır.
Daha sonra, Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən, xidmətini davam etdirmək məqsədilə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Zabit ixtisas kursuna göndərilmişdir. Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci ildən 24 iyun 2012-ci ilədək TTM-də kəşfiyyatçı tağım komandiri kursunda təhsil almışdır. Ailəli idi və Cabbar və Hüseyn adlı iki oğlu, Zeynəb adlı bir qızı yadigar qalmışdır.
2012-ci ildə Həmid Cəfərli N saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün Tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildə hərbi hissə komandiri tərəfindən döyüş və ictimai hazırlıqda, nizam-intizam sahəsində yüksək nailiyyətlərinə görə fəxri fərman və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)» yubiley medalı ilə təltif edilmiş, «baş leytenant» rütbəsini almışdır.
2015-ci ildə Qazax rayonundakı N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin olunmuş, 2016-cı ildə xüsusi xidmətlərə görə vaxtından əvvəl «kapitan» rütbəsi almışdır. 2017-ci ildə isə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə komandir müavini vəzifəsinə gətirilmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Həmid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Cəfərli oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra «Cəsur döyüşçü» medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra III dərəcəli «Rəşadət» ordeni ilə təltif edilib.
Üzündə həm qürur, həm də həsrət izləri olan Zenfurə ana ilə söhbətə başlayırıq. Gözlərində həm oğlunun yoxluğu ilə yaranan kədəri, həm də onun qəhrəmanlığı ilə qüruru oxumaq mümkündür. Bu müsahibə yalnız sözdən ibarət deyil, Zenfurə ananın ürəyindən gələn bir dua və eyni zamanda Həmidin ruhuna bir ehtiram idi. Şəhidimizin anasının ilk cümləsi isə belə oldu: Allah sanki Həmid balamı seçib bizə göndərmişdi.
— Həmid, ailəmizin ortancıl övladı idi. O doqquz aylığından həm yeriyir, həm də dil açırdı. Böyüdükcə daha da hərəkətli, daha da qeyri-adi bir uşaq oldu. Birinci sinifdə oxuyanda artıq şifahi 50-dən çox şeir bilirdi. Onun zəkası, dünyagörüşü və yaddaşı həmyaşıdlarından açıq şəkildə fərqlənirdi. Məktəbdə müəllimləri və sinif yoldaşları Həmidi ürəkdən sevirdilər. Digər valideynləri adla çağıran müəllimlər mənə isə «Həmidin anası» deyə müraciət edirdilər. Çünki balaca yaşlarından Həmid məktəbdə həm davranışı, həm də savadı ilə nümunə ola bilmişdi. Dördüncü sinfə qədər əlaçı oldu, şəkli daim məktəbin şərəf lövhəsində asılırdı.
20 Yanvar faciəsi zamanı Həmid hələ balaca idi. Siniflərində Gülnar adlı bir qız var idi ki, onun anası həmin qanlı hadisələr zamanı şəhid olmuşdu. Bütün valideynlərə təklif etdim ki, bayram günlərində Gülnara anasızlığı hiss etdirməyək — ona ən gözəl hədiyyələri, paltarları alaq. Həmin məqamda bu söhbətləri Həmid də eşidirdi. Bir gün müəllimə mənə dedi ki, bu təşəbbüsə görə bizə xüsusi rəğbət bəsləyir. O, Həmidin bu qədər həssas, mərhəmətli və fədakar olmasının ailə tərbiyəsindən qaynaqlandığını vurğuladı. Hətta 5–6-cı siniflərdə oxuyanda belə Həmid sinif yoldaşlarını qoruyar, onlara sinif və ev tapşırıqlarında yardım edərdi.
Artıq Həmid 8-ci sinfə çatanda bizə bildirdi ki, o, mütləq Naxçıvanski adına Hərbi Liseydə oxumaq istəyir. Hətta israrla hərbçi olacağını və bu müqəddəs yolu axıra qədər gedəcəyini dedi. Bir dəfə də olsun fikrindən dönmədi və nəhayət, arzusuna çataraq liseyə qəbul olundu. O, savadına, əqidəsinə və məqsədinə həmişə arxayın idi. Çox təmkinli, mədəni, savadlı və təşkilatçılığı sevən bir oğul idi. Məktəbdə «Həmid» deyəndə hamı onu tanıyırdı. Hər kəs onun fərqli bir insan olduğunu deyirdi. 120 nəfərlik kollektivin içində Həmid həmişə seçilirdi.
Kimsənin valideyni rəhmətə gedəndə və ya kiminsə həyatında bir sıxıntı yarananda dərhal təşəbbüs göstərən də məhz Həmid olurdu. O, həm mənəvi, həm də maddi dəstəyini əsirgəmirdi. Hər zaman öz sinəsini qabağa verirdi.
— Həmid əsgərlərinə də ata qayğısı ilə yanaşırdı:
Əgər bir əsgər xəstələnsə və ya hər hansı bir problemi olsa, dərhal özü maraqlanar, lazımi müalicəni etdirmək üçün əlindən gələni edərdi. Əsgərlərə öz övladı kimi baxırdı. Hər zaman deyirdi: «Valideynlər öz övladlarını bizə etibar ediblər, biz isə onlara göz bəbəyimiz kimi baxmalıyıq.»
Sonra Həmid Daşkəsəndə xidmətini davam etdirdi. Orada da çox böyük hörmət sahibi olmuşdu. Daha sonra Beyləqan rayonuna təyinat aldı. Burada da savadı, mərhəməti, geniş dünyagörüşü, insanlara olan qayğısı və davranışları ilə böyük nüfuz qazandı. Həmid hər şeyi incəliklərinə qədər düşünən, kimsəni incitmək istəməyən bir insan idi. Fikirlərini həmişə təmkinlə, səbrlə izah edirdi. Müharibə elə bir yerdir ki, oradan kiminsə sağ çıxacağına heç vaxt əvvəlcədən zəmanət verilmir. Həmid isə hərbçi olmaqla bu yolun bütün çətinliklərini, bütün risklərini gözə almışdı.
Zenfurə ana Həmidin arzularından danışarkən gözləri dolur, səsi titrəyir:
»Beyləqanda olanda həmişə deyirdi ki, ‘oğlum Cabbarı göndərəcəm yanına, sən onu oxudarsan’. Mən isə cavab verirdim ki, övladınızı özünüz oxutsanız daha yaxşı olar. O isə gülümsəyərək deyirdi: ‘Ana, sən bizi necə gözəl oxutdun, elmli, savadlı böyütdün. Mənim uşaqlarımı da sən oxudacaqsan’. Bəzən də fikrə gedib deyirdi: ‘Bir zaman gələcək, sən fəxr edəcəksən ki, mən Şəhid anasıyam’. Mən etiraz edirdim ki, ay bala, niyə belə söz deyirsən? Sanki ürəyinə dammışdı balamın aqibəti. ‘Ana, sən bilirsən necə uca bir zirvədir?’ — deyirdi. Həmid şəhid olandan sonra insan bu sözlərin nə demək olduğunu anlayır».
Zenfurə ana danışdıqca Həmidin qəhrəmanlığı bütün çalarları ilə göz önündə canlanır:
»Həmid döyüşə girəndə taborundakı hərbçilərə deyibmiş ki, ‘əgər mən şəhid olsam, mənim nəşimdən belə istifadə edin; döyüşün ən ağır anı ola bilər, nəşimi qabağa tutun, heç olmasa biriniz sağ qalarsınız’. Kəşfiyyatçı idi — sanki o müharibəni əvvəldən axıra qədər yaşamış və yenidən doğulmuşdu. Döyüş yoldaşları danışır ki, Həmidin elə güclü döyüş taktikaları vardı ki, ən çıxılmaz anlarda belə elə bir fikir yürüdürdü, elə bir addım atırdı ki, bütün taboru xilas edirdi. Bunları sözlə ifadə etmək çox çətindir».
Zenfurə ana həmin ağır günlərin bir səhnəsini sanki yenidən yaşayır:
»Cəbrayılın Nüzgar kəndində ən çətin döyüşlərin getdiyi vaxt üç gün mühasirədə qalıblar. Düşmən onların bütün ehtiyatını vurub. İnsan neçə gün susuz qalar? Əsgərlər 3-4 gündür ki, susuz idilər. Həmin an Həmid deyib ki, ‘düşmən bizim susuzluğumuzdan, aclığımızdan istifadə edib əsir götürməsin; heç kim əsir düşməyəcək, biz heç bir şəhidimizi belə əsir qoymayacağıq’. Sonra BTR tipli maşına yaxınlaşıb. Orada antifriz olmalı idi, amma Allahın bir möcüzəsi kimi su ilə dolu olub. Açıb görüb ki, içməli sudur. Əlindəki bütün butulkaları doldurub, sonra da əsgərlərə butulkaların qapağı ilə su verib. ‘Suyu udmayın, yalnız ağzınızda saxlayın, susuzluğu bu şəkildə azaldın’ — deyib. Düşmən isə Azərbaycan dilində danışaraq onları aldadıb əsir götürmək üçün çağırırmış. Amma Həmid onların erməni olduğunu dərhal anlayıb, heç kimə yaxınlaşmağa icazə verməyib. Özü sürünə-sürünə hündür bir yer tapıb, snayperlə onları müşahidə edib və həmin anda atəş açaraq düşməni zərərsizləşdirib. Onun vurduğu səngərdə 20-dən çox erməni olub. Həmidin kəşfiyyatçı iti zəkası, cəsarəti və təmkini bütün taboru xilas edib».
Zenfurə ana o günlərin daha bir şahidini xatırlayır:
»Mayor Şirinov danışırdı ki, Həmid tək-tək 100-dən çox ermənini məhv etmişdi. Erməniləri sıradan çıxardıqdan sonra Azərbaycan bayrağını Nüzgar kəndinə sancıb. Deyərdim ki, Qarabağın qapısı olan Cəbrayılda 44 günlük Vətən müharibəsində ilk bayraq sancan məhz Həmid olub. Samuxda şəhid bulağının açılışında üzü-gözü yanmış bir Vüqar adlı qazi gəlib məni qucaqladı. Deyirdi ki, ‘biz vurulmuşduq, yanmışdıq, ilk gözümü açanda başımın üstündə Həmidi gördüm, onun səsini eşidəndə ürəyim sakitləşdi. Ovucunda su yığıb mənə içirdirdi’. Həmid və döyüş yoldaşı Ülvi də Cəbrayılda neytral zonada yaralı qalan Mahiri xilas ediblər. Mahir deyirdi ki, ‘mən qanaxmadan öləcəkdim, Həmid mənə ilk yardımı göstərdi, bu gün yaşayıram, amma Həmidə borcluyam’. Qazi Vüqar deyirdi ki, ‘orada Həmidə REMBO deyirdilər, amma mən deyirəm ki, REMBO gəlsin bizim əsgər və zabitlərimizdən döyüş öyrənsin’».
Zenfurə ana qürurla davam edir:
»Güllə yağış kimi yağanda bir döyüş yoldaşları şəhid olmuşdu. Əsgərlərdən biri Həmidə ‘komandir, özünü qoru’ demişdi. Həmid isə cavab vermişdi: ‘Mən şəhidimi belə əsir götürülməyə qoymaram’. Əlindəki binti açıb şəhid yoldaşına bağlamış, onu səngərdən çıxarmışdı. Həmid həm yaralının, həm şəhidin köməyinə çatırdı. Ermənilər silahı qoyub qaçırdı, Həmid isə onların öz silahları ilə onları vururdu. Onu güclü edən həm peşəkar kəşfiyyatçı olması, həm də hərbiyə olan sonsuz sevgisi idi. Uşaq vaxtı Xocalı hadisələrini görəndə hamımız ağlayırdıq. O isə mənə deyirdi: ‘Ana, bunu kim edib?’ Deyirdim ki, düşmənlərimiz. Deyirdi: ‘Biz onları qıracağıq ana’. Elə də oldu… Döyüşdə yüzlərlə ermənini tək-tək və qrup halında məhv etdi. Döyüşdə hər kəs özünü qoruyar, amma Həmid yalnız əsgərlərini, taborunu qoruyurdu. Hətta ən az şəhid verən tabor da onların taboru olub».

Zenfurə ana sonda Həmidin xarakterini bir cümlə ilə tamamlayır:
»Əsgərlər deyirdi ki, Həmid bizi ruhlandırır, ‘mənə komandir deməyin, qardaş deyin’ — deyirdi. ‘Biz bir-birimizə söykənməsək, bu qələbəni ala bilmərik’. Nüzgarı aldıqdan sonra bir neçə kəndi də azad etdilər və sonra Füzuli istiqamətində ən ağır döyüşlərə qatıldılar. Həmid o döyüşlərdə də yenə ön cəbhədə idi…».
Şəhidimizin anası, oğlu ilə sonuncu dəfə görüşündən danışır:
Sonuncu dəfə Həmidi sentyabrın 1-dən 5-nə kimi görmüşdük. O günlərdə ailəsini, uşaqlarını bizə gətirdi. Sentyabrın 5-də evdən sonuncu dəfə çıxdı. İlk dəfə idi ki, Həmid evdən gedəndə mən onun arxasınca belə həsrətlə baxdım. Adətən o evdən çıxanda zarafatlaşardıq, gülərdik. Amma bu dəfə sanki dilim tutulmuşdu, heç nə deyə bilmədim, sadəcə baxdım. O da təəccüblə soruşdu: «Ana, nə əcəb belə sakitsən? Heç nə demirsən?» Daxilimdə qəribə bir narahatlıq vardı, izah edə bilmədiyim bir hiss…
Sentyabrın 16-da onunla görüntülü danışdıq. Üzünün rəngi ağappaq idi. Qorxuyla soruşdum: «Nə olub, bala, xəstələnmisən?» Heç nə demədi. Hətta ona dedim ki, əgər nəsə varsa, tibb məntəqəsinə get, lazım olsa, gəl Bakıya. Telefonda üzümə baxdı, çox qəribə, sanki qisməti ilə barışmış bir gülüşlə dedi: «Ana, artıq gecdir. Mən bu günləri çox arzulamışam.»
Sentyabrın 27-də müharibənin başladığı elan edildi. Evdə çox pulumuz olmadığı halda, gəlinlə ikimiz pulumuzu bir yerə qoyduq. Dedim ki, tez gedim bayraq alım — çünki biz zabit ailəsiyik və bu insanlara ruh, güc, dirəniş verən bir simvoldur. Döyüş ruhu içimizdə qaynayırdı.
Sentyabrın 29-da Həmidin əmisi oğlu Orxanın şəhid olduğunu eşitdik. Evimizə od düşdü, hamımız yasa batdıq. Daşkəsənə — Orxanın ailəsinin yanına gedib bu ağır xəbəri onlarla bir yerdə yaşadıq.
Həmidlə sonuncu dəfə oktyabrın 3-də danışdıq. O gün o qədər dua etdim ki… Dedi: «Ana, sənin duaların bizə bəsdir.» Dedim: «Oğul, qoruyan Allahdır, ömrü verən də Allahdır. Mən sizə yalnız dua edə bilərəm. Hamınız bir ana övladısınız.» Həmid bizə dedi: «Ana, siz möhkəm olun, əmimi tək qoymayın.» Onun son sözləri isə ürəyimi titrətdi: «Siz də hər zaman hər şeyə hazır olun! Möhkəm olun!»
Oktyabrın 4-də qızdırması olsa da, geri qayıtmadı. Günorta namazını qılıb yenidən ən qızğın döyüşlərə girib. Oktyabrın 5-də — çox qısa bir zaman sonra — günorta namazını dedikdən sonra Füzuli rayonunun Pirəhmədli kəndi istiqamətində gedən qeyri-bərabər, amansız döyüşlərdə bir qəlpənin ürəyinə dəyməsi ilə balam şəhid olub.
Döyüş yoldaşları danışır ki, Həmid şəhid olanda telefonunda cəmi 11 faiz şarj qalıbmış. Onlar məhz o telefonla qərargaha zəng edib yardım istəyiblər. Deyirlər ki, əgər o telefon olmasaydı, nə ölümüz, nə dirimiz qalardı. Həmid o dünyaya gedərkən belə döyüş yoldaşlarına kömək olub, onları xilas edib.
Biz Həmidi şəhid olandan sonra daha yaxşı tanıdıq. Onun qəhrəmanlığı, şücaəti, mərdliyi, insanlığı haqqında tanımadığımız insanlar danışdı. Onun yoxluğu içimizi yandırsa da, bu ağrının içində bir nur da var — çünki balamız ən uca zirvəyə, şəhidlik zirvəsinə yüksələrək əbədi və əzəli olan Allaha qovuşdu.
Zenfurə ana Həmidi tez-tez yuxularında görür. Elə onunla görüşəcəyimiz günün səhəri də Həmid yuxusuna gəlib. Zenfurə xanım danışır:
»Həmidin əmisi oğlu Orxan şəhid olan vaxt biz Daşkəsənə getmişdik. Oktyabrın 5-i səhər tezdən qəlbimdə anlaşılmaz bir sıxıntı, içimdə isə dəhşətli bir üzüntü vardı. Sanki yerimdə öz-özümə vurnuxurdum. Elə bir hal idi ki, həm yuxuda idim, həm də oyaq. Bu anlarda bir yuxu gördüm. Mənim çox sevdiyim bir gül var — adı ‘Ana ürəyidir’. Həmişə evimizdə olan bu gülü yuxumda axtarıram. Baxıram ki, üç dibçəkdə olan güllər yoxa çıxıb, digər dibçəkdəki gül isə ortadan ikiyə ayrılıb. Bu mənzərənin təsirindən hövlnək yerimdən oyandım. Hər zaman demişəm, ana övladının çətin anda olduğunu qəlbinin dərinliyində hiss edir. Məlum oldu ki, həmin gün Həmid şəhidlik zirvəsinə ucalıb.»
Zenfurə ana Həmid şəhid olduqdan sonra gördüyü başqa bir yuxunu da belə nəql edir:
»Görürəm ki, çöldə qar yağır. Evin içində hamını çağırıram ki, ay uşaqlar, durun, baxın, qar yağıb. Nəvələrin otağına daxil oluram. Bir də görürəm ki, Həmid oğlu Cabbarın yerində uzanıb, üstünü də örtüb və mənə baxıb gülümsəyir. Elə bil ki, ‘mən buradayam, narahat olmayın’ deyirdi.»
Zenfurə ana deyir ki, Həmid döyüş yoldaşlarına həmişə ruh yüksəkliyi verərmiş. O, onlara belə söyləyirmiş: «Bilirsiniz, indi bu şəhidlər cənnətdə bizə baxıb gülürlər. Biz onların yanında heç nəyiq. Ürəkli olun, ölümdən qorxmayın.»
»Həmid haqqında bunu da deyim,» — Zenfurə ana davam edir, — «2020-ci ilin avqustun sonu, sentyabrın əvvəli onun təqdimatı gəlmişdi. Dedi: ‘Ana, əmrim gəlib, Tovuza getməliyəm’. Yəni Tovuzda yerləşən hərbi hissədə yüksək vəzifəyə təyin olunmuşdu. Amma o, ‘müharibə qurtarandan sonra təyinat yerinə gedərəm’ — deyib. Döyüşçü dostlarına isə belə söyləyirmiş: ‘Müharibədən sağ-salamat çıxsam, mütləq bir kitab yazacağam’.»
Zenfurə ana Həmidin ailəsinə və övladlarına bağlılığını da xüsusi vurğulayır:
»Oktyabrın 9-u qızının doğum günü idi. Bizə tapşırmışdı ki, müharibə gedir, nə badə ad günü keçirəsiniz. Bəlkə də ürəyinə dammışdı ki, şəhid olacaq. Qızına çox gözəl hədiyyələr almışdı, amma ad günü keçirilməsini istəmirdi. Tale elə gətirdi ki, nəvəm Zeynəbin doğum günü atası Həmidin üçünə təsadüf etdi. Uşaq körpə idi, heç nə başa düşmürdü…»
Şəhidimiz Həmidin həyat yoldaşı Aynurə xanım ömrünün ən gözəl çağında həm həyat yoldaşını, həm də körpə Hüseynini itirib. Amma Həmidin sevgisi hələ də onunla birgədir — sanki hər addımında yanında dayanır, güc verir. Bu gün Aynurə xanım çiyinlərində böyük bir məsuliyyət daşıyır. O, övladlarını göz bəbəyi kimi qoruyur, onları əsl vətənpərvər olaraq yetişdirir.
Aynurə xanım danışarkən xatirələrinin içində bir anlıq dayanır, sonra sakitcə davam edir:
»Həmid namazda belə şəhidlik zirvəsinə ucalmaq üçün dua edirdi. Mənə deyirdi ki, ‘iki igid böyüdürəm, böyüyəndə ikisi də şəhid olacaq’. O vaxt biri 2, digəri 3 yaşında idi. Sual verirdim: ‘Niyə belə deyirsən?’ Deyirdi: ‘Sən başa düşmürsən, şəhidlik nə deməkdir’. O vaxt sözlərinin dərinliyini anlaya bilmirdim. Amma Həmid şəhid olandan sonra başa düşdüm ki, şəhidlik necə uca məqamdır…»
Həmid ailəsinə qarşı hədsiz mərhəmətli, gülərüz, qayğıkeş bir ata olub. Xeyirxahlığı ilə seçilər, heç kimin qəlbini qırmaz, hər şeyi anlayışla, izahla, xoş dillə izah edərdi.
Onun bir sözü isə Aynurə xanımın yaddaşına əbədi həkk olunub: «Öncə Vətən, sonra ailə… Vətən olmasa, ailə də olmaz.»
Bu sözləri eşidəndə ilk dəfə düşünmüşdüm ki, doğrudan da, Vətən varsa, ailə də var.
Aynurə xanım 2015-ci ildə Həmidlə ailə qurub. 2016-cı ildə Cabbar, 2017-ci ildə isə körpə Hüseyn dünyaya gəlib. Daha sonra Zeynəb adlı qızları dünyaya gəlib. Amma talenin ağır sınağı — Hüseyn 5 yaşında boğazına konfet kağızı ilişməsi nəticəsində vəfat edib. Deyirlər ki, Həmid sağlığında belə yuxusunda oğlunun şəhid olduğunu görərmiş, tabutunu qucaqlayıb hamıya «Mən şəhid atasıyam» deyərmiş. Bəlkə də o, övladının əbədi ucalığını əvvəlcədən hiss edirdi…
Müharibə başlamazdan az öncə — sentyabrın əvvəlində — ailəsini Bakıya gətirib, onları bir dəfə də qucaqlayıb öpüb, sentyabrın 5-də son dəfə evdən çıxıb. O gündən sonra ailəsi onun üzünü yalnız şəkillərdə görə bildi…
Aynurə xanım deyir:
»Hərbçi olmaq çətindir, amma hərbçi həyat yoldaşı olmaq daha çətin olsa da, çox şərəflidir. Həmidin hər davranışı, hər sözü, hər addımı bizim üçün nümunə idi. O düşünərək danışar, düşünərək hərəkət edərdi. Heç vaxt incitməz, hər şeyi izah edərək anlatmağı seçərdi.»
Həmidin sevdiyi yeməklər belə onun sadə və səmimi xarakterini əks etdirirdi — ən çox yarpaq dolmasını sevərdi. Şirniyyatlardan isə anası Zenfurə xanımın əlləri ilə bişirdiyi paxlava və şəkərburanı…
Bu ailənin həyat hekayəsi- Vətən sevgisinin, şəhidliyin, ailə sədaqətinin, ata qayğısının və əbədi eşqin hekayəsidir. Burada həm mübarizlik, həm də fədakarlığın ən saf halı var.
Şəhid Həmid Cəfərlinin ailəsi ilə müsahibəmiz sona çatanda evin içində qəribə bir sükut vardı. Bu sükut nə kədərin tam özü idi, nə də sakitliyin — sanki Həmidin nəfəsi hələ də bu divarların arasında dolaşır, hər küncdə öz izini yaşadırdı.
Aynurə xanımın dərin baxışlarında həm yanğı, həm də dəyanət vardı. Cabbarın utancaq gülüşündə atasının kölgəsi, Zeynəbin sadə uşaq baxışlarında isə Həmidin o məlahətli şəfqəti görünürdü.
Bu an Zenfurə ana da yanımızda dayanmışdı — çöhrəsində illərin nurunu və dərdin ağırlığını eyni anda daşıyan bir ana…
Gözlərindəki yaş parıltısı həm övlad həsrətinin, həm də şəhid anası olmağın uca qürurunun eyni qarışığı idi.
O sakitcə, amma sarsıdıcı bir güclə dedi:
»Allah Həmidimi sizə, bu xalqa sevdirib… Mənim balam elə hamınızın oğludur.»
Zenfurə ananın səsi evin içindən keçib qəlbin ən dərin yerinə toxunurdu. Onun sözlərində bir ana fəryadı da vardı, bir ana duası da… Həmidin şəfqəti onda yaşayır, o isə öz fədakarlığı ilə bu evin ocağını hələ də isti saxlayırdı.
Ayağa qalxıb onlarla sağollaşanda evdəki hava bir anlıq ağırlaşdı — elə bil sözlər belə bizdən əvvəl susdu. Qapıya doğru addımlayanda Aynurə xanım arxadan yavaşca bir dua pıçıldadı:
»Allah bütün şəhidlərimizə rəhmət eləsin…»
Aşağıya doğru gedərkən düşündüm:
Şəhid ailəsinin yanından ayrılmaq, onların söhbətini bitirmək olmur. Hər cümlə, hər baxış, hər nəfəs insanın ruhuna yazılır. Mən də o evdən ayrıldığım gün anladım ki, şəhid evindən çıxırsan — amma şəhidin izi sənin içində qalır.
Həm ağır bir xatirə kimi, həm də insanı bir ömür boyu düzəldən, tərbiyə edən uca bir dərs kimi…
Fəridə Ağazadə
Jurnalist








LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








