“Zəlzələlərin dəqiq proqnozu dünyanın heç bir ölkəsində, o cümlədən də Azərbaycanda yoxdur. Sadəcə, hansısa bölgə seysmik aktiv zonadırsa, onsuz da, həmin bölgədə hansısa vaxtlarda zəlzələ ola bilər və bunu heç kim istisna etmir”.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.
Qeyd olunub ki, zəlzələlər plitələrin yerdaxili tektonik hərəkətləri nəticəsində baş verdiyinə görə dünyanın müxtəlif seysmogen zonalarında qeydə alınır.
Bildirilib ki, bu ilin əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ də plitələrdə hərəkətliliyin dinamikasının artması nəticəsində baş verib:
“Mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, son vaxtlar, xüsusilə də Ərəbistan plitəsində hərəkətlilik artdığına görə, bu həm qardaş Türkiyədə, həm də digər region ölkələrində zəlzələ ocaqlarının aktivləşməsinə səbəb olub. Amma bunu da nəzərə almaq lazımdır ki, Yer daxilindəki proseslər daimidir və bəzən zəlzələ ocaqları Yerin dərin qatlarında yerləşdiyi və təkanların gücü zəif olduğuna görə həmin təkanlar Yer səthinə gəlib çatmır, həmin titrəyişlər ancaq seysmik stansiyalar vasitəsilə qeydə alınır.
Bu tip zəlzələlər, demək olar ki, hər gün qeydə alınır. Elə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən də hər gün çoxlu xırda təkanlar qeydə alınır. Bu, təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün seysmik zonalarında var. Hansı ki, o ölkələrdə ən müasir seysmik stansiyalar, avadanlıqlar var və alınan məlumatlar yüksək texnologiyalı proqramlar vasitəsi ilə emal olunur.
Bununla belə, bəzi vaxtlarda maqnitudası 3-3,5-dən böyük olan və Yer səthində hiss olunan zəlzələlər də baş verir. Bu proses tam təbii baş verdiyinə və Yerin dərin qatlarında getdiyinə görə zəlzələləri heç bir halda proqnozlaşdırmaq hələ ki mümkün deyil”.
Həmçinin qeyd olunub ki, son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur:
“Zəlzələ təbii fəlakətlərin arasında ən qorxulusu və dəhşətlisi olduğuna görə bəzən zəlzələ baş verəndə hansısa fəsadlar olmasa da, bu, insanların psixologiyasına mənfi təsir edir. Bu mövzu xüsusilə ilin əvvəlində, fevral ayının 6-da qardaş Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. Son günlər də dünyanın ayrı-ayrı ölkələrində maqnitudası 6-dan yuxarı olan zəlzələlər baş verir. Yaxınlarda Əfqanıstanın Herat şəhərindən 40 km şimal-şərqdə 6,3 bal gücündə zəlzələ zamanı 2 500-dən çox insan həyatını itirib. Minlərlə ev dağılıb. Təbii ki, bu cür hadisələrin baş verməsi insanları narahat edir. Onlarda qorxu, narahatlıq yaradır. Bir çox hallarda mövzu ilə bağlı sosial şəbəkələr üzərindən “proqnoz”ların yayılması insanları narahat edir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin