Ədliyyə nazirliyi Bələdiyyələrlə iş mərkəzində yerli özünüidarəetmə sahəsində 2023-cü ilin birinci yarısında görülmüş işlərin müzakirəsinə dair müşavirə keçirilib.
Nazir müavini Vilayət Zahirovun sədrliyi ilə keçirilən iclasda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisi, yerli demokratiyanın inkişafı üzrə həyata keçirilən tədbirlərdən bəhs olunub, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, onlara metodoloji yardımın göstərilməsi üzrə işlərin davam etdirildiyi bildirilib.
2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə xüsusilə əlamətdar olduğu qeyd edilərək, Ulu Öndərin 100 illiyi münasibətilə nazirlik tərəfindən Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə, yerli özünüidarəetmənin bərqərar olmasında müstəsna roluna həsr olunan konfrans və digər silsilə tədbirlərin keçirildiyi, bələdiyyələrin və onların milli assosiasiyalarının fəal iştirakı vurğulanıb.
Mərkəzin rəisi Rəhman Məmmədov məruzə ilə çıxış edərək dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların, o cümlədən müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə baxılması və onların qəbulu işinin daim diqqətdə saxlanıldığını, altı ayda bələdiyyə fəaliyyəti ilə bağlı 2.000-dək müraciətə baxıldığını və 190-dan çox vətəndaş qəbul edildiyini, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüldüyünü bildirib.
Qeyd edilib ki, 2023-ci ilin birinci yarısında nazirlik tərəfindən ötən ilin eyni dövrü ilə müqayisədə 22% çox - 49 mindən artıq bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib və aktların 95%-i qanunvericiliyin tələblərinə uyğun hesab edilib. Qanunvericiliyin tələblərinə zidd olan bələdiyyə aktlarının ləğv və ya dəyişdirilməsi məqsədilə 2.200-ə yaxın təklif verilib .
Bələdiyyə aktlarının inzibati nəzarət orqanına Bələdiyyələrlə iş portalı vasitəsilə elektron göndərilməsi müddət pozuntusunun qarşısının alınmasına öz müsbət təsirini göstərib, bununla bağlı inzibati məsuliyyətə cəlb olunan bələdiyyələrin vəzifəli şəxslərin sayının azalma tendensiyası davam edib. Nazirlik tərəfindən bələdiyyə sədrləri barəsində 23 inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 17 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Bununla bağlı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələlər (vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyə aktlarının qəbulu, debitor və kreditor borclarının dəqiq uçotunun aparılması, vergi və ödənişlərin toplanılmasında nəzarətin gücləndirilməsi, yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi, büdcə vəsaitlərindən istifadə, yerli vergilərin hesablanması, bələdiyyə torpaqlarının idarə olunması, şəffaflığın təmini ) ilə bağlı 50% çox – 8.400-dən artıq tövsiyə göndərilib.
Həmçinin yerli büdcə gəlirlərinin artırılması məqsədilə tədbirlərdavam etdirilib. Birinci yarımildə 131 bələdiyyə üzrə ümumilikdə 7.600 hektardan çox torpaq sahəsini əhatə edən 1.241 icarə müqaviləsində uyğunlaşdırma nəticəsində icarə haqqı 1.3 dəfə artıb.Cari ildə torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların təqribən 800 min manatdan çox hissəsinin yerli büdcələrə ödənilməsi təmin edilib.
Debitor borcların yığılması məqsədilə “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi işləri davam etdirilib. Altı ay ərzində bələdiyyələrin debitor borcların ödənilməsi ilə bağlı 2,2 dəfə çox - 5.300-dən artıq akt icraata qəbul olunub və onlardan icra məmurları tərəfindən icrası təmin edilən işlərin sayı 5 dəfədən çox artıb. Həmin aktların icrası nəticəsində yerli büdcələrə daxil olan vəsaitin həcmi də 2.5 dəfədən çox artaraq 600 min manatı ötüb.
Ümumilikdə isə respublika üzrə torpaq və əmlak vergisindən yerli büdcələrə daxilolmaların həcmi 13% artaraq 8.2 milyon manatdan çox olub. Bələdiyyələrlə aparılan davamlı, əhatəli metodoloji iş nəticəsində ölkə bələdiyyələrinin ümumi büdcə gəlirləri 35% artaraq ötən ilin sonuna 47 milyonu ötüb.
İclasda yarım il ərzində Bələdiyyələrlə iş mərkəzi tərəfindən regional ədliyyə idarələrinin və Ədliyyə Akademiyasının imkanlarından istifadə edilməklə 3.400 bələdiyyə üzvü və qulluqçusu ilə 140-dək maarifçilik tədbiri keçirildiyi, müxtəlif aktual məsələləri əhatə edən 16 metodik vəsait hazırlanaraq bələdiyyələrə paylanıldığı bildirilib, həmçinin bələdiyyələrin fəaliyyəti barədə əhalinin məlumatlılığının artırılması ilə bağlı görülən işlərə toxunulub.
Bələdiyyələrin büdcə gəlirləri artdıqca müxtəlif sosial xarakterli layihələrin həyata keçirilməsinə diqqətin çoxaldığı, cari ildə bələdiyyələr tərəfindən mütəmadi olaraq vətəndaşlara müxtəlif yardımlar edildiyi, o cümlədən Qurban bayramı münasibətilə yerli büdcədən 260 min manatdan çox vəsait ayrılaraq 9 min nəfərə yaxın, o cümlədən 3.000-dək müharibə iştirakçısı və şəhid ailələrinə maddi və digər köməklik göstərildiyi vurğulanıb.
Tədbirdə müxtəlif məsələlər üzrə çıxışlar edilərək görülmüş işlərlə yanaşı, mövcud çatışmazlıqlar, yol verilmiş nöqsanlar geniş müzakirə olunub, bələdiyyələrlə iş sahəsində qarşıda duran vəzifələr müəyyən edilib. Vətəndaşların müraciətlərinə daim xüsusi qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl edilməsi, bələdiyyələrlə iş portalından istifadənin genişləndirilməsi ilə bağlı və digər konkret tapşırıqlar verilib.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin