Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Rahil Əkbərov 1991-ci il martın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rahil Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahil Əkbərov noyabrın 26-da Hadrut istiqamətində şəhid olub. Sabirabad rayonunun Ətcələr kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhid ruhunun ünvanına doğru...
-Bu gün şəhid Rahil Əkbərovun ailəsinə yollanıram. Şəhidimizin ömür-gün yoldaşı Sveta xanımla müsahibəmiz var. Bu, sadəcə bir müsahibə deyil – bu, bir şəhidin izini sürmək, səssiz qəhrəmanlıq hekayəsini bir daha dinləmək və onu sözlərdə yaşatmaq yolculuğudur. Hər kəlməsində Vətən sevgisi, hər baxışında nisgil daşıyan Sveta xanımla görüşmək, Rahilin həyatının səssiz qəhrəmanına qulaq vermək mənim üçün həm şərəf, həm də məsuliyyətdir. Onların evi – şəhidin yadigarı qızı Damlanın və oğlu Rəvanın səsi, divarda asılmış şəkillər və ruhumuzu titrədən xatirələrlə dolu bir məkandır. Bu müsahibə ilə biz təkcə bir ailənin deyil, bütöv bir xalqın yaddaşında yaşayan igid bir oğulun həyatına işıq salmağa çalışacağıq.
"O mənim həyat yoldaşım deyil, can dostum idi..." – Şəhid Rahil Əkbərovun həyat yoldaşı danışıb
-Yoldaşım Əkbərov Rahil 1991-ci il martın 1-də Sabirabad rayonunun Həşimxanlı kəndində dünyaya göz açıb. 29 illik qısa, amma çox mənalı bir ömür yaşadı. Elə bir ömür ki, bu gün onun adını eşidən hər kəs eyni sözləri deyir: "Heyif, sənin kimi insan çox yaşamadı bu dünyada".
Orta məktəbi bitirdikdən sonra Tovuzun Əlibəyli kəndində hərbi xidmətini başa vurub. Ailənin ikinci övladı idi – hörmətli, seçilən bir nəslin nümayəndəsi.
Bizim tanışlığımız təsadüfün içindəki qismət idi... Qohumumuzun vəfatı səbəbilə yas mərasimində ilk dəfə onu gördüm. O isə sonradan etiraf etdi: “Səni ilk dəfə görəndə içimdən keçdi – bu qız mənim həyat yoldaşım olacaq”. Heç ağlıma da gəlməzdi ki, o anda kiminsə qəlbində belə bir hiss oyanar.
Zaman keçdi, yollarımız tez-tez kəsişdi. Sakit, mehriban, gözəl xasiyyətli bir insan idi. Bir gün mənə zəng edib dedi: “Elçiliyə gəlmək istəyirəm”. Əvvəl razılaşmadım, tərəddüd etdim. Amma o israrlı idi, niyyəti ciddi idi. Anası və xalası ilə birlikdə elçi gəldilər. Valideynlərim də razılıq verdi. Beləliklə, bizim gözəl bir ailə hekayəmiz başladı. Yanvarın 14-də nişanlandıq, martın 23-də nişan mərasimimiz oldu. O gün göy üzündən torpağa güclü yağışlar yağırdı – sanki təbiət də bu birliyin şahidi olmaq istəyirdi. Sentyabrın 12-də toyumuz oldu. Daha sonra qızımız Damla dünyaya gəldi.
Rahil həmişə deyərdi ki, “mənim arzum hərbçi olmaqdır”. O istəyinin arxasınca getdi. Qaynım da bu yolu seçmək istədi, amma alınmadı – demək ki, qismət başqa cür imiş. Oğlumuz Rəvan dünyaya gələndən sonra Rahil bizə Müşfiq qəsəbəsində kirayə ev tutdu, birlikdə yaşamağa başladıq. Amma hərbi təlimlər uzun çəkirdi, bəzən həftələrlə, bəzən aylarla onu görə bilmirdik. Uşaqlar da atasının üzünü az görürdü... Amma onunla keçən hər an dəyərli idi. Bircə dəfə olsun, yadımda acı bir söz qalmayıb. Elə bir xoş davranışı vardı ki, yanında insan özü ilə barışırdı.
Əgər bir möcüzə baş versə, desələr ki, şəhidlər iki günlüyə bu dünyaya qayıda biləcək... Mən tərəddüdsüz “bəli” deyərdim. O iki günün hər anını onunla nəfəs almağa razıyam. Həmişə mənə “dostum” deyə müraciət edərdi. Biz bir-birimizin təkcə ömür-gün yoldaşı yox, həm də sirdaşı, sirri olanı, can dostu idik...
Sveta xanım: “Bilməzdim ki, o sözlər son olacaq…”
-Bir dəfə avqustun istisində təlimdən evə gəlmişdi. Yorğun idi. Amma çox keçmədi, zəng gəldi. Qayıtmalı idi. Onda ilk dəfə açıq şəkildə dedi: “Sentyabrda müharibə başlayacaq, belə bir söhbət var”. İnanmadım. Dedim: "Neçə ildir belə söz-söhbət var, hər dəfə də bir şey olmur". Cavab verdi: “Bu dəfə olacaq... Və biz də gedəcəyik. Getsəm, qayıtmasam, səni bu evə bağlayan heç kim qalmayacaq. Çıxıb gedə bilərsən”. Dedim: Mən bu evdən, ocağından heç yana getmərəm. Bura mənim evimdir... Fevralın 28-i ad günü idi. Üç gün ad gününü qeyd etdik. Pandemiya dövrü idi. Rayona getdik, Rahil isə Bakıda qaldı. Sonradan öyrəndik ki, o günlərdə o, nə qədər adama kömək etmişdi... Bizə bir kəlmə də deməmişdi. Sentyabrın 12-si evlilik ildönümümüz idi – 5 illik... Telefonla zəng etdi: “Get bir tort al”. Dedim: Sən evdə deyilsən, nəyə lazım tort? “Al, mən gələcəm”-dedi. Gəldi... Uşaqlarla birlikdə tortu kəsdik, şəkillər çəkdik, gülüşdük, bir günün içində bir ömür yaşadıq. Ertəsi gün yenidən təlimə getdi. Sentyabrın 25-i evə qayıtdı. Nə tez gəldin? İki həftəlik deyildi? – soruşdum. “Bir gün qalıb, yenə qayıdıram”-dedi. Damla o vaxt dörd yaşına qədəm qoymuşdu. Sentyabrın 27-si... Səhər erkən yola saldım onu. Baxışlarıma baxışlarını qatıb dönüb əl elədi: “Allaha əmanət ol. Uşaqları qoru...” Xalası oğluna zəng edib demişdi: “Müharibəyə gedirəm, amma Svetaya deməmişəm”. Qaynım da anasına deyib: “Rahili müharibəyə aparıblar”. Anası inanmamışdı: “Nə müharibəsi, nə danışırsan?..” Mənə də xəbər çatanda, inanmadım. Özüm zəng etdim Rahilə. Haradasan? “Müharibəyə gedirik”-dedi. Nə? “Əgər üç günə məndən xəbər çıxmasa, atama de gəlsin, səni kəndə aparsın...” 29 sentyabrda kiçik qaynım da səfərbərliyə çağırıldı. O günlərdə Rahillə yalnız gecələr danışa bilirdik. Səsi yorğun, amma qürurlu gəlirdi. “Qulağım kar olub, – deyirdi”. – Güllələrin səsindən… Deyirdik: Bir şəkil at, səni görək...Cavab verirdi: “Yanımda o qədər şəhid var ki… Onların yanında şəkil çəkdirməyə utanıram…”.
“Şəhidlik zirvəsinə aparan səssiz vida.....”
-Rahil həmişə deyirdi: “Əgər bu yolun sonu ölüm olarsa, məni nənəmin yanına basdırın”. O, 19 yaşlı rabitəçisini xilas edərkən şəhid olub; çiyinləri düşməni qorxutmayan, ürəyində isə iki qızının sevgisi yaşayan bir qəhrəman kimi.
Noyabrın 8-i, gecəyarı… Böyük qaynım qapını döyüb: “Müharibə qurtardı, gözümüz aydın!” – dedi. Hamı sevinirdi, təkcə Rahildən xəbər yox idi. Bir neçə gün sonra zəng etdi – səsi çətindən də çətin gəlirdi: “Müharibə, qurtarıb…”
Noyabrın 25-i. Telefonuma şəklini göndərdi – əli silahda, gözlərində qəribə bir dərinlik. “Sabah bizi yavaş-yavaş buraxacaqlar. Alınmasa, atam sizi gətirəcək, görüşəcəyik,” – yazdı. Sevincli idi, mən isə ürəyimdəki narahatlığı boğmağa çalışırdım. Ertəsi gün, növbəti mesaj üçün o nömrəyə yazdım. Cavab gəldi: “Rahil yatır, oyananda deyərəm.” Axşama yenə yazdım – “Telefonun zaryatkası bitib…
Eyni gecə, altı əsgər ayrılmışdı: üçü yuxarı, üçü aşağı gediblər. Təsadüfən boş bir evə daxil olublar. Həmin vaxt evin padvalında gizlənən ermənilər qəfil atəş açıblar. Elə güllə dəyəndə Rahil yerə yıxılıb. Həmin gecə qızım birdən çığırdı: “Atam ölüb!” Hamı “uşaqdır da” dedi. Amma bir neçə dəqiqə sonra polis əmioğlum zəng vurdu. Atasına demişdilər “yaralanıb”, mənə isə “evə gəl, xəbər var” dedilər. Evin qapısına yaxınlaşanda qara şallı qadınlar görünürdü. Bayraq sancılmışdı. Bir göz qırpımında Rahilin bütün hekayəsi – nənəsinin qucağından vətən torpağına, ordan da şəhidlik zirvəsinə – gözümün önündən keçdi. Sevdiyimiz oğul nənəsinin yanında uyudu, millətin övladına çevrildi.
“Nənəsinin yanında uyuyan qəhrəman...”
-Rahilin şəhid olması xəbərini belə xatırlayıram. Gördüm qaynanam əlləri əsə-əsə, gözləri qorxudan donmuş halda dedi: “Bala, qorxduğumuz başımıza gəldi… Rahili güllələyiblər”. Hələ də inanmaq istəmirdim. Özümə təsəlli verirdim ki, bəlkə səhv salıblar… Rahilin zəng vurduğu nömrələrə yenidən zəng etdim. Nəfəsim titrəyirdi. Bir nəfər cavab verdi. Dedim: Qardaş, Rahilin şəhid olduğunu deyirlər, amma mən inana bilmirəm. O isə bir anlıq susdu, sonra dedi: “Bacı, bir dəqiqə gözlə…” Geri döndü və səsi bu dəfə qəribə bir fəxarətlə dolu idi: “Gözün aydın, bacı… Yoldaşın Rahil şəhid olub. Yanındakı iki nəfərlə birgə…” Bu “gözün aydın” sözləri içimdə nələrisə qırdı. Qayınatam gəldi və soruşdu: “Rahil demişdi axı, özünü harada dəfn edək?” Nənəsinin yanında — dedim. Elə dediyi kimi də etdilər. Onu sevdiyi nənəsinin yanına tapşırdıq… Müharibədən öncə bir yuxu görmüşdüm. Yuxumda müharibə başlayırdı, Rahili aparırdılar. Qucağımda bir körpə vardı. Gedərkən baxıb dedi: “Uşaqlardan muğayat olarsan”. Rahil həyatımızdan köçəndən sonra mən onun əziz valideynləri ilə yaşayıram. Onlardan çox razıyam. Rahilin hər bir əşyasını bu günə qədər qoruyuram. Ad günündə hədiyyə etdikləri belə hələ açılmayıb. Hətta güllənin birinin dəydiyi telefonunu belə saxlamışam…Uşaqlar arada gedib baxırlar onlara… Atalarını xatırlayırlar. Rahilin bir gülüşü vardı — o gülüşün eynisi qızım Damlada var… Hər dəfə güləndə sanki Rahil yenidən həyatda olur…
Şəhidimizin qızı deyir ki, "Atam üçün rəssam olacağam "
-Mənim adım Damladır, Şəhid Rahil Əkbərovun qızıyam. Atam hər səhər saat 5-də oyanardı, mən də onunla birgə oyanardım. Qucağında oturub yeməyimizi birlikdə yeyərdik. Onu öpüb yola salmaq mənim günə başlama səbəbim idi.
Böyüyəndə rəssam olmaq istəyirəm. Atam üçün bir rəsm məktəbi açacağam və ona "Rahil" adını verəcəyəm. Əlimin qabiliyyəti var, atamın da rəsmini çəkmişəm – ən çox da gözlərinə rəng qatmışam. Rəssamlıqdan başqa müəllim də olmaq arzumdur.
Mən Türkiyədə təhsil almaq istəyirəm. Dünyanı gəzmək, müxtəlif dilləri öyrənmək arzumdur ki, insanlar məni başa düşsünlər. Bu, atama hədiyyə edəcəyim ən böyük arzudur. Atam yarpaq dolmasını, quru yeməkləri çox sevirdi. Bir də baton konfetini. İndi biz də onun kimi o konfeti yeyirik – sanki o dadın içində atam yaşayır...
Şəhid Rahil Əkbərovun oğlu Rəvan danışıb:
-Mən də gələcəkdə atam kimi Vətənə xidmət etmək istəyirəm. Polis olmaq arzumdur. Məktəbdə müəllimlərim və dostlarım mənim bu istəyimi bilirlər. Hətta dərslər arasında dostlarıma deyirəm: “Mən böyüyəndə polis olacam, xalqımı qoruyacam”. Atamın Vətən uğrunda göstərdiyi qəhrəmanlıq mənim üçün yol göstərən bir işıqdır. Onun yolunu davam etdirmək, onun kimi cəsarətli və fədakar olmaq mənim ən böyük arzumdur. Mən böyüyəndə elə bir oğul olmaq istəyirəm ki, atamın ruhu, mənimlə fəxr etsin.
Fəridə Ağazadə
Jurnalist