Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Kənan Süleymanlı 30 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəncbər kəndindəndir. Orta təhsilini Bakı şəhər 94 saylı tam orta məktəbdə bitirmişdir. Azərbaycan Kooperasiya Universitetində ali təhsil almışdır. Subay idi.
Kənan Süleymanlı bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursu keçmişdir. Kursu başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi ordudan tərxis olunaraq mülki fəaliyyətini davam etdirib.
Azərbaycan Ordusunun leytenantı olan Kənan Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü ehtiyatda olan zabit kimi iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kənan Süleymanlı 9 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Üçtəpə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şəhid olduğu 21 noyabr tarixində müəyyənləşmiş, nəşi II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Vətən müharibəsində vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021 - ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
*****************************************************************************
-Yolum yenə şəhid xatirəsinə aparır. Ürəyimdəki sətirlər bir-birinə çəkilir, alışıb-yanır, sonra pıçıltı kimi sakitləşir. “Şəhidlər ölməz” deyir qəlbim. Bu sadə, lakin məğrur cümlə qəlbimin ən dərinliyindədir. Anlayıram ki, şəhidlik nəfəs aldığımız havanın, içdiyimiz suyun tərkibindədir. Bəli, Şəhid Kənan Süleymanlının ocağına gedirəm. Bir anlıq ayaq saxlayıb göy üzünə baxıram. Buludların arasında görünməyən bir ordu addımlayır, sanki şəffaf çiyinlərində bayrağı ucaldan minlərlə Kənan dayanıb. Susuram. Bu sükutda Vətənin ürək döyüntüsü var, şəhidin əbədi adı var, millətin qəlbində yaşayan sonsuz qəhrəmanlıq hekayəsi var. Bu dəfə ikiqat sükutun, ikiqat qürurun hökm sürdüyü evə gedirəm. Çünki Şəhid Kənan Süleymanlının atası da haqq dünyasına qovuşub; sanki şəhid oğlunu qucaqlamaq, onunla eyni səma qatında qanad açmaq istəyib. Ananın baxışları isə ağır sükutun aynasıdır: bir gözündə şəhid oğlunun işığı, digərində rəhmətə gedən həyat yoldaşının kölgəsi titrəyir. Danışarkən səsi pıçıldayır, amma hər kəlmə qaya kimi möhkəmdir: “Onların ikisi də Vətən ucalığında görüşdü”-deyir Səadət ana.
Qardaş-artıq evin yeganə oğul nəfəsi-çiyinlərini dik tutmağa çalışır. Hər kəlməsində itirdiyi qardaşını, atasını hiss etdirəcək qədər kamil bir insandır. Bu gənc adamın sinəsində iki itkinin gücü üst-üstə yığılıb və Vətən sevgisinə çevrilib. Mən sözümü burada dayandırıram. Vətənə sonsuz məhəbbətin, fədakarlığın və qəhrəmanlığın rəmzinə çevrilən Kənan Süleymanlını xatırlamaq, onun bizə miras qoyduğu dəyərləri, həyat və döyüş yolunu ailəsinin dilindən eşitmək istərdik. Bu səmimi söhbətdə şəhidimizin keçdiyi şərəfli döyüş yoluna, onun yüksək insanlıq keyfiyyətlərinə və ailəsinin yaşatdığı müqəddəs xatirələrə birlikdə nəzər salacağıq.
Şəhidimizin anası Səadət xanım oğlunun uşaqlıq və həyat yolundan danışır:
- Kənan 1991-ci ilin yanvarın 30-da anadan olub. Biz əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəncbər kəndindənik. Kənanın uşaqlığı bir qədər ağır keçib, tez-tez xəstələnirdi. Hələ 21 günlük olanda ağır xəstəliyə tutulub. 1997-ci ildə isə məktəbə başlayıb. Uşaqlıqdan mehriban, gülərüz idi, heç vaxt kin saxlamazdı. Hər zaman çalışırdı ki, hər kəsin istəyini yerinə yetirsin, heç kimə etiraz etməzdi. Hamı ona hörmət edirdi. Amma şəhid olduqdan sonra anladıq ki, o, sanki aramıza düşmüş bir mələk idi. Elə bil, ömrünün qısa olacağını bilirdi və heç kimin xətrinə dəymək istəmirdi. O, uşaqlıqdan həm gözəlliyi, həm də sakit təbiəti ilə seçilirdi. Hər kəsin dərdini dinləyən, sirr saxlayan bir övlad idi. Müharibəyə getdiyi vaxt 30 yaşı vardı, ailə qurmamışdı. Deyirdi ki, hələ özünü ailə qurmağa tam hazır hiss etmir.
-Səadət xanım Kənanın hərb və döyüş yolundan bəhs edib:
-Biz tərəfdən bir çox qohumlarımız hərbçidir. Kənan Kooperasiya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə gedib. Məktəb illərində tarix fənninə böyük marağı olub, bu fəndən həmişə “5” qiymət alıb. Əsgərlikdə Kənan bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursu keçirib. Kursu başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət edib. Hətta bir dəfə xidmət zamanı erməni snayperi onu hədəf alıb. Amma o, namaza əyildiyi anda güllə başının üstündən keçib. Kənan 9-cu sinifdən namaz qılmağa başlayıb, hər cümə günü məscidə gedirdi. Allaha çox bağlı bir övlad olub. Bəzən təsəlli üçün deyirəm ki, Kənan Allahı daha çox sevdiyinə görə ona tez qovuşub. Xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi ordudan tərxis olunub, mülki fəaliyyətdə atasının işini davam etdirib. Atası kiçik sahibkar idi. Bir dəfə Kənan yük maşını sürərkən ağır qəza keçirib. 2 saat sonra onu maşından çıxara biliblər, amma ona heç nə olmayıb. Allah onu orada qoruyub. Həmin hadisə zamanı içimdə bir narahatlıq vardı, elə bil hiss etmişdim ki, nəsə olacaq. Amma müharibə zamanı Allah mənə elə bir güc vermişdi ki, Kənanın şəhid olacağı heç ağlıma gəlmirdi.
Şəhidimizin anası onun müharibəyə getdiyi günü belə xatırlayır:
-Kənan çox fərqli uşaq idi. Kiçik yaşlarından əlinə kitab alıb oxuyardı, amma təkcə kitab deyil, həyatı da öyrənirdi. Həmişə deyirdi ki, “Ana, bir gün Vətən üçün lazım olsam, düşünmədən canımı verərəm”. O, həm ailəsinə, həm dostlarına, həm də torpağına bağlı idi. Hər zaman deyirdi: “Ana, Vətəni qorumaq hər kişinin borcudur”. Vətən müharibəsi başladığı ilk günlərdən o da cəbhəyə könüllü yolanıb. Oktyabrın 3-də Gəncədə son dəfə Kənanla görüşdük. Gedərkən "Qismət olsa, şəhid olaram" dedi. Müharibə zamanı hər iki gündən bir bizimlə danışırdı. Orada olsa da, evin qayğısını çəkirdi. Evimizin hər küncündə onun əziyyəti var. Müharibə vaxtı mən çox rahat idim, elə bil Allah məni buna hazırlamışdı. Füzulidə kəndlər azad olunanda mənə zəng edib demişdi: "Ana, məni təbrik edə bilərsən, az da olsa qəhrəmanlıq etmişəm". 9 noyabrda, səhər saatlarında Kənan mənə zəng etdi. Mən onu həm Şuşanın azad edilməsi, həm də qəhrəmanlığına görə ürəkdən təbrik etdim. Şəhid olacağı ilə bağlı zərrə qədər düşüncə ağlıma gəlməzdi. Ancaq o gün hava yox idi, sanki nəfəsim daralmışdı. Günəş çıxmışdı, amma içim üşüyürdü. Axı, hardan bilərdim Kənan şəhid olacaq. Elə həmin gün Xocavənddə qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb. O getdi, amma məni özündən sonra başqa bir ana etdi-şəhid anası... Kənanın nəşi yalnız 10 gün sonra tapılıb gətirilib. O, mənim dua ilə toxuduğum, amma şəhidliklə ucalan övladımdır.
Səadət xanım Kənan şəhid olandan sonra gördüyü yuxunu danışıb:
-Kənanın 40 mərasimindən sonra onu yuxuda gördüm. Sağ kimi idi, şəhid olduğuna inana bilmirdim. Kim deyirdisə "Kənan ölüb", çox acığıma gəlirdi. Onun öldüyünə inanmırdım. 1 il tamam olmamış evdə onun qanlı paltarlarını tapdım. Məndən gizlədirmişlər. Onda anladım ki, tabutda olan, doğrudan da mənim Kənanım idi…
Şəhidimizin qardaşı Sənan Süleymanlı onunla olan xatirələrindən, qəhrəmanlığından və Vətənə olan böyük sevgisindən danışıb:
-Kənan uşaq yaşlarından fərqli idi. İçində böyük bir vətən sevgisi vardı. Düzgünlüyə, ədalətə çox həssas yanaşırdı. Tələbəlik illərində də, hərbi xidmət zamanı da insanlara yardım etmək onun üçün bir həyat tərzi idi. Qardaşımın yaxşı insan olduğunu hər zaman təkrarlamağa ehtiyac var. İndi biz yaşayırıq və həyatda, işdə hər cür insanla tanış oluruq. O, digər insanlar üçün yanan insan idi, “empati” duyğusu yüksək idi. İnsanların acısını, çətinliyini hiss edən, ürəyinə alan biri olub. Bu dünyada haqsızlıq görəndə sıxılardı. Uşaq vaxtı oynadığımız da olub, dalaşdığımız da, amma qardaş kimi hər zaman bir-birimizi çox istəmişik. Bir-birimizin qayğısına qalmışıq. Nə vaxtsa bir ehtiyac, bir çətinlik olanda canla-başla kömək edərdi. Onun sərt, əsəbi tərəfi yox idi. Əgər var idisə də, heç vaxt insan qəlbi qırmaz və incitməzdi. Çox qəribə aurası var idi. Əsəbləşəndə adamın üzünə baxmazdı, çıxıb uzaqlaşardı. Uşaq qəlbli idi. Kiçik yaşlı qohumlarımız gələndə saatlarla onlarla oynayırdı. Heç vaxt heç kəsin haqqına girməzdi, gülərüz idi, hər zaman yaxşılıq etməyə çalışardı. O, sanki bu dünyalıq deyildi. Evin içində, sosial mühitdə aktiv biri deyildi, maraqlı gəlmirdi ona bunlar.
Sənan bəy qardaşının arzularından da bəhs edib:
- Arzuları dəyişkən idi. Bəzən dünyəvi şeylər istəyirdi. Deyirdi: “Gedib daha yaxşı bir yerdə işləyəcəm, daha yaxşı evim olacaq” və s. Axır zamanlar daha çox mənəvi və imanla bağlı məsələləri dilə gətirirdi. Ağır bir qəza keçirmişdi. Sanki Allah onun sadə bir ölümlə getməsini istəmədi, daha uca bir sona layiq gördü. O, elə bir insan idi ki, əgər yaşasaydı, daha çox sıxılardı, özünə yer tapmazdı. İnsanlar onun etdiklərinin qarşılığını verməyəndə məyus olurdu, “Niyə belə edirəm?” deyə özünə sual verirdi, amma yenə də yaxşılıq etməkdən vaz keçmirdi.
Sənan bəy, qardaşı Kənanın şəhidlik zirvəsinə ucaldığı günü belə xatırlayır:
-Hamımıza hələ uşaqlıqdan – sağ olsun valideynlərimiz və müəllimlərimiz – həqiqəti olduğu kimi aşılamağa çalışıblar: dövlətçiliyimizin necə qurulduğunu, nə cür çətinliklərlə başa gəldiyini izah ediblər. Qardaşım da o tərbiyədən keçmişdi, onun vətənpərvərliyi hiss olunurdu. Allaha inanırdı və sanki Allah o və şəhid yoldaşlarının içindəki qorxunu həmin anlarda aldı. Bizim davamız Allah yolunda idi. Yəni, ədalət üzərində qurulan haqq davamız idi. Biz öz torpaqlarımızı düşməndən azad etmişik. Və inanıram ki, onların hamısının yeri cənnətdir. O anı sözlə ifadə etmək mümkün deyil. Sanki zaman dayandı. Amma bir tərəfdən də başımız dik idi-çünki Kənan Vətən uğrunda, bayrağımız üçün, torpağımız üçün canından keçib.
Şəhdimizin qardaşı Kənan haqqında deyilən fikirləri də bizimlə bölüşüb:
Polkovnikləri danışanda deyirdilər ki, o, şiddətə meyilli deyildi, daha çox qorumağı və irəli getməyi düşünürdü. Məsələn, hamı üzərindəki bronjilet və s. atırdı ki, ağırlıq edir, amma o, özünkündən əlavə, birini də götürürmüş. Cibinə 3-5 dənə alma qoyarmış. Qoruyucu idi, qayğıkeş idi. Hansısa yerə girəndə oradan bint, yeməklər və sair götürərmiş, deyirmiş: “Lazım olacaq”.
“Kənanla olan ən unudulmaz xatirəniz nədir?”- sualıma isə Sənan bəy belə cavab verdi:
-Bir dəfə yatmışdım, amma tam oyaq idim, yuxuya getməmişdim. Gəlib üzümdən öpdü. Bizim ailədə təmas çox olmur, bəlkə əvvəllər də öpmüşdü, amma ilk dəfə onda hiss etdim. Ən çox xatirimdə qalan budur.
-Şəhidimizin anası Kənanın döyüş yoldaşlarının onun haqqındakı fikirlərini də danışdı:
-Bir döyüş yoldaşı danışır ki, bir dəfə erməni ilə üzbəüz postda olanda dedi ki, “yatmayın”. Bizim də yuxumuz gəlirdi. Cibində peçenye var idi, çıxartdı birini mənə verdi, birini də özü yedi. Dedim: “Komandir, birini də verin”. Dedi: “Yox, kim yatmadı, ona verəcəyəm”. Biz də yatmırıq, gözümüzü silirik ki, Kənan gələndə görsün yatmırıq, peçenye versin. Postu gəzirdi, baxırdı hansımız oyağıq.
Bir dəfə də cibində üç dənə alma vardı. Birini çıxardıb mənə verdi, birini özü yedi. Dedim: “O birini də ver”. Dedi: “Yox, bunu aparıb posta uşaqlara verəcəyəm”. Döyüşə gedəndə elə bil hansısa qüvvə onu qoruyurdu. Hamı can atırdı ki, Kənanın dalınca mən gedim. Ürəyi geniş idi. Namaz qılırdı, durub deyirdi: “Narahat olmayın, çoxlu dua oxudum, indi gedək”. Namazını heç vaxt dayandırmayıb. Döyüş yoldaşlarından ikisi sağ çıxıb. Bir yoldaşını güllə boynundan vurub çıxmışdı, amma sağ qalmışdı. O danışır ki, bir də başımı qaldırdım, gördüm ki, erməni ilə üz-üzəyəm. Sonra istilik hiss etdim – orada çox erməni var idi. Kənan məni qucaqladı, dedi: “Çıx!” Plan o idi ki, bir-bir çıxsınlar. Səngərdə ermənilər dolu idi. Bəziləri çıxdı, bəziləri isə qaldı. Oranı raketlərlə vurublar, amma onların yerləşdiyi yer möhkəm olub. Həmin gün orada çox şəhid olub, çünki oranı almaq çox vacib idi. O tərəfdən Xankəndi gəlirdi. Ən böyük bazalarından biri orada yerləşirdi. Neçə dəfə vurublar, amma yenə də bir yerdən çıxırdılar.
Səadət xanım Kənanın şəhid xəbərini aldığı o anları da bizimlə bölüşdü:
-Kənan şəhid olacaqmış kimi danışmırdı. Hal-əhval tuturdu. Son vaxtlar daha qızğın döyüş zonasında olmuşdu. Bir dəfə dedi ki: “Çox ağır döyüşlər olur, şəhidlərimiz var”. Sadəcə narahat idim, amma şəhid olacağı ilə bağlı bir hiss gəlmirdi. Müharibənin dayandığını eşidəndə bir az rahatlaşmışdım, amma ondan sonra heç bir xəbər ala bilmədik. Çox çətin anlar idi. Sözlər kifayətsiz qalar. Qazilərimiz Elçin Mustafayev və Murad Bağırov deyir ki, yaralı halda onları səngərdən çıxarsalar da, şəhid baş leytenantımız sona qədər döyüşüb. O, özü şəhid olub, döyüş yoldaşlarını xilas etməyi bacarıb... Kənanım Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunub.
Sənan bəy,indi qardaşı ilə yalnız yuxularda görüşüb sarıla bilir:
Yuxumda onu sağ-salamat görürəm. Çoxunu xatırlamıram. Bəzən deyir: “Mən hara getmişəm, sağam axı”. Mən isə cavab verirəm: “Axı sən getmişdin...” Atam yuxuma girəndə onun sağ olub-olmadığını sorğulamıram. Amma qardaşım yuxuma gələndə fərqində oluram ki, o, şəhid olub və yuxuda belə bu həqiqəti dərk edirəm. Atam Kənanın yoxluğuna dözə bilmədi, 2022-ci ilin oktyabr ayında dünyasını dəyişdi. İki böyük yoxluğu birdən yaşamaq çox çətindir. Bu, Allahın yazdığı taledir. Bizə söz demək düşməz.
“Şəhid qardaşı olaraq cəmiyyətə hansı mesajı vermək istərdiniz?” sualıma Sənan bəy belə cavab verdi:
-Bu həyat bizim imtahanımızdır. Çox adam bəzən üsyan edir, “niyə bu belədir?” – deyə. Əgər hər şey mükəmməl olsaydı, bu halda biz cənnətdə olardıq. Amma dərindən baxanda görürük ki, o zaman Allahın bəzi adlarını, məsələn, “Ədalətli” ismini yaşamdan silmiş olarıq. Allah hər şeyi balans içində yaradıb. Mənim mesajım budur: biz də qardaşım və digər şəhidlər kimi fədakar olmalıyıq. Çünki bu fədakarlıqla həyatın mənasını, bəşəriliyin dəyərini dərk edə bilərik. Qardaşımın simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin!
Fəridə Ağazadə
Jurnalist











