Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Nurlan Zeynalov 1989-cu il noyabrın 25-də Sabirabad şəhərində anadan olub.Azərbaycan Ordusunun leytenantı olan Nurlan Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Zeynalov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Sabirabad şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Zeynalov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Zeynalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Ürəyimin səsi, dərin bir məsuliyyət və minnətdarlıq hissi ilə yola çıxdım. Bu adi bir yol deyil. Bu, Vətən uğrunda canından keçən bir qəhrəmanın ailəsi qarşısında baş əymək, susaraq danışmaq, göz yaşları ilə dua etməkdir. Şəhid leytenant Nurlan Zeynalovun adı bizim yaddaşımıza igidlik, fədakarlıq və sonsuz Vətən sevgisi ilə yazılıb. Şəhid olmaq-tarixdə iz qoymaqdır. Nurlan Zeynalov həmin izlərdən birini torpağın, bayrağın və xalqın yaddaşına əbədi həkk edib. Onun adı hərbi rütbədən əvvəl bir mənəviyyat daşıyır: vətənpərvərlik, fədakarlıq, səssiz qəhrəmanlıq kimi...Bu gün onun ailəsini ziyarət etməyə gedərkən anlayıram ki, şəhid ailəsinin qapısı döyüləndə təkcə fiziki bir evə deyil, milli mənəviyyatın, mənəvi gücün və müqəddəs ağrının mərkəzinə daxil olursan. Orada danışan sadəcə sözlər deyil-baxışlar, xatirələr, divarda asılı qalan şəkillər, vətən üçün döyünən qəlblərdir. Bu ziyarət həm bir jurnalist kimi vəfa borcumdur, həm də bir vətəndaş kimi vicdanımın çağırışı. Çünki biz şəhidlərimizi anmaqla onları yaşadır, ailələrini dinləməklə tarixə sadiqliyimizi xatırlayırıq. Ruhun şad olsun, leytenant Zeynalov. Sən susdun biz danışırıq-amma sənin sükutun, qələmlə yazılmayan ən böyük qəhrəmanlıq dastanıdır.Hər sözümüzdə sənin son nəfəsinlə yazdığın vətən andı yaşayır. Bu torpaq sənin addımlarını unutmur, bu millət sənin adını ürəyində daşıyır. Sən getmədin-sən xalqının alnına yazılmış bir şərəf imzası kimi qaldın.
Şəhidimizin anası Məleykə xanım, Nurlan Zeynalovun həyat və qəhrəmanlıq yolundan danışır:
-Nurlan uşaqlıqdan çox sakit, ağıllı, tərbiyəli və vətənpərvər böyüyüb. Amma uşaqlıqdan heç gülməzdi və bir qədər sərt baxışları olardı. Lakin o baxışların altında pambıq kimi yumuşaq qəlbi vardı. Ona deyilməzdi ki, gəl dərsini oxu. Kitabları çox sevərdi və biz demədən dərslərini edərdi. Dostaları onu çox istəyirdilər. Helə mən də üzərində çox əsirdim. Heç vaxt ona eləmə-etmə sözü deyilməyib. O, öz yerini bilən, danışanda da sözlərinə diqqət edən oğul idi. Kimsənin qəlbini qırmaz əksinə dostluq, mehribanlıq yaradan bir övlad olub. Silahı çox sevərdi. Velosiped almaq üçün pul veriləndə gedib özünə oyuncaq silah alardı. Oyuncaqlarının hamısı silah idi. Nurlanın atası Birinci Qarabağ Müharibəsində iştirak edib. Ona görə də Nurlan atasının döyüş yolundan, eyni zamanda Xocalıda soydaşlarımızın başına gətirilən faciədən təsirlənərək zabit olmaq qərarına gəldi. Düzdür Nurlan, Azərbaycan Memarlıq və İnşaat Universitetində Neft Qaz mühəndisliyi fakültəsini bitirib. Amma universiteti bitirdikdən sonra zabit olmağa qərar verdi. Atası ona niyə lazım olduğunu soruşduqda o: “Ata işğalda olan torpaqları biz geri alacağıq və siz o torpaqlarda başı dik gəzəcəksiniz” deyirdi. Nurlan mənə deyirdi ki, “ana biz ehtiyyatda olan könüllülərik”.
Məleykə ana Nurlanın ailəyə, ata-anaya olan böyük hörmətindən və arzularından danışır:
-Özünün çox arzuları vardı. Nurlan həm də ailəcanlı bir oğul olub. 2014-2017-cü illərdə regional ASAN xidmət mərkəzində Notariat kontorunda aparıcı mütəxəssis kimi işləyib. Helə burda gələcək həyat yoldaşı Kübra xanımla tanış olaraq ailə qurub. Gəlinimiz də Nurlan kimi ağır təbiətli xanımdır. Hər kəsin telefonunda ailə şəkilləri olduğu halda Nurlanın telefonunda ancaq Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəkilləri vardı. “Mübariz kimi şəhid olmaq ən böyük xoşbəxtlikdir. Ana gərək belə şəhid olasan”-deyirdi. Mən də ay Nurlan, elə demə, axı mən səninlə nəfəs alıram. Dua edirdi ki, ana-ata ölümü görməsin. Deyirdi sizin yoxluğunuza dözə bilmərəm. Həmişə söyləyərdi ki, “Allah mənə sizin yoxluğunuzu göstərməsin”. Atası onun yanında əlini ürəyinə apara bilməzdi. Tez narahat halda soruşardı ki, nə olub? Səksəkə içində idi. Atası qapıdan içəri girəndə dərhal ayağa qalxardı ki, atası gəlib. O, atasının həm dostu, həm qardaşı, həm də oğlu idi. Əlini atasının çiyninə qoyub soruşardı ki, ata hansımız güclüyük? Atası deyərdi mən. O da qayıdıb deyərdi ki, yox mən. Çünki mən əlimi sənin çiyninə qoyduğum üçün gücün mənə keçir.
Şəhidimizin atası, Rəfael müəllim Nurlanın döyüş və qəhrəmanlıq yolundan bəhs edir:
-Nurlan uşaqlıqdan Vətən sevgisi ilə böyüyüb. Hərbi xidmət onun üçün sadəcə bir vəzifə deyildi. Bu onun inancıydı. Biz ata-oğul deyil, qardaş kimi olmuşuq. 2017-ci ilin may ayından 2019-cu ilədək isə özəl şirkətlərin birində Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2019-cu ilin iyun ayından Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda Kadrlar şöbəsinin rəisi kimi işə başlayıb. O, həm də ehtiyatda olan zabit idi.
Sentyabrın 27-də müharibə başladı. Artıq Nurlan 28-i mübahisə edirdi ki, məni niyə çağırmırlar. Dedim ki, oğul hələ qismən səfərbərlikdi, tam səfərbərlik olanda hamımız gedəcəyik. Cəmi ikicə gün səbr edə bildi Nurlan. 28 sentyabr 2020-ci ildə çağırış gözləmədən hərbi komissarlığa müraciət edərək könüllü müharibəyə göndərilməsini tələb etdi. Elə oldu ki, axşam zəng gəldi ona ki, səhər gəlsin. Səhər bircə mənimlə görüşdü, mən də onu yola saldım. Tələsirdi, çox tələsirdi. Elə gözləmədi, otağının açarını verdi ki, “Ata sən təhvil verərsən, mən getdim”. Gəncədə o, 2 il hərbi xidmətdə olmuşdu, zabit kimi. Bir-iki gün sonra mənə zəng elədi ki, “Ata, biz gedirik döyüşə”. Mən də heç kimə deməmişdim, təkcə özüm bilirdim.
Müharibənin qızğın vaxtı zabitlərimiz şəhid olmuşdular. Poliqon komandiri dedi ki, mən gəldim seçim etməyə. Hərbi hissədə Nurlan dayanmışdı, birinci bu çıxdı, dedi: “Mən gəlirəm”. Onlar vaxtilə Gəncədə bir yerdə zabit kimi xidmət etmişdilər. Yaxınlaşıb dedi: “Sən bu günə lazımsan, ora getmə. Oradan geri qayıtmaq yoxdur”. Çox təkid etdim ki, “Gəl, bu işə boyun qoyma.” Bircə söz dedi: “Biz kişi deyilik? Bura gəlməkdə məqsədimiz döyüşməkdir. Biz kişiyik axı. O da başqa heç nə deyə bilmədi. Onunla birlikdə 7 nəfər də çıxdı. Götürdük, getdik. Bəlli məsələ idi ki, oradan geri dönüş yoxdur.
Rafael müəllim, Nurlanın döyüşdəki qəhrəmanlığından danışır:
-Onlar Murovdan Kəlbəcər istiqamətinə gediblər. Daha sonra Murovdan Füzuliyə keçiblər, orada ağır döyüşlər gedirdi. Füzulini aldıqdan sonra Zəngilana gediblər. Hətta bir dəfə mənə zəng edib dedi: “Zəngilanı aldıq, Laçın istiqamətinə gedirik”. Mən də dedim: “Niyə telefondan danışırsan oğul?” Dedi: “Ata, nədən qorxursan ki? Almışam, fərəhlə deyirəm. Laçın istiqaməti ilə Ermənistana girəcəm və ermənilərin kökünü kəsəcəm”. Sözün düzü, mən ehtiyat edirdim. Telefonlar izlənirdi. Deyirdi: “Ata, heç nədən çəkinmə. Bakı şəhərində qışqır ki, oğlum Zəngilanı alıb. Oradan Laçına gedəcəm, oradan da Ermənistana girəcəm. Onların kökü kəsilməyincə geriyə yol yoxdur”.
Şuşada olublar. Şuşada yaralanıb, əlindən zədə alıb. Ratsiya ilə xəbər veriblər ki, “Komandirimiz yaralanıb, təxliyə olunsun”. Onun yanından gələn yoldaşlarının dediyini deyirəm: Deyir, əsəbləşdi, ratsiyanı aldı, yerə atdı, dedi: “Bağlayın əlimi, irəli getməliyik. Arxaya yolumuz yoxdur. Ya şəhidlikdir, ya da qələbə!” Yoldaşları deyir ki, biz dəfələrlə müraciət etdik ki, “Get, yaralısan.” Döyüşə getməzdən 15 gün əvvəl əməliyyat olunmuşdu. Müharibədən 15 gün qabaq. 3-5 saat davam edən ağır bir əməliyyat keçirmişdi. Uşaqlar deyir ki, qızdırma içində yanırdı. Dərman ata-ata vuruşurdu. Nə qədər rəhbərlikdən deyirdilər ki, “Təxliyə olun,” o isə deyirdi: “Mən uşaqları qoyub gedə bilmərəm. Qoyub getsəm, hamısı şəhid olacaq.” Hətta uşaqlar danışır ki, “Mənim arxamca bir cərgə durub gəlin ki, güllə dəyməsin,” — deyirdi.
Məleykə ana deyir ki, oğlunun müharibədə olduğunu heç vaxt bilməyib:
-Mən bilmirdim balam müharibədədir. Hər gün zəng edirdi. Soruşurdu: “Ana, ata dərmanlarını aldı?” Mən insult keçirmişdim. Deyirdim, “Aldı, oğlum”, o isə deyirdi: “Əgər almayıbsınızsa, buradan dostlarım var, zəng edim dərmanları gətirsinlər”. Deyirdim, bala, sən orda nə edirsən? O da deyirdi: “Ana, narahat olma, yeyirəm, içirəm, yatıram”. Mən də elə bilirdim Gəncədə təlim keçir. Hərdən zəng edirdi, arxadan güllə səslərini eşidib, soruşurdum hardasan ay oğul, deyirdi təlimdəyik, onun səsidir. Birdən mənlə danışdığı yerdə hansısa əsgərinə nəyəsə görə qışqırırdı. Deyirdim, anan qurban, uşaqların xətrinə dəymə, müharibə deyil ki, təlimdir də, qışqırma üstlərinə. Mən nə biləydim ki, balam odun-alovun içində mənlə danışırmış, əsgərini qorumaqdan ötrü qışqırırmış.
Bir dəfə də Nurlan mənə zəng etdi. Gördüm səsi çıxmır. Dedim: “Nə olub, bala?” Dedi: “Ana, yuxuda səni gördüm”. Səndemə, balam ağır döyüşdən çıxıbmış. Axşam zəng edəndə isə dedi: “Ana, indi yaxşıyam.” Dedim: “Özünü çox yorma, yeməyini ye”. Dedi: “Ana, yeyirəm” . Sonra soruşdu: “Ana, Nuray nə edir?”. Qızının yeddi yaşı var, o şəhid olanda isə cəmi iki yaşı vardı. Bəzən deyir: “Nənə, ata gələcək?” Deyirəm: “Hə, gələcək.” Soruşur: “Mən nə vaxt görəcəm atamı? Çox gec görəcəm?” Deyirəm: “Bəli, bala, çox gec”. Sonra soruşur: “Nənə, o, pul qazanmağa gedib?” Hələ də “şəhid”in nə demək olduğunu anlamır. Gəzintiyə çıxanda deyir: “Nənə, dayan,” – çıxır kreslonun üstünə, atasının şəklini öpür və deyir: “Biz gedirik gəzməyə.” Çox sevir atasını…
Rafael müəllim, Nurlanın hərbçi yoldaşının Nurlan haqqındakı fikirləri bizimlə bölüşüb:
-Hərbçi yoldaşı, baş gizir deyirdi: “Bu gün həyatda qalmağım Nurlanın sayəsindədir. Məni minaatan atəşi tutdu, gözlərim qan içində idi. Nurlan gəlmək istəyəndə atəş açmağa başladılar, yaxınlaşa bilmədi. Yanında 15 minaatan mərmisi partladı, amma ona dəymədi. Sürünə-sürünə gəlib məni çəkdi, bir daşın arxasına qoydu ki, güllə dəyməsin. Soruşdum: ‘Hara gedirsən?’ Dedi: ‘Yaralılarımız çoxdur, onları gizlədim ki, güllə dəyməsin”. Ona sanki güllə işləmirdi, elə açıq döyüşürdü. Nurlanın şəhid olduğunu eşidəndə inanmadıq. O qədər cəsarətli idi ki, komandir də dedi: “Sevinirdim ki, Allah bu oğlanı mənə rast gətirib. Elə bil müharibə üçün yaradılıb. Hətta bəzən mənə yolu da o göstərirdi”.
Rafael müəllim, Nurlanın şəhidlik zirvəsinə ucaldığı günü belə xatırlayır:
-Müharibədə onunla çiyin-çiyinə vuruşan döyüş yoldaşları Nurlanın vətən sevgisini, komandir kimi, cəsarətini, şücaətini danışa-danışa bitirə bilmirlər. Onun dəfələrlə ağır döyüş zamanı yaralı əsgərlərinə ilk tibbi yardım göstərərək təxliyyəsinə kömək etdiyini, təhlükəsiz yerə aparıb, sonra özünün döyüşə atıldığını deyirlər. Şuşa döyüşləri uğrunda iki dəfə yaralanan Nurlan döyüş yoldaşlarının bütün israrlarına baxmadan geri çəkilmir, döyüşə davam edir. Hətta başqa bir zabit dostunun "yaralısan, gəlmə" sözlərinə əsgərlərini göstərərək "bəs onları kimə əmanət edim?" - deyə cavab verir. Nurlanla son danışığım ayın 7-də oldu. Heç vaxt ürəyimə gəlməzdi ki, oğlum şəhid ola bilər. Bu gün də özümü qınayıram ki, heç olmasa bir dəfə ürəyimdən keçirəydim ki, bu baş verə bilər. Bəlkə o zaman dua edərdim, yalvarardım Allaha. Düşünürdüm ki, necə gülə-gülə yola salmışamsa, eləcə də geri qayıdacaq. Nurlan, müharibənin son gününə qədər şücaətlə, qəhrəmanlıqla döyüşüb. 9 noyabrda Xocavənd uğrunda gedən döyüş isə onun son döyüşü olur. Həmin döyüşlərdə 71 kənd, 8 yüksəkliyin azad edilməsində misilsiz qəhrəmanlıq göstərir. Lakin snayper gülləsinin qurbanına çevrilir. Nurlan son günə qədər vuruşub. Torpaqları həm alıb, həm də qoruyub. Nurlan az yaşayıb ancaq çox şərəfli bir ömür yaşayıb. Əlbbəttə bu, bizim üçün heç asan deyil. Çox ağırdır… Şəhid atası olaraq bütün şəhid anaları və atalarının qarşısında baş əyirəm.
Şəhidimizin bacısı Nuranə xanım qardaşı ilə olan xatirələri bizimlə bölüşüb:
-Nurlanı hədsiz çox istəyirdim. Yanımda ola-ola onun üçün darıxırdım. Heç kimin xətrinə dəyməzdi. Qısqanırdı məni hamıya.Tibb Universitetində oxuduğum zaman məni aparıb-gətirirdi. Kimsə baxanda da xoşu gəlmirdi, mən də çalışırdım o yanımda olanda heç bir tərəfə baxmayım.Həmişə onu güldürməyə çalışırdım. Lakin çox nadir hallarda üzü gülərdi.
Deyirdi ki, sənə elə iş təşkil edəcəm ki, saat 3-ə kimi işləyəcəksən, qalan vaxtda mənim uşaqlarımla oynayacaqsan”. Hamı üçün çox narahat idi. Nədənsə narazı qalanda deyirdi: “Bacı, heç kim məni başa düşmür, mən bu dünyaya aid deyiləm”. Mən də onu bu fikirdən yayındırmağa çalışırdım. Deyirdi: “Mənim ömrüm çox deyil, otuzdan o tərəfə keçməyəcəm”. Bakıda işləməyinə baxmayaraq, Sabirabada yəni rayonumuza getmək istəyirdi. Rayonu çox sevirdi. Deyirdi: “Mənim arzularım var”. Hərbi xidmətə gedəndə deyirdi: “Bax, kiməsə söz verərsiz ha, o qızın adına nəsə bir söz gələr”. Hansı qızı sevdisə, biz ona da elçi getdik. Gəlinimiz Kübra xanım uşaq dünyaya gələndən sonra işə çıxdı, gündüzlər o, axşamlar isə mən baxırdım. Nurlan sinifdə də çox sevilən uşaq olub. Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini çox sevirdi. Bu şeir hər dəfə qarşısına çıxırdı. Deyirdi: “Deyəsən, bu şeirdə nəsə var”. Çox az vaxtımız oldu onunla. Həmişə Allaha dua edirdi ki, “mənə bu üç insanın (atamın, anamın və bacımın) ölümünü göstərmə.” Sözlərinə fikir verən, düşünüb danışan idi. Əlbəttə, onunla bağlı xatirələrim bitməzdir. Bəzən yuxuma da gəlir. Görürəm ki, ağ köynəkdə gəlir, deyirəm, işim uğurlu olacaq. Çörək gətirir mənə. Həyatda gülmədi, amma yuxularımda gülür. O satdığımız həyətdə bir hissə vardı, orada heç nə bitmirdi. Bir dəfə yuxumda gördüm ki, həmin bağdadı, orada çox nəhəng çiçək ağacları var. Nurlan da durub baxır. Soruşdum: “Nurlan, nədir belə bu?” Mənə baxıb dedi: “Bacı, bax, bura cənnətdir. Bu çiçəklər hər üç aydan bir öz rənglərini dəyişir”. Yenə də yuxularımızda bizə məsləhət verir. Hər zaman darıxsam da fəxr edirəm ki, belə bir qardaşımız olub. Biz bir-birimizə çox oxşayırdıq. Sadəcə fərq o idi ki, mən şən, o isə çox qəmgin idi.
Şəhidimiz Nurlan Zeynalovun ailəsi ilə müsahibəni başa vurub evdən ayrıldığım an, içimdə çox dərin duyğular vardı. Bu, sadəcə bir müsahibənin sonu deyil, həm də bir ömrün, bir qəhrəmanlıq dastanının qısa zaman çərçivəsində dinlənilməsi və könlümə daşınması idi. Evdən ayrılarkən qəlbimdə ilk növbədə böyük bir hüzn vardı. Ana və ata ilə göz-gözə gəlmək, onlar danışarkən göz yaşlarına hakim olmağa çalışmaları, hər cümlələrində oğullarının qoxusunu axtarması-bütün bunlar insanın ürəyini parçalayırdı. Eyni zamanda bir qürur vardı içimdə-qürurlu bir ailənin, Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda canından keçən bir oğulun hekayəsini dinlədiyim üçün. Şəhidimiz Nurlan Zeynalovun həyat hekayəsi sadəcə bir insanın deyil, bir millətin izzət və şərəf salnaməsidir. Yol boyu susdum. Sanki danışsam Nurlanın səsi itəcəkdi. Bu susqunluq içimdəki sayğı idi-şəhid ruhuna, onun ailəsinə, bu torpaq uğrunda canından keçən bütün igidlərimizə olan səssiz ehtiramım idi. Şəhidimiz Nurlan Zeynalovun timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Unutmadıq və unutdurmarıq!
Fəridə Ağazadə
Jurnalist


