QEYD: Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində üçüncü kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Layihə çərçivəsində növbəti ziyarətim İkinci Qarabağ müharibəsi qəhrəmanı, şəhid çavuş Bəxtiyar Bayramşah oğlu Məmmədovun ailəsi oldu. Bəxtiyar Məmmədov 1996-cı il avqustun 16-da Qobustan rayonunun Nabur kəndində anadan olub. O, Ə.İbrahimov adına Nabur kənd orta məktəbində 11 il təhsil alıb.
Şəhidin atası Bayramşah bəy bildirib ki, ailədə 5 uşağımız var, Bəxtiyar ailənin 4-cü övlad olub:
“Məktəbi bitirib, əsgər gedib. İdman kompleksində karate idman növü ilə məşğul olurdu, medalları vardı. Sonra çağırış yaşı çatdı, əsgərliyə getdi. Zaqatalada Daxili Qoşunlarda xidmətdə olub. Hərbi xidməti bitirdi, müddətdən artıq hərbi xidmətçi kimi qaldı. Qardaşı Xəyal da hərbi xidmətdə gizir kimi qaldı, hazırda əfsanəvi tabur 052-də xidmət edir. Bu da dedi mən də qalıram. Deyirdim, bala daha böyük qardaşın gedib də hərbiyə, sən getmə. Dedi yox, getməliyəm. Getdim sənədlərini düzəldib gətirdim. Elə oldu ki, düşdü Gəncəyə Daxili Qoşunlara. Orada da 3 il işlədi, təyinatın aldı gəldi Biləcəridə işləməyə. Müharibədən əvvəl məzuniyyəti oldu. Gəldi evə, məzuniyyət vaxtı koronavirusa yoluxmuşdu. Xəstə -xəstə dedi ata, istəyirəm qardaşım kimi, XTQ-yə gedəm. İş yoldaşlarıyla əlaqə saxlayırdı, sağalan kimi yoldaşları ilə xəbərləşdi getdi kursa. Bir gün zəng elədi ki, kurs bitdi, məni indi təlimə aparırlar. Əvvəl də Türkiyədə təlimlərdə olmuşdu. Yenidən zəng elədi ki, təlim də bitdi indi müvəqqəti iş yerimi Pirəkeşküldə veriblər. Bir ay işlədi, sonra müharibə başladı.
25 sentyabr gecə idi, gördük böyük qardaşı bir də iş yoldaşı gəldilər. Saat 12 olardı. Dedim, ay bala, bu vaxtı qonaq gəlmək olmur. Nə işdir bu?
Dedilər elə belə oturmuşduq yemək yedik, dedik gedək ata-ananı çoxdan gedib görmürük, baş çəkək. Yəni bu hərbi sirdir, onlar da o sirri deməzdilər. Bu uşaqlar təlimə gedəndə Türkiyədən zəng edərdilər ki, təlimdəyik gec zəng etsək narahat olmayın. Yerlərini deməzdilər dəqiq. Təlim bitəndən sonra da gələndə deməzdilər”.
Şəhidin anası Sveta xanım bildirir ki, hərbidə nə qədər çətinlikləri olsa, evə bildirməzdilər:
“Misal üçün, ayaqqabı ayağımı sıxır,geyim pisdi. Heç vaxt, heç nə bildirməzdilər. Təlimə gedəndə elə bilərdin toya-bayrama gediblər. Türkiyədən gələndən sonra görüşdük, döşəkçəni atdım ki, yerdə oturdu. Getdim çay gətirməyə, gəlib gördüm döşəkçəni çəkib başının altına elə yatıb ki. Gətirib üstünü örtdüm ki, yazıq balam elə yorğun yatmışdı… İndi televiziyada təlimlərə baxıram deyirəm, ananız sizə qurban, ay bala, belə çətin olurmuş. Axırıncı dəfə əynində forma gəlmişdi, dedim bir belə ildi işləyirsiz, hələ sizi formada görməmişdim, nə əcəb formada gəlmisiz? Dedi, ay ana, məni yoldan götürüblər işdə idim. Demə bunlar hazır gəliblərmiş…
Xəyalla danışırdım, deyirdim, bala, Bəxtiyardan xəbər yoxdur: “Dedi, bəlkə telefonun itirib, onlar getməli deyildi axı, qabaqda biz idik. Bir də dedilər ki, Xəyal xəstəxanadan danışırdı. Deyiblər sən qal burda, gedək Bəxtiyarı götürüb gələk. Bəxtiyar gəlib çıxıb, Xəyalı tapmayıblar.”
Şəhidin atası deyir ki, sentyabrın 25-i gecə gəldilər. Görüşdük, yemək yedilər, bir az uzandılar:
“Dedim səhərəcən qalacaqsınız? Dedi, yox işdəyik səhər. Demə bunları ailəsi ilə görüşə buraxıblar ki, sağollaşsınlar. 1-2 saat oturdular, gecə 2-3-də durdular, yola saldıq. Sentyabrın 26-sı bunları aparıblar, 27-si də ara qarışdı. Zəng elədik, 29-u sentyabrda son dəfə danışdıq. Üç oğlumun üçü də müharibədə idi. Balaca oğlum da Bərdədə əsgərlikdə idi. İkisi XTQ kimi ön cərgədə, balaca da Bərdədə. Biz daha nə yediyimizi, nə içdiyimiz bildik. Uşaqlarım od-alovun içində. Gündə gedirdim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ki, heç olmasa səslərini eşidim. Sonra getdim iş yerlərinə qədər. Orada şəhid siyahısı göstərdilər, adları orada yox idi. Dedilər, ola bilər çökəkdə olarlar, set tutmaz, yaxud telefonları olmaz. Çıxdım gəldim. Bəxtiyardan 29-u zəng gəldi. Dedi, özünüzdən muğayat olun. Dedim Xəyalı görmürsən? Dedi yox, ayrı yerlərdəyik. Deyirdi, sakitlikdi biz tərəfdə arxayın olun yaxşıyam.
Bir gecə icra nümayəndəsindən zəng elədilər ki, gələ bilərsinizmi? Elə bil məni qaynar suya saldılar, dedim üçündən birinə nəsə olub... Hansının başında nə var görən?! Nümayəndə kənd adamıdır, dedim, Vidadi uşaqlardan hansına nə olub? Demədi heç nə, dedi istəsən səhər gəl, istəsən indi maşın göndərmişəm min gəl. Geyinib çıxdım gördüm maşın dayanıb, getdik. Mərəzəyə çatanda gördüm iki ambulans maşını dayanıb. Dedim nəsə var ki, burdadı maşın. Özüm də xəstəyəm, özümü itirmişəm, huşum gedib, ayıldım üzümə su vururlar. Dedilər xəstəxananın ambulanslarıdı, sənə görə gətirmişik. Onu sabah gətirəcəklər…
Soruşdum hansı uşaqdı? Dedilər, Bəxtiyardır… Saat 9-da gətirəcəklər. Dedilər, böyük uşağından xəbərin varmı? O da qolundan yaralanıb, hospitaldadır. İki gün qalıb, gedib ki, mən yata bilmərəm. Geyinib gedib. 3-4 gün gedib, yoldaşlarını sonra tapıb, bir dəfə də yaralanıb. Həmin gecə dedim bəs gətirin ikisini də qardaşlarını öz çiyinlərində aparsınlar. Sağ olsun, razıyam, yığdılar ikisinə də. Süleyman gələcəkdi. Xəyal üçün dedilər, dağdayıq, maşının işığı düşsə, düşmən görəcək, işıqsız da düşsə qəza olar. Səhər göndərərik. Gəldilər, apardıq dəfn etdik. Şəhid kimi birinci Bəxtiyar gəldi, sonrada Mayılov Murad. İkisi də Nabur kəndindən. Elə 90-cı illərin şəhidləri ilə eyni yerdə dəfn etdik”.
Şəhidin anası bildirir ki, Bəxtiyar Füzulidə döyüşüb, döyüş dostları deyir ki, şəhid Fədail vurulan kimi Bəxtiyar aldı qucağına çıxartdı ordan: “Ondan başqa 7-8 nəfəri çıxartdı, təpədən-dırnağa qan içində olub. Deyirlər, qaçışıb mindik maşınlara. Uşaqlardan biri deyir, gedəndə mənim kaskam qalmışdı, qaçdım ki, onu götürüb gələm. Bu vaxt Bəxtiyar özün atıb qabağa ki, sən sonra gələrsən. O uşaq gəlmişdi, bir ayağı axsayırdı. Qarlı boranlı gündə güclə çıxdı məzarı üstə, dedi Bəxtiyara həyat borcluyam.
Nə qədər fəxr etsək də, qürur duysaq da, yenə də burnumuzun ucu göynəyir Bəxtiyardan sarı. Çox inadkar, səbrsiz uşaq idi. Tutduğunu buraxmazdı. Bizə bir kəlmə də demədilər. Qonşudakı uşaqların hamısına deyibmiş, arzum odur ki, mən şəhid olam”.
“Adam adını çəkmək istəmir, ürəyim dözmür. Ölkəmiz, dövlət başçımız sağ olsun. Var olsun Ali Baş Komandanımız. Zarafat deyil, evdə üç uşağın başın bir yerə çətin yığırsan, bu boyda ölkənin başın yığmaq çətin məsələdi. Allah dövlətimizi var etsin, o kişinin sayəsində ölkəmiz bugünkü gücündədir. Müharibə də itkisiz olmaz. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizin canı sağlam olsun!”
Ruhun şad olsun, cəsur qardaşım!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil jurnalist
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin