Vətən və haqq uğrunda canını fəda etməyin müqəddəs adı “Şəhid”-dir. Şəhidlik, ölümlə əbədiyyət arasında körpü quraraq, fani dünyadan əbədiliyə keçən qəhrəmandır. 44 günlük Vətən müharibəsi qəhrəmanlıq salnaməsidir və bu səlnamədə hər bir şəhidimizin öz qəhrəmanlıq hekayəsi vardır.
Bu gün müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində ikinci kitab üçün ailəsini ziyarət edərək həyat və qəhrəmanlıq xatirələrini qələmə aldığım qəhrəmanımız İkinci Qarabağ müharibəsinin şəhidi Əbil Qadir oğlu Cəbizadədir.
Əbil Cəbizadə 26 fevral 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbində alıb. Ali təhsilini isə 2011-2015-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsində, çox işlənən malların texnologiyası və dizaynı ixtisasında təhsil almışdır.
Universiteti bitirdikdən sonra Əbil Cəbizadə hərbi xidmətə yollanmışdır. Silahla mükəmməl davranışına görə “baş atıcı” vəzifəsinə təyin olunmuşdur. Bir əsgər olaraq Əbil Aprel döyüşlərində də iştirak etmiş, bu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə fəxri fərmanlarla və təşəkkürnamələrlə təltif edilmişdir.
Şəhidimizin anası Cəbiyeva Iradə Abbas qızı 1967-ci ildə Göyçay rayonunda anadan olmuşdur. Orta təhsilidir, evdar xanımdır. Şəhidimizin atası Cəbiyev Qadir Əbil oğlu 1958-ci il Göycay rayonunda anadan olub. Orta təhsilidir. Halhazırda təqaüdədir. Ailədə 2 oğlumuz var idi. Kiçik oğlum Cəbizade Abbas Qadir oğlu 1994-cü ildə Sumqayıt şəhərində anadan olmusdur. Ali təhsillidir, Turizm Universitetində təhsil alıb. Ailəlidir. FHN-də çalışır.
Şəhidimizin anası Cəbiyeva İradə Abbas qızı deyir ki, Əbil usaq vaxtı qardaşından xaraktercə daha sakit və təmkinli idi. Atasına oxsayırdı. Usaqlıqdan çox danışmaqla arası yox idi. Ağıllı idi həmdə çox. Dərslərində əlaçı idi. Təhsili ilə yanaşı işləyirdi. Özünü formada saxlamağı çox xoslayırdı. İlk dəfə özüm aparmışdım idmana. Karate ilə məşğul olurdu. Ailədə ən çox atasına bağlı idi. Heç vaxt bizi incitmədi. Müharibədə olarkən zəng edirdi, onda da biz narahat olmayaq deyə, o odun alovun içində nə etdikləri barədə heçnə deməzdi. Bizi eləcə arxayın edərdiki, mama narahat olma hərşey yaxşıdır Həmişə valideynlərdən kimi çox istəyirsən sualı soruşulanda deyərdi ki, ana, inciməzsən atamı səndən biraz çox istiyirəm. (Red; ağlayır).
Şəhidimizin atası Cəbiyev Qadir Əbil oğlu deyir ki, biz onunla sirdaş idik. Hələdə yoxluğuna inana bilmirəm. Onu yola salırdıq, pəncərədən mənə baxdığı anı, baxışları yadımdan çıxara bilmirəm. İki qardaş çox mehriban idilər. Biri birilərinə dəstək olardılar. Telefondakı nömrəsinin balansına hələdə ödəniş edirəm. Həmişə hər şeyi birgə məsləhətli edərdik. Hər gün gedirəm Şəhidlər xiyabanına, orada olanda bilirəmki ordadı, amma evdə qalanda gözüm qalır yollarında bəlkə gələr deyə...
Şəhidimizin xalası Xəlilova İlhamə Abbas qızı 1966-ci ildə Göyçay rayonunda anadan olub. Orta təhsillidir, evdar xanımdır. Xəlilova İlhamə Abbas qızı deyir ki, Əbil çox sakit, vətənpərvər, məsuliyyətli idi. İşdən gələndə həmişə hamımızla görüşərdi, tez tez əlaqə saxlayardı. Böyük kiçik yeri bilən, təmkinli idi. Gələcəyi ilə bağlı o qədər arzuları vardı.
Şəhidimizin valideynləri bildirir ki, Əbilin adına məktəblərdə sinif otaqları, valideynlərin vəsaiti hesabına abidə bulaq kompleksi tikilib, yaşadığı Corat qəsəbəsində küçələrdən birinə isə şəhidimizin adı verilib, Azərbaycan Dövlət İqtisad Universitetində isə büstü qoyulub.
Yekun olaraq şəhid Əbilin valideynləri deyir ki, biz onunla qürur duyuruq, o hər zaman bizim ürəyimizdədir. Allah bir daha xalqımıza müharibə yaşatmasın, valideynlər şəhid xəbəri almasınlar. Allah Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə şəfa versin. Zəfərimiz əbədi olsun!
Əbil Cəbizadə 2020-ci ilin 21 sentyabrında "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təlim və məşq toplantısına çağırılmışdır.
Əbil Cəbizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudafərin körpüsünün azad olunmasında böyük şücaət göstərmişdir.
Əbil Cəbizadə 14 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbil Cəbizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbil Cəbizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.06.2021-c i il tarixli Sərəncamına əsasən Əbil Cəbizadə ölümündən sonra Füzulinin azad olunmasına görə medalı ilə təltif edilib.
Ruhun şad olsun, Vətən oğlu!
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
tədqiqatçı jurnalist, pedaqoq, yazar, Günel Şəmilzadə