QEYD: Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində üçüncü kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Layihə çərçivəsində növbəti ziyarətim İkinci Qarabağ müharibəsi qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Murad Yusif oğlu İbadovun ailəsi oldu. Murad İbadov 1993-cü il dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2000-2009-cu illərdə R. Hüseynov adına Cəyirli kənd tam orta məktəbində, 2009-2011-ci illərdə isə A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
Murad İbadov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Şəhidin bacısı Aytən xanım deyir ki, ailədə 3 bacı, bir qardaşıq. Qardaşım orta məktəbi bitirdikdən sonra yüksək balla AAHM daxil olub. Hərbi təhsilini 4 il orada davam etdirib, məktəb vaxtı çox savadlı şagird olub. Hər zaman biliyi ilə yaşıdlarından seçilirdi, dərslərini çox yaxşı oxuyurdu. Hərbiyə olan istəyi də məktəb zamanından başlayıb. Daha sonra da bu istəyini davam etdirdi. 4 illik hərbi məktəbdən sonra 2016-cı ildə Tərtər rayonunda hərbi xidmətə başlayıb. Yanvarın birində Bərdə korpusunda işə başlayıb. Daha sonra Aprel döyüşlərində iştirak edib, ondan sonra Tərtər rayon "N" saylı hərbi hissədə baş leytenant olaraq işə başlayıb. 2018-ci ildə də ilin ən yaxşı baş leytenantı adına layiq görülüb.
Çox danışan biri deyildi, xüsusən müharibə haqqında. Həm biz narahat olmayaq, həm də hərbi sirr olduğu üçün danışmırdı. Aprel döyüşlərində ön cəbhədə düşmənlə vuruşub. Vətən müharibəsindən əvvəl yayda məzuniyyətə gəlmişdi. Uzun müddət idi gəlmirdi. Amma müharibə başlayan zaman zəng edib, geri çağırdılar. Gedəndə bizə heç nə demədi. Biz vəziyyətin bu dərəcədə olduğunu bilmirdik, elə gülə-gülə sağollaşdıq. Müharibədə Tərtər rayonunda olub. Daha sonra oradan Suqovuşan istiqamətində döyüşüb, sonra Ağdərə uğrunda döyüşlərdə şəhid olub.
Müharibə zamanı çox nadir hallarda zəng edirdi, qısa hal-əhval tuturduq. Oktyabrın 15-nə qədər danışdıq. Danışanda çox bir şey söyləməz, yaxşıyam deyərdi. OKtyabrın 16-sı şəhid olub. Neytral zonada qalmışdı deyə çıxara bilmirdilər, bizə demədilər. 36 gün orada düşmən tərəfdə qalmışdı. Noyabrın 21-də şəhidlik xəbərini komandirləri verdilər".
Şəhidimizin anası Gülcahan xanım deyir ki, Murad çox qayğıkeş övlad idi. Həmişə seçilib, yaşı az olsa da, çox müdrik uşaq idi. Həddən artıq az danışırdı, ancaq hər kəlməsi qızıla bərabər oğul idi. Məktəbdə müəllimləri, dostları hamı onun yoxluğuna heyfslənir. Doğrusu, mən istəmirdim o hərbçi olsun. Doqquzuncu sinifdə getmək istədi hərbiyə, dedim bir uşaqsan getmə, yaxşı da oxuyursan daha yaxşı yerlərə qəbul ola bilərsən. Onda getmədi, iki il də oxudu məktəbdə. İmtahanda yüksək bal toplamışdı, hara istəsə qəbul ola bilərdi, riyaziyyatı yaxşı bilirdi. Müəllimləri elə bilirdi Murad riyaziyyatçı olacaq. İmtahanda belə riyaziyyatdan bütün sualları düzgün cavablamışdı. Amma sonra hərbini seçdi, öz seçimi, arzusu olduğu üçün daha heç bir şey demədim.
Evə gələndə heç vaxt forması ilə gəlmirdi. Hərdən deyirdim, kimsə əsgərlikdən gələndə 10 gün formasın əynindən çıxartmır ki, əsgər olmuşam. Deyirdim, ay Murad sən niyə belə edirsən? Gülümsəyirdi. Heç vaxt özü ilə, hərbi uğurları ilə öyünmürdü. Elə bir mələk idi balam. Medalları, fəxri fərmanları var. Birini gətirdi, mən onu çox əzizlədim, mebelin yuxarısına qoydum. Dedi ki, ana ondan orda o qədər var ki...(Red.ağlayır)
Muraddan böyük komandiri polkovnik leytenant Ramil Hacıyev vardı. O da şəhid oldu. Onlar döyüşdə mühasirəyə düşmüşdü, Muradı köməyə çağırmışdı. Xəbər göndərib ki, bizi çıxarsa, Murad çıxara biləcək, ona deyin. Balam da əsgərləri ilə birlikdə gedib köməyə. Onların mövqeyi çox çətin olub. Ağdərə ətrafında mühasirəyə düşüblər. Ermənilər onları yuxarıdan görə bilirmiş. Muradgilin kömək komandası bunu bilə-bilə yenə o yolu gedib, çox irəliləyiblər. Ancaq güllə yarası ilə şəhid olublar. Görüblər itki çoxdur, Muradgilə deyiblər ki, qayıdın təhlükədəsiniz, qayıtmayıblar. Ermənilər yüksəklikdən artirelliya atəşinə tutub onları. Ancaq Murad qayıtmayıb..."
Şəhidimizin bacısı Aytən xanım bildirir ki, bir jurnalist qeyd edirdi ki, müharibə vaxtı əsgərlərə əlcək, şərf və s. soyuqdan qoruyan geyimlər paylanırmış. Əlcəklərdə əskiklik olub. Murad özü üçün ayrılmış əlcəyi götürməyib, əsgərə verib:
"Öz əsgərləri, hərbçi yoldaşları, digər leytenantlar həddən artıq çox yaxşı şeylər danışırlar qardaşım haqqında. Hələ də bizimlə əlaqə saxlayıb, maraqlanırlar. Onun qəhrəmanlığı, insanlığı, Vətənə olan sevgisi haqqında çox danışırlar. Əsgərləri deyir ki, o hədsiz qorxusuz idi. Tərtərdə bunların olduğu hərbi hissəyə ermənilər artirelliya ilə atəş edib. Bütün hər şey dağılıb, heç nə salamat qalmayıb. Hamı qorxu keçirib, bir Murad qorxmayıb. Deyirlər soruşduq ki, komandir niyə heç qorxmadınız? Deyib ki, onsuz da hamımız şəhid olacağıq. Nədən qorxursunuz?!
Hər iki kənd məktəbində qardaşımın adına sinif otaqları var. Pirallahıda yerləşən məktəblərin birində, öz rayonumuzun digər kəndlərindəki orta məktəblərində də adına sinif otaqları var".
Gülcahan ana deyir, Muradın komandasında leytenant Toğrul Sadayev vardı, həm də döyüşdə bir olub, yaralanıblar. O deyir ki, Muad yaralandı. Biz onun yarasını bağlayıb çəkdik, val deyirlər onun dibinə. Sonra biz irəlilədik:
"Bir də gördük Murad yarasını sarıyıb, əsgərlərinin arxasınca gəlir. Onları tək buraxmayıb, yaralı halda sonacan vuruşub. Bir əsgəri də vardı, o deyirdi döyüşə gedəndə gecə 8 saat yol getdik. Elə bir yerdən keçdik ki, oranı ermənilər minalanmışdı. Murad 300 nəfərlik komandamızı oradan elə keçirdi ki, bir əsgərin burnu da qanamadı. Hamısını sonradan bizə danışırdılar, özü heç nə danışmazdı. Çox səbrli idi, ancaq gülümsəyərdi. On gün evimizdə qaldı, müharibədən söhbət də salmadı. Çox ailəcanlı idi. Onlara təqaüd verirdilər, yollayırdı bizim üçün, özü xərcləmirdi. Elə sonuncu dəfə gələndə dedim səni evləndirəcəyəm, bala. (Red.ağlayır)
Oktyabrın 15-i gecə saat 20:00-da danışdıq. Səsi çox yavaş gəlirdi, mən qorxurdum, həmişə müharibə zonasında olardı. Düşmənlə üz-üzə idilər. Deyirdim gecə çox zəng eləmə, işıq düşər vurarlar. O gün gecə zəng etdi çox yavaş səslə dedi yaxşıyam. Elə bildim çətin yerdədir, dedim anan qurban sağ ol, bizdən nigaran qalma, söndür telefonu. Sonra döyüş yoldaşları ilə bu haqda danışanda dedim özümə bağışlamıram ki, onda onunla çox danışmadım. Dedilər, ana, biz onda yol gedirdik, ona görə zəif səslə danışırdı. Elə səhərisi şəhid olub. Hamı bilib biz bilməmişik. Nə vaxt ki, nəşi neytraldan çıxarılıb o zaman dedilər. Elə təsəllimiz o idi ki, şəhid siyahılarında adı yox idi. Hamı axtarırdı. Deyirdilər onlar 18 nəfər mühasirədədirlər. Mən də inanırdım ki, sağdı balam...
Döyüş yoldaşları deyirlər, Murad harada ki şəhid düşmüdü ermənilər onun dörd tərəfini də qarış-qarış minalamışdılar. Onun bir əsgəri varmış adı Ziya Gözəlov, deyirlər Murad şəhid olanda o irəliləsə, sağ qalardı. Ancaq Muradı tək qoymayıb, ikisi qucaqlaşıb şəhid olublar. (Red.ağlayır)
Anım günlərində icra başçısı da gəlir, nümayəndələr də gəlir. Həmişə yad edirlər. Hamısı sağ olsun, Allah bütün şəhidlərimizə rəhmət etsin!"
Azərbaycan Ordusunun baş leytenantı olan Murad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad İbadov oktyabrın 15-də Ağdərə istiqamətində zamanı şəhid olub. Qobustan rayonunun Cəyirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Murad İbadov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Suqovuşanın azad olunmasına görə" medallarıı ilə təltif edilib.
Ruhun şad olsun, qəhrəman qardaşım!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil jurnalist
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin