QEYD: Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində üçüncü kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Layihə çərçivəsində ilk ziyarətim İkinci Qarabağ müharibəsi qəhrəmanı, şəhid Elyəddin Cəfərovun ailəsi oldu. Elyəddin Zöhrab oğlu Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində anadan olub. 2001-2012-ci illərdə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbdə təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət edib. Subay idi.
Şəhidimiz haqda həmsöhbətim anası Xatirə xanım oldu. Xatirə ana deyir ki, Elyəddin doğulanda da möcüzəvi bir uşaq kimi doğulmuşdu.Uşaq vaxtından savadlı olduğu, hər şeyə qeyri-adi yanaşdığı, çox mərhəmətli, ağıllı, tərbiyəli uşaq kimi seçilərdi:
"Məktəb vaxtı dərslərini çox yaxşı oxuyardı. Qaşaltı kəndində 1-ci sinfə gedib, elə 11-ci sinfə qədər orada oxumuşdu, ama o ərəfələr Naftalanda da hazırlıqlara gedirdi. Uşaqlıqdan elə hərbiçi olmaq idi arzusu, 9-cu sinifdə oxuyanda C.Naxçıvanski adına hərbi liseyə vermək istəyirdi sənədlərini, mən qoymadım. Kaş qoyaydım, ona görə çox peşmanam, çünki həm öz arzusu idi. Həm də onun hərbiyə o qədər sevgisi var idi ki, qeyri-adi hərbi savadı var idi. Onu komandirləri də əsgərlik zamanı qeyd etmişdi. Qoymadım o vaxtı getməyə, dedim yox, sən savadlı uşaqsan, yaxşı bir ali məktəbə qəbul olarsan. İmtahandan kəsilmişdi, 2 balı çatmırdı. Ondan aşağı yerə pulluya düşürdü, getmədi. Həmişə özünü qurban verdi, kirayədə yaşadığımıza görə, dedi ki, ana, yox, kirayə ilə pullu məktəb oxuya bilmərəm. Bir də gördüm yenə sənədlərini toplayıb, Heydər Əliyev adına hərbi liseyə getmək istəyir. Onda da heç nə demədim, bildim ki, arzusudur. Özüm də imtahanlara Elyəddinlə getdim, bir həftə orada imtahanlar oldu, bütün imtahanlardan və qabiliyyət imtahanından keçdi. Boğazında angina olduğu üçün kəsildi. Əlində sənədləri qapıdan çıxanda gördüm gözlərindən, yanağından yaş axır, qucaqladım balamı bildim ki, keçməyib. Çox böyük həvəsi var idi, 3 aydan sonra əsgər getdi. Mənim balamı çox əziyyətlə böyütmüşdüm. Ağıllı, savadlı idi. Yeni-yeni əli işə çatırdı anasına dəstək olacaqdı. Müharibədən əvvəl son bir neçə ayda deyirdi ki, darıxma, oxuyacağam. Amma hələ əlim işə çatsın, tezliklə səni kirayədən qurtarım, mən rahat olum.
Əsgərlikdə o qədər yaxşı xidmət edib ki, komandirləri buraxmırdı. Tovuzda xidmət edirdi . Neçə dəfə atışmada olmuşdu, kəşfiyyatçı kimi gedirdi, düşmənlərlə çox yaxın, üzbə-üz atışmalarda olmuşdu. Komandiri deyirdi ki, belə savadlı əsgər bizə hər zaman lazımdır. Onda balam mənə dedi ki, ana, məni buraxmırlar,dedim bəs sən bilmirsən ki, mən təkəm? Ana kimi qorxurdum, içimdə bir hiss var idi, elə bil ürəyimə dammışdı. Sözümü eşitdi, gəldi. Ama orada komandirlərinə demişdi ki, Vətən nə vaxt darda olsa, mən sizin yanınızda olacağam, elə də oldu".
Xatirə xanım deyir ki, müharibə başlamamışdan əvvəl Elyəddin qeydiyyatda idi, ehtiyatda olan hərbiçi idi, onu snayper kimi apardılar: "Sentyabrın 21-də getdi. Onda burda Goranda Socar Petroleumda işləyirdi. Həmin günü səhər tezdən ona zəng etdim ,dedi, ana nə plub? Dedim, bilmirəm, ürəyim yaman darıxır, elə bilirəm səni aparacaqlar. Axşama qədər bir saatdan bir zəng etdim. Onda xəbərlər yayılmışdı ki, müharibə olacaq. Məni arxayın salmaq üçün dedi, qorxma məəni aparmazlar, mən dövlət işçisiyəm,.Axşam saat 19:00 olardı zəng elədim, dedi, ana, məni aparırlar, sənə zəng edəcəyəm darıxma. Son sözü o oldu. Heç görüşə də bilmədim balamı ,elə işdən apardılar. Dedi, darıxma, dalımca gəlmə, gedirəm 2 aylıq təlimə. Amma bilirdi hara getdiyini, yenə də anasını düşünürdü. Balam dedi 2aylıq maaşımı alacağam, götürərsən, korluq çəkmə. Son sözü o oldu ki, dalımca gəlmə!
Müharibə başlamamışdan 27-nə keçən gecə min nəfərlik taborun içindən çıxıb deyib ki, ilk cəbhəni yaran özüm olmaq istəyirəm. Elyəddini orda manqa başçısı kimi atıcıların komandiri qoyublar. Təqribən 25- 30 nəfərlə onlar Suqovuşan istiqamətində ilk döyüşə gedib. Birinci gecə döyüşəndən sonra dincəlməyə qalxıblar. Dəqiq bilmirəm hansı olub, yoldaşlarından eşitmişəm Yaşmadan onun elə getdiyini görüb, özlərilə götürüblər. İlk cəbhəni yaranlar arasında gedib. Döyüş zamanı yoldaşları hamısı şəhid olub, özü tək qalıb. Yanında bir əsgəri qalıbmış, Şəkidən imiş. O, geriyə qayıdıb, kömək üçün xəbər aparıb. Elyəddinə nə qədər deyiblər, çıxma yerindən, qalxma, o eşitmiyib. Düşmənin bir tankı bizimkiləri irəliləməyə qoymur, vururmuş. Həmin tankı partlatmaq üçün tank əleyhinə qrantamyot silahını götürüb, gizlənməyə də yer olmayıb, qaça-qaça düz tankın üstünə gedib. Arxada olan əsgərlər deyir, Elyəddin tankı partlatdı, bu zaman onu snayperlə vurdular. Amma o, qaça-qaça getdiyinə görə, snayper ürəyindən dəyməyib, yan keçib. O, sağ da qala bilərdi, qan itirmədən ölüb. Bir sutka neytralda sağ qalıb.. Oğlum tankı partladandan sonra bizimkilər irəliləməyə başlayıb. Mənim balam belə qəhrəmandır. Elə bir igidlik göstərib, arxadakı əsgərləri qorumaq üçün, özünü qurban verib".
Xatirə xanım deyir, tədbirdə idim, bir neçə qazi məni görüb, göz yaşlarını saxlaya bilmədilər. Həmin o qazinin biri deyirdi ki, mən bu ananın üzünə baxa bilmirəm:
"Məni Elyəddin xilas edib. Mən sağ qalmışam, amma o şəhid olub. Yəni nə qədər yaralılarmızı çıxardıb od-alovun içindən. Nə qədər əsgərlərə kömək edib. Güclü atıcılıq qabiliyyəti var idi, döyüşü çox güclü keçirib. Axırda da ölümün gözünə dik baxaraq, Vətənini, millətini düşünüb, ölümə gedib. Belə bir igid olub. Qeyri-adi uşaq idi. Cəmiyyətdə o, az yaşı ilə hörmət qazanmışdı.
Heç döyüş vaxtı zəng etməmişdi. Bəlkə də yığmışdı, sonradan telefonuma baxmışdım başqa nömrələrdən zəng gəlmişdi. O qədər peşman olmuşdum ki, mən necə eşitməmişəm. Çox peşman olmuşdum ki, kar olaydım, o telefonun səslərini eşitməmişəm. Mən onun son sözünü eşitmədim. Heç zaman qıymazdı mənə, heç vaxt deməzdi çətindi və s. Bəlkə də heç zəng etməmişdi, bilmirəm...
Şəhid olduğunu bizə xəbər vermədilər. Axtarışa başladım, hər komissarlığa getdik, dedilər ki, sağdır, oğlunuz kəşfiyyatla gedib. Ona görə, əlaqə qurmaq mümkün deyil. Yəni o, danışa bilməz.. Mən də ümidlə gözləyirdim ki, yəqin balam sağdır... Amma sən demə balam şəhid olubmuş. Suqovuşanın alınması uğrunda mənim balam şəhadətə qovuşub. Orada şəhid olub. Kömək gedə bilməyib həmin yerə. O, qanitirmədən şəhid olub. Özü yaralananda komandirlərə xəbər verib ki, mən yaralandım. Əsgərlər qırx mərasiminə gəlmişdi, onlar deyirdi ki, biz onun vurulduğu anı gördük, o, nə yerə yıxıldı, nə də arxasını düşmənə çevirdi. Tankı partladanda vurdular onu, 3 addım geri addımladı, düşmənin üzünə baxa-baxa oturdu yerə. şəhid oldu. Mən özüm belə oğlumun bu cür qəhrəmanlığını bilmirdim".
Şəhidimizin anası son olaraq dedi ki, mən bütün xalqımdan şəhidlərimizi anmalarını gözləyirəm. Çünki bu oğullar Vətən, xalq üçün gedib. Onlar gedib canını verməsəydi, qələbə qazanmazdıq: "Bu cür oğullar, bu Azərbaycan xalqını, Azərbaycan dövlətini xilas etdilər, öz canlarını verdilər. Bir də, xalqımızdan xahişim var ki, bizim şəhidlərimizi heç zaman unutmasınlar. Daim onları ansınlar, bizə mənəvi dəstək olsunlar. Balalarımızı yaddan çıxartmasınlar. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Allah xalqımızı, Vətənimizi qorusun!"
Azərbaycan Ordusunun əsgəri olan Elyəddin Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elyəddin Cəfərov 20 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elyəddin Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə"medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhun şad olsun, Vətən oğlu!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil jurnalist
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin