Şəhidin həyat yoldaşı Fərəcova Şəlalə xanım deyir ki, Zülfüqar bizə heç nə demirdi: "Bir dəfə sözarası bizə deyirdi ki, narahat olmayın heç nə olmaz. O, nə isə deyəndə mən ağlayırdım deyə, demirdi. Məni oğluma, oğlumu mənə əmanət edirdi. Onun əsas amalı axıra qədər döyüşmək idi. Deyirdi ki, öz torpaqlarımızı alacağam, sizi aparıb oraları göstərəcəyəm. Ən böyük arzusu öz torpağını azad edib oranı görmək idi.
Onunla sonuncu dəfə telefonla danışanda deyirdi ki, hər şey yaxşıdır. Oğlumuzla danışanda atışma gedirdi. Oğlumuza deyirdi ki, narahat olma, fişəng atırlar. Həyat yoldaşım Aprel döyüşlərində də iştirak edib. Ancaq döyüşdə iştirak etdiyini bizə tam demirdi. Biz daha sonra bildik ki, onlar döyüşdə ön cəbhdə döyüşüb.
Ən böyük arzusu oğlumuzun pilot olması idi. Onun seçdiyi sənətin necə çətinlikləri olduğunu da deyib, xeyir-dua etmişdi. Övladına, ailəsinə çox bağlı idi yoldaşım, biz ondan çox razı idik".
Şəhidin qardaşı Fərəcov Qabil deyir ki, ailədə doqquz övlad olmuşuq 4 qardaş, 5 bacı. Qardaşımın tək yadigar oğlu Fərəcov Əmrah Azərbaycan Texniki Universitetində 2-ci kursda təhsil alır:
"Mənim qardaşımın uşaqlığı elə bir dövrə təsadüf edib ki, ermənilər onların uşaqlığını əlindən almışdı. Mənim qardaşım Xocalı soyqırımını, Qaradağlı qətliamını və digər faciələri görüb, yaşamışdılar. O dövrün uşaqları həmişə qisas hissi ilə danışırdı.
Qardaşımgil həmlə dəstəsində olduqlarına görə öndə idilər və müharibə başlayandan 1 gün sonra şəhid oldular. Müharibə başlayanda oğlu Əmrahla danışıb deyib ki, məndən narahat olma, hər şey yaxşıdır, özünüzdən, anandan muğayat olun. Dostu var Şirməmməd adında ona deyib ki, getmək var, qayıtmamaq da var. Vətən müharibəsində Xocvənddən hər bir kəsin bir yaxını iştirak edirdi. Hər kəs uşaqdan - böyüyə ayaq üstə idi. Hamı döyüşə hazır idi. Müharibə başlayandan sonadək buradan bir nəfər də olsun buradan qaçmadı. Hər kəs gözləyirdi. Birinci Qarabağ müharibəsi vaxtından insanlarımız çox yaralı idilər. Şükür bu günə ki, biz qalib gəldik.
Döyüşçü yoldaşının atası bizə telefonla xəbər vermişdi ki, qardaşımız şəhid olub. Bura, Beyləqan Mərkəzi Xəstəxanasına gətirdilər. Daha sonra Füzulidə Əhmədbəyli kənd məscidindən təcili yardım maşını ilə birgə gətirdik. Burda Xocavənd rayonu şəhidlər xiyabanında dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Biz dövlətimizdən çox razıyıq, sağ olsun Ali Baş Komandan bizə hər cür dəstək, qayğı göstərir. Qardaşlarımız şəhid oldular, bizi yaşatdılar. Bundan sonrakı nəsillər daha başı dik yaşayacaqlar".
Şəhidin adına orta məktəbdə sinif otağı var. Həmçinin ümumi şəhidlərin memorial kompleksində adları və şəhidlər bulağı var.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Zülfüqar Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində snayper olaraq iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Zülfüqar Fərəcov sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zülfüqar Fərəcov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruhun şad olsun, igid qardaşım!