Şəhidlər ölmürlər, Vətən göylərinə çəkilirlər. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq hissi ilə yad edilirlər. Haqqında söhbət açacağım qəhrəman şəhid, Şuşa fatehi, leytenant Məcidzadə Teymur Tehran oğludur.
Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Bakı şəhərinin Xətai rayonunda yaşamağa başladılar. 1999-cu ildə Xətai rayou 25 saylı orta məktəbinə gedib. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alaraq oranı bitirib.
Şəhidin anası Camalova Yasəmən Mehman qızı deyir ki, Teymur 8 aylıq olanda onu Füzulinin Gecəgözlü kəndindən qucağımda qundaqda körpə ikən gətirdim. Mən müharibənin dəhşətlərini, o qanı, pis günləri gözümlə gördüm:
“Elə bilirdim Teymur böyüyənədək bu müharibə bitəcək. Sən demə, balamı gözləyirmiş ki, balam şəhid olsun, Şuşa fatehi olsun. 2 övladım var. Bir qardaş, bir bacı idilər. Aralarında 2 yaş fərqləri var, bacısı qardaşını universitetə hazırlayırdı, çox mehriban idilər. Azərbaycan dili müəllimi bunu çox istəyirdi, deyirdi ki, Azərbaycan dilindən 25 düz yazsan, yoldaşımın maşınını sənə hədiyyə edəcəyəm.
Orta məktəbdə olimpiada yarışlarının qalibi olub Teymur.
Bu evdə, bu həyətdə biz çox xoşbəxt yaşamışıq. Yoldaşım həyətdə ip çəkmişdi voleybol oynayırdıq. Atası ilə qızım bir olurdu, mən də oğlumla bir, oynayırdıq. Hamı deyir, sizin mehribanlığınız gözə gəldi sanki. Qismət, bəlkə balam sağ da gələ bilərdi. Allah bütün şəhidlərmizə rəhmət eləsin! O, “Neftçi” fan klubunun üzvi idi. Gözəl futbol oynayırdı. “Neftçin”in və “Real Madrid”in azarkeşi idi”.
Anası qeyd edir ki, Teymur bir gün dedi ki, mən hərbiyə gedəcəyəm:
“Üç aylıq kurs keçdi, sonra Pirəkəşküldə işə başladı. Ordan İtalyan dili kursuna göndərdilər. Oğlum məzuniyyətdə idi. 26 sentyabr məzuniyyəti yarımçıq qoyub, getdi. Mənə deyirdi ki, ana, bizim elə oğullarmız var ki, ön cəbhəyə əsgər lazım deyil. Ondan nəsə bir sirr almaq çox çətin idi. Çox narahat idim, gecə yazı-pozusun çəkib atdı ki, narahat olma.
Mənimlə eyni gündə, 10 oktybrda doğulmuşdu. 28 il ad günümüzü ana-bala qeyd etdik, 28-ci ildə ad gününü doğma torpaqlarımız olan Füzulidə qeyd elədi.
Tezdən saat 6-da zəng etdi, məni təbrik etdi, mən də onu təbrik etdim.
Bizim Gecəgözlü kəndindən zəng etdi. Atasına dedi təbrik edirəm, Gecəgözlü kəndinizi tamam aldıq! Atası soruşdu ki, hardasan? Dedi kəndin klubunun heykəlinin yanındayam. Soruşdu evimiz hardadır? Atası dedi oranı ermənilər şumlayıb, məhv ediblər, sən oranı gedib tapa bilməyəcəksən. Erməni vəhşiləri hamısını tamam darmadağın etmişdilər”.
Yasəmən ana deyir ki, 4-6 oktyabrda Teymurun Türkiyəli hərbçilərlə təlimdə iştirak etdi, təltiflər aldı. Türklər ona təklif edib ki, gedib PUA-ların idarə olunması ilə bağlı təhsil alsın:
"O isə imtina edib ki, Vətən çağırır, mən əli silahlı döyüşə gedəcəyəm. Mənim torpaqlarım alınır, mən döyüş yoldaşlarımı qoyub gedə bilmərəm. Füzulidə cəhənnəm odun alovun içində idilər. Balam ordan çıxdı, Şuşanın azad olunması istiqamətində şəhid oldu. Bir ona sevinirəm ki, mənim balam Şuşanın azad olunmasını görüb, bilib. Allahıma bundan ötrü çox şükür edirəm!
Əsgərləri danışırdı ki, bir dəfə Cəbrayıl istiqamətində mühasirəyə düşüblər. 104 nəfərlik şəxsi heyəti Teymur öz bilik bacarığı ilə çıxarıb mühasirədən.
Füzulinin bütün kəndləri tamamilə azad olunandan sonra oktyabrın 29-da zəng etdi ki,ana, kalon düzülüb. Şəklini atdı baxdım ki, hamısı hisin,palçığın içindədilər. Deyirdi, ay ana, biz Xocəvənddəyik, bura bir gözəl yerdir. Gör, erməni mənfurları 30 ildə bizi nələrdən məhrum ediblər. Xocavəndən sonra Şuşa istiqamətinə ac-susuz getdilər, bir Allah bilir nə əazab- əziyyət çəkdi balalarımız orada. 052 ilə bunların istiqaməti eyni olub. Onların uşaqları sevinirmişlər ki, nə yaxşı ki gəldiniz, artıq nə qədər müddətdir susuzuq. Bunlar da susuz imiş, onlar da. Min bir əziyyətlə Şuşanı alıb balalarımız...
Mənim oğlum şəhid olmayacaqdı qapı bir qonşumun övladı, qohumum, yaxınımın övaldı şəhid olacaqdı. Bu məni yandırmazdı? Təbii ki, yandırardı.Torpaqlarımızın işğaldan azad olunmasında mənim oğlum Teymurun da adı varsa, mənim üçün bu dünyadır! Mənə deyirdi ki, tez məni yığ. Zəngimselə Prezident İlham Əliyevin səsini qoymuşu. Çox sevirdi Prezidenti. Dövlətdən çox razıyam. Allah dövlətmizi, dövlətçiliymizi qorusun, amin!
Sonuncu telefon danışığı 30 oktyabrda oldu bizimlə. Döyüş yoldaşlarına atasının telefon nömrəsini vermişdi. Deyirdi ki, atama deyin hər şey yaxşıdır".
Ancaq oğlunun yoxluğu atası Nəcəfov Tehrana çox pis təsir edib. Oğlu II Fəxri xiyabanda dəfn olunandan sonra insult olub, sonra infarkt keçirib. 2021-ci ilin dekabrın 24-açıq ürək əməliyyatı keçirib. Hazırda Kardiologiya İnstutunda xəstəxanadadır. Sığortasını dövlət edir, dərmanlarını YAŞAT fondu təmin edir.
Qeyd edək ki, şəhidin anası Yasəmən xanım uzun illər mühasib işləyib. Oğlu şəhid olandan sonra işdən ayrılıb. Ana deyir ki, daha balamdan sonra bunlar mənə çox mənasız gəlir:
"Balamı dəfn etdik, daha sonra xəbər gəldi ki, müharibə qurtardı. İnanın, bu gün mənim üçün o dünya gözümdə elə gözəlləşib. Gedib balama çatım kaş, elə bil çamadanım yığılıb hər zaman hazıram. Hər zaman o ümidlə yaşayıram ki, balamın yanına gedəm. Torpaqlarımız olmasa, nə ananı, nə də ailəni qorumağa dəyər. Bəlkə də illər keçəcək, minlərlə Teymurlar böyüyüəcək. Mənim Teymurum da xoş xatırlanacaq, onunla fəxr edirəm! Uca Allah Azərbayacanımızı qorusun! Körpələrimiz müharibəsiz, qan-qadasız böyüyəcəklər. Allah qalanlara cansağlığı versin, şəhidlərmizə rəhmət etsin! Oğul Vətən üçündür!"
Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə öz canını fəda edərək savaşmışdır. Teymur Məcidzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Məcidzadə Teymur Tehran oğlunun adı 20-yə yaxın məktəbin müxtəlif sinflərinə verilib. Adının məktəbə verilməsi ilə bağlı müraciət də olunub.
Ruhun şad olsun, Şuşa fatehi, son döyüşün son şəhidi , leytenant Məcidzadə Teymur!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin