
Bəşər cəmiyyətində bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə anlar, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Allahın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi olduğu üçün sonda Allahın rızasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Bu şərəfli oğullarmızdan biri də Ağayev Naim Süleyman oğludur.

Şəhidin atası Ağayev Süleyman deyir ki, oğlum Bakıda ticarətlə məşğul olurdu, eşitdi müharibəyə hazırlıq var, işini yarmıçıq qoyub gəldi. Dedi, mən hökmən getməliyəm, Vətən çağırır.
"Bütün müəllimlər həmişə balamdan danşardı, çox istiqanlı uşaq idi. İndi müəllimləri deyir ki, onun haqqında danışmaq çox çətindir. Babaları Ağayev Mülük Məmmədqulu oğlu, Əliyev İbiş Salman oğlu da İkinci Dünya müharibəsində döyüşüblər. Q əhrəmanlıqda babalarına oxşayırdı balam. Xasiyyəti, xarakteri, qoçaqlığı eynilə Mülük babası idi.

Ümumilikdə 400 nəfər idilər xüsusi təlimlərdə sıx iştirak etdilər. Beyləqanda Haramı düzünə apardılar onları. Təlimi Azərbaycan və Türk hərbçiləri birlikdə keçirdilər. 1 ay təlim keçdilər, daha sonra döyüş istiqamətinə yollandılar".
Şəhidin anası Ağayeva Lalə xanım deyir ki, çox yer-yurdun bilən uşaq idi. Səhhətimlə bağlı problemlərim olurdu deyə, həmişə mənə yardım edirdi:
"Çox diqqətcil idi. Kursda axşam saat 10-da gəlirdi, gələndə də mənə hədiyyə alırdı. Axırıncı dəfə bura döyüş yoldaşı ilə gəlmişdi. Bir gün dedi, ana, o döyüş yoldaşım şəhid oldu. Çox pis olmuşdum. Deyirdi hələ özümüzü qorumaqla deyil, od-alov gəlib üstümüzə düşür az qala. Burda mərmilər sel kimi oynayır. Allah bildiyi məsləhətdir. Sən dualarını əskik etmə, mənim əsgər yoldaşlarmı da unutma, ana! 30 oktyabrda böyük oğlum Xəyala toy edəcəkdik. Naim toy üçün bütün evi özü təmir etmişdi, yasına qismət oldu... Axırıncı dəfə 12 oktyabrda danışdıq. Bacısının ad günün təbrik etdi. Ayın 30-da dedi, ana, hökmən qardaşım Xəyalla sənin ad gününə gələcəyəm. Həmin günü bayrağımıza bükülmüş özü gəldi. (red. ağlayır)"

Şəhidin anası Lalə xanım o günləri bir də yada salaraq danışır ki, axşam saat 17:00-18:00 radələri olardı. Oğlum Xəyalla söhbət edirdik. Dedim bala, ürəyim partlayır, dur zəng et döyüş yoldaşına:
"Neçə gün idi zəng çatmırdı. Əsgər yoldaşına zəng etdi oğlum, durdu çıxdı çölə. O xəbər verdi ki, bəs mən yaralandım, Naim şəhid oldu. Oğlum ağlaya-ağlaya girdi içəri, dedi qardaşım şəhid olub. Özümdən getdim, bilmədim o an üçün necə oldum... (red. ağlayır)
Ayın 29-u atasıgil Beyləqana gedib nəşini gətirdilər, 30-u dəfn etdik.
Sevdiyi qıza üzük almışdı, mənə verib dedi ki, ana, bunu saxla qayıdanda səndən götürəcəyəm".

Qeyd edim ki, şəhidin atası Ağayev Süleyman Mülük oğlu ikinci dərəcəli dövlət qulluqçusudur. Hazırda Muğanlı kənd icra nümayəndəliyində baş məsləhətçi işləyir. Şəhidin anası Lalə Süleymanov isə Muğanlı kənd xalq yaradıcılıq evində mədəni təşkilatçı vəzifəsində çalışır.

Allah rəhmət etsin!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin