Ağcabədi rayonunun Qaraxanlı kənd sakini, Vətən müharibəsi şəhidi, Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Nurlan Şükür oğlu Quliyevin ailəsini ziyarət edib, onun əziz xatirəsini bir daha birlikdə yad etdik.
Şəhidimizin anası Zülfiyyə Quliyeva oğlu Nurlan haqqında bizə geniş məlumat verib. 4 övladı olan ana deyir ki, Nurlan ailənin ən kiçik övladıdır:
“Nurlan 1995-ci il dekabrın 4-də Qaraxanlı kəndində anadan olub. Elə Qaraxanlı kənd orta məktəbində də təhsil alıb. Bakıdı Daxili İşlər Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib”.
2016-cı il 1-5 aprel tarixlərinin şanlı Aprel döyüşləri zamanı Nurlan hərbi xidmətdən yeni gəlibmiş, ancaq Vətənin od-alovlu günlərinin qığılcımı onun ürəyini yenidən isidir:
“Həmin vaxt əsgərlikdən təzə gəlmişdi. Apreldə döyüşlər başlayanda ermənilər kəndimizi vururdular, neçə ev bombardıman edilmişdi. Ona görə də, kənd əhalisi bir müddət başqa yerə köçürülürdü. Digər ailələr kimi biz də yır-yığış edib hazırlaşırdıq. İki maşınla yola düşdük. Nurlan da bibisigilin maşınında idi. Onda artıq bizə dedi ki, mən hərbiyə qayıdıram. Elim-obam təhlükə altında ola-ola mən rahat yaşaya bilmərəm. Qayıdacağam hərbiyə və müddətdən artıq hərbi xidmətçi (MAXE) kimi fəaliyyət göstərəcəyəm. Sonra məndən yol pulu aldı ki, sənədlərimi toplayıb Bakıya xidmətə qayıdıram. Elə həmin vaxtdan da MAXE kimi Ordumuzda xidmət göstərməyə başladı. Nurlan həmlə taboruna könüllü də seçilmişdi”.
Şəhidimizin anası maraqlı bir məqamı da bizimlə paylaşıb. O deyir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə səfəri zamanı əsgərlərlə görüşüb. Həmin görüşdə Nurlan da olub. Hətta nazir Nurlana üzərində xatirə yazısı olan qiymətli saat da bağışlayıb:
“Onu hərbiyə davam etməyə vadar edən şey aprel döyüşləri zamanı insanlarmızın vətənpərvərlik hissi idi. 3 il MAXE kimi həmlə qrupunda xidmət edib. Daha sonra əlavə 5 ilə də qalmaq üçün imza atdı, həmin vaxtdan sonra da cəmi 8 ay xidmət edib. Bütün həmlə taborunun silahlarını Nurlan sıfırlayırdı. Silahdan başqa gözəl balta, bıçaq atırdı. Vətən müharibəsində döyüş yolu isə əvvəl Mingəçevirdən başlayıb, sonra isə Füzuli rayonunun Kürdmahmudlu kəndində təlimdə olublar.
Oğlum sanki şəhidliyinə məni özü hazırlayırdı. Ayda 1 günlük gəlirdi bizi ziyarət edib, gedirdi. Deyirdi oğullar şəhid olanda analar gərək bayrağı qəbul edə, mən şəhid olanda sən də bayrağımızı öp, qürurlu dur. Soruşurdum, ay oğul müharibə olacaq? Heç vaxt cavablamır, sirr saxlayırdı.
Bir dəfə də gecə gəldi ki, Beyləqandan Füzuliyə gedəcəyik. Müddətdən artıq hərbi xidmətə düzələndə şəklini çəkmişdilər. Dedim nə gözəl şəkildi, ay oğul? Dedi ki, ana əgər mən şəhid olsam, bu şəkli gətrib sənə verəcəklər. Elə də oldu...(ağlayır)”.
Zülfiyyə ana deyir ki, Nurlan müharibə başlamamışdan bir neçə gün öncə nişanlısı ilə görüşə gedib. Qapıdan çıxanda nişanlısına son sözü bu olub ki, həyat saat kimidir bir gün dayana bilər. Nurlanın üzüyü hələ də o qızın barmağındadır. Ata babası Quliyev Əzim Misirxan oğlu İkinci Dünya müharibəsi iştrakçısı idi. Balaca vaxtı babasının medalların taxardı yaxasına, deyərdi, mən də qəhrəman olacağam. Tarix eyni səhnəni ona yaşatdı…
Qeyd edək ki, Nurlan Quliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli-Horadiz-Qubadlı-Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda Qaraxanlı qəbiristanlığında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nurlan Quliyev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Xatırladaq ki, Ağcabədi rayonu Qaraxanlı kəndinin Nurlandan başqa daha iki şəhidi də var. Ruhunuz şad olsun, Vətənin ölməz oğulları!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Azərbaycan Jurnalistlər birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mənbə: 525.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin