Bu yaxınlarda görkəmli Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi və uşaq ədəbiyyatının banilərindən biri olan Abdulla Şaiqin Mənzil Muzeyini ziyarət edərkən, muzeyin zəngin ekspozisiyasında diqqətimi Ali Pedaqoji İnstitutun Salnaməsi cəlb etdi. Ali Pedaqoji İnstitutun Salnaməsi ilk dəfə 1924-cü ildə Azərbaycan Ali Pedaqoji İnstitutun ilk buraxılışı münasibətilə nəşr olunmuşdur.
Məlum olduğu kimi, Azərbaycanda ilk Ali Pedaqoji İnstitutu 1921-ci il avqustun 26-da Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı 66 saylı dekret əsasında təsis edilmişdir. Dekretdə belə deyilirdi: “Respublikanın vahid əmək məktəbinin
ideyalarını həyata tətbiq etməyə qabil yüksəkixtisaslı maarif işçiləri hazırlamaq məqsədilə bu ilin sentyabr ayının 1-dən etibarən Bakı şəhərində II dərəcəli şura məktəbləri üçün türk dilində müəllimlər hazırlaya biləcək Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edilsin. Pedaqoji İnstitutun təşkilinə həmin dekretin nəşrindən dərhal sonra başlanılsın.” 1921-ci il noyabrın 15-də cəmi 8 nəfər müəllim və 6 nəfər tələbə ilə tədrisə başlayan institut çox keçmədən yalnız Azərbaycan üçün deyil, eyni zamanda digər respublikalar, o cümlədən Mərkəzi Asiya Respublikaları üçün müəllim kadrları hazırlığını həyata keçirən elm və təhsil ocağına çevrilir.
Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Nəriman Nərimanov Pedaqoji İnstitutun inkişafına böyük diqqət və qayğı göstərmişdir. İnstitutun ilk məzunlarından Hacıbala Hacıyev xatirələrində yazırdı: “…N.Nərimanov həftədə bir-iki dəfə instituta gələr, yeni təşkil olunmuş kabinet və laboratoriyaları nəzərdən keçirər, tələbələrin geyim və yeməklərinə diqqət yetirər və təsərrüfat hissəsinə müəyyən tapşırıqlar verərdi.” 1923/24-cü tədris ilində Pedaqoji İnstitutda 1 ümumi hazırlıq sinfi, 6 ixtisas sinfi (2 riyaziyyat, 2 ədəbiyyat, 2 təbiət) var idi. İnstitutda oxuyan tələbələrin ümumi sayı 100 nəfərə çatmışdı. Üçüncü ədəbiyyat şöbəsində 6, riyaziyyat şöbəsində 9, təbiət şöbəsində 14, ikinci ədəbiyyat şöbəsində 9, riyaziyyat şöbəsində 8, təbiət şöbəsində 12, birinci ümumi təhsil şöbəsində isə 41 nəfər tələbə təhsil alırdı. İnstitutun ilk buraxılışında (1923/24 tədris ili) 28 nəfər; ikinci buraxılışında (1924/25 tədris ili) 27 nəfər; üçüncü buraxılışında (1925/26 tədris ilində) 56 nəfər, ümumilikdə 1926-cı ilə qədər 111 nəfər məzun olmuşdur. Bunlardan 25 nəfəri ədəbiyyat, 46 nəfəri təbiət, 39 nəfəri riyaziyyat ixtisası üzrə məzun olmuşdur. Azərbaycan Ali Pedaqoji İnstitutun ilk buraxılışına həsr olunan Ali Pedaqoji İnstitutun Salnaməsi məzunlara müraciətlə başlayır: “Yavrular!.. Pedaqoji İnstitutu sizi tərbiyə etdi, böyütdü və ruhani qida ilə bəslədi. İnstitut sizin ananızdır. Ananızı odlu qəlbinizlə sevmək, göz bəbəyi kimi barındırmaq, onun hər hangi məsum və səmimi, pak və munis baxışlarını yenə eyni şeylə isitmək, yaşadığınız hər saniyədə onun haqqını düşünmək, sizin müqəddəs və təmiz vəzifənizdir. Şimdi siz, onun və ancaq onun inkişafına, əbədiyyətlə yaşamasına, böyüməsinə, yüksəlməsinə deyil, Azərbaycan, bəlkə, bütün şərq-türk zəhmetkeşlərinə işıq saçar bir məşəl olmasına, proletar kütləsinə xidmət etmək istəyən bəşəriyyətin pak və ali idealları uğrunda çarpışacaq, bin-bin sizlər kimi gənc ruhlu müəllimlər yetişdirməsinə səbəb olunuz!.. 14 mayıs 1924”. Salnamədəki məqalələr “Ali Pedaqoji İnstitutun tarixçəsi”, “Təşkilat və idarə işləri”, “Tərbiyə və tədris işləri”, “İnstitutun gələcəyi”, “Duyğular və xatirələr” bölmələrində təqdim olunur.
Məcmuədə Ali Pedaqoji İnstitutun ilk direktoru Fətullabəy Rzabəylinin, Nümunə məktəbinin müdiri Qafur Əfəndizadənin, Səfər Ramazanzadənin, Feyzi Məhəmmədzadənin, İsmayıl Hikmətin, Məhəmməd Əfəndizadənin, Nəriman Nərimanovun, Xalq maarif komissarı Mustafa Quliyevin, Xəlil Fikrətin, Abdulla Şaiq Talıbzadənin, Mirzə Möhsünün, İsmayıl Novruzinin, Qafur Rəşadın, Heydər Verdiyevin, Cavad Cuvarlının, Xədicə Qazızadənin, Sübhanverdi Xanzadənin, Atababa Musaxanlının və başqalarının məqalələri, həmçinin Fatma Tatayevanın və Nəsir Quluzadənin Pedaqoji İnstitutun ilk məzunlarına həsr etdiyi şeirləri böyük maraq doğurur. Ali Pedaqoji İnstitutun Salnaməsi və ondan iki il sonra Ali Pedaqoji İnstitutun beş illiyi və üçüncü buraxılışı ilə əlaqədar olaraq, Azərbaycan Dövlət Xalq Nəşriyyatı tərəfindən 1926-cı ildə “Qızıl Şərq” mətbəəsində nəşr olunan “Ali Pedaqoji İnstitut. Beş illik” adlanan məcmuə Azərbaycan Dövlət Pedaqoji Universitetin təşəkkülü və inkişafının ilkin mərhələsini öyrənmək baxımından bir mənbə kimi dəyərlidir. “Ali Pedaqoji İnstitut. Beş illik” adlanan məcmuədə məqalələr “Ali Pedaqoji İnstitutun tarixçəsi”, “Tədris və tərbiyə işləri”, “İdarə və təşkilat işləri”, “Xatirələr və duyğular” adlı bölmələrdə yer almışdır. Məcmuədə Ali Pedaqoji İnstitutun direktoru Cəlil Məhəmmədzadənin, Tarix-ədəbiyyat şöbəsinin dekanı İsmayıl Hikmətin, Təbiyyət-aqronomi şöbəsinin dekanı Səlimə xanım Osmanzadənin, Fizika-riyaziyyat şöbəsinin dekanı Məhəmməd Əfəndizadənin, Tarix-ictimaiyyət şöbəsinin dekanı Əziz Ubaydullinin, Ünas İnstitutunun müdiri Sara xanım Xuramoviçin (Talışınskaya), Şaiq Pedaqoji texnikumun müdiri Qafur Əfəndizadənin, Mahmudbəy Mahmudbəyovun, pedaqoji disiplinləri müəllimi doktor Xəlil Fikrətin, institut türkoloji və lisaniyyat müəllimi Bəkir Çobanzadənin, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas və tərcüməçi Abdulla Şaiqin, fars ədəbiyyatı müəllimi Mirzə Möhsünün və digərlərinin məqalələri yer almışdır.
Hər iki məcmuə əski əlifba ilə nəşr olunduğundan, mətnlərdə ərəb və fars sözlərindən isifadə edildiyindən müasir oxucular üçün əlçatan deyildi. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə universitetin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərovun elmi rəhbərliyi ilə pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov tərəfindən “Ali Pedaqoji İnstitutun Salnaməsi” və “Ali Pedaqoji İnstitut. Beş illik” adlanan məcmuələr əski əlifbadan transliterasiya edilərək, latın qrafikası ilə yenidən nəşr olundu. Oxucuların ixtiyarına təqdim edilən hər iki məcmuədə professor Fərrux Rüstəmovun Ön sözü, geniş şərhləri və izahları verilib. Bu məcmuələr təhsil tariximizi öyrənmək istəyən oxucular, tədqiqatçılar, tələbə və magistrlar üçün dəyərli bir mənbədir.
İstifadə olunmuş mənbə:
1. Ali Pedaqoji İnstitutun Salnaməsi. (Tərtib, transliterasiya, izahlar, şərhlər və “Ön söz”ün müəllifi: prof.F.Rüstəmov), Bakı 2020, 176 səh.;
2. Azərbaycan Ali Pedaqoji İnstitut. Beş illik. (Tərtib, transliterasiya, izahlar, şərhlər və “Ön söz”ün müəllifi: prof.F.Rüstəmov), Bakı 2020, 144 səh.;
3. F.Rüstəmov Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi. I cild. Bakı 2021, 384 səh.;
4. F.Rüstəmov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları. Bakı 2021, 312 səh.
Aynurə Əsgərova,
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin