Aprel ayının 14-ü Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, böyük maarifçi, yazıçı, publisist, tanınmış həkim Nəriman Nərimanovun anadan olmasının ildönümüdür. Azərbaycan xalqının ictimai-siyasi və milli mənəvi inkişaf tarixinin 35 ildən artıq bir dövrü Nəriman Nərimanovun adı ilə sıx bağlıdır. O, özünün ictimai, siyasi, ədəbi və pedaqoji fəaliyyətində xalqın maariflənməsi işinə xüsusi diqqət yetirmişdir. Xalqın maariflənməsi və mədəniyyətin yayılmasında müəllimin mühüm rolunu bildirən Nəriman Nərimanov müəllim kadrları hazırlığı məsələlərinə böyük əhəmiyyət verirdi.
Məhz, Azərbaycan məktəblərini ali təhsilli müəllimlərlə təmin etmək üçün təsis edilən ilk pedaqoji institutun yaradılması onun mühüm xidmətləri ilə bağlı olmuşdur. Azərbaycan Xalq Komissarları Sovetinin sədri vəzifəsində olarkən Nəriman Nərimanovun 26 avqust 1921-ci ildə imzaladığı 66 saylı dekret əsasında Azərbaycanda ilk Ali Pedaqoji İnstitut (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fəaliyyətə başlamışdır. Nərimanovun imzaladığı dekretdə deyilirdi: “Respublikanın vahid əmək məktəbinin ideyalarını həyata tətbiq etməyə qabil yüksək ixtisaslı maarif işçiləri hazırlamaq məqsədilə bu ilin sentyabr ayının 1-dən etibarən Bakı şəhərində ikinci dərəcəli şura məktəbləri üçün türk (Azərbaycan) dilində müəllimlər hazırlaya biləcək Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutu təsis edilsin. İnstitutun təşkilinə həmin dekretin nəşrindən dərhal sonra başlanılsın”.
Nəriman Nərimanov müəllim kadrları hazırlanması məsələlərinə xüsusi diqqət verməklə yanaşı müəllimlərin qarşısında mühüm vəzifələr də qoymuşdur. O, 1924-cü ildə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun birinci buraxılışına- ilk ali təhsilli müəllimlərə yazdığı “Elmlərini yeni tamam etmiş müəllimlərə açıq məktub”unda müəllimlərin qarşısında duran ən mühüm vəzifələri göstərmişdir: “Əziz yoldaşlar! Təzə həyata qədəminizi təbrik edirəm. Vəzifəniz hər nə qədər qayət çətin, ağır, məsuliyyətli bir vəzifədirsə də bunu da düşünməlisiniz: insanın ruhunu ucaldan bir çox şey varsa, onun ən birincisi zəhmətdir. Mən istərdim siz gələcək həyatınızda üç məsələyə diqqət edəsiniz:
1. Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətevən olsunlar, yəni başqası¬nın¬ yox, öz zəhmətlərinin qüvvətilə ehtiyaclarını rəfedici olsunlar. Bunun üçün balalara təbiəti sevdirmək, onları təbiətin əlamətlərilə maraqlandırmaq lazım gəlir.
2. Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni, bir parça çörəkdən ötrü ikiüzlülük etməsinlər, filankəsin xoşuna gəlmək üçün “qatığa qara” deməsinlər. Amandır, yoldaşlar! Buna yaxşı fikir veriniz. Mənsəbdən ötrü yalan söyləyən, gündə vicdanını satan ikiüzlü adamlar - bizim gələcək kommunaya üzv ola bilməzlər. Ona binaən, uşaqlarla daima əlaqədar olaraq hərəkətinizdə, sözünüzdə artıq dərəcədə ehtiyatlı olmalısınız. Çünki uşaq gördüyünü tez götürər.
3. Biz iddiamızdan əl çəkmirik. Azərbaycan Şərq üçün bir məktəbdir, yəni, Şərq hazırkı halında qalarsa, biz ona hər cəhətdən müəllim olacağıq... Ona binaən dilimizi lüzumsuz, qeyrisinin lisanının təsiri altında saxlamaq bütün işimizi təxirə salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox siz müəllimlərə ümid bağlayıb məktəbi bitirməyinizi yenə də səmimi-qəlbdən təbrik edirəm”.
Nəriman Nərimanovun 1921-ci ildə imzaladığı dekret ilə əsası qoyulan və bir əsrdən artıq yaşı olan Pedaqoji Universitet yarandığı vaxtdan indiyədək ölkəmizi minlərlə ali təhsilli müəllim kadrları ilə təmin etmişdir. Pedaqoji Universitetin məzunları nəinki Azərbaycan məktəblərində, hətta Azərbaycanın hüdüdlarından kənarda da şərəflə fəaliyyət göstərirlər. Nəriman Nərimanovun “Azərbaycan Şərq üçün bir məktəbdir....” dediyi kimi Pedaqoji İnstitut (indiki Pedaqoji Universitet) təkcə Azərbaycan üçün deyil, həm də xarici ölkələr üçün bir çox ixtisaslar üzrə pedaqoji kadrlar hazırlayan tanınmış mərkəzə çevrilmişdir. Hazırda Pedaqoji Universitetdə Türkiyə Respublikasından, Çin Xalq Respublikasından, Rusiya Federasiyasından, Pakistan İslam Respublikasından, Türkmənistan Respublikasından, Suriya Ərəb Respublikasından, Gürcüstan Respublikasından, Əfqanıstan İslam Əmirliyindən olan gənclər universitetin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müxtəlif ixtisaslarda təhsil alırlar. Əcnəbi tələbələr universitetdə Azərbaycan təhsilinin ən son nailiyyətlərini öyrənməklə yanaşı, xalqımızın zəngin mədəniyyət nümunələri ilə tədbirlər, tarixi-ədəbi ekskursiyalar, mədəni səfərlər vasitəsilə tanış olurlar. Pedaqoji Universitetin əcnəbi məzunları Azərbaycan təhsilinin, Azərbaycan mədəniyyətinin təbliğatçısına çevrilirlər.
Azərbaycanın görkəmli maarifçisi Nəriman Nərimanova əbədiyaşarlıq, mənəvi ölməzlik verilməsində, xalqa qaytarılmasında, keşmə-keşli tariximizin unudulmamasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Məhz, ulu öndərin nüfuzu və qətiyyəti sayəsində Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Heydər Əliyevin göstərişi ilə Nəriman Nərimanovun anadan olmasının 100 illiyi ərəfəsində paytaxtımızın uca bir yerində möhtəşəm heykəl ucaldılmışdır. 1977-сi il noyabrın 6-da ulu öndərin iştirakı ilə Bakıda Nəriman Nərimanovun 1913-1918-ci illərdə yaşayıb və fəaliyyət göstərdiyi mənzildə xatirə muzeyinin açılışı olmuşdur. Nəriman Nərimanovun 100 və 125 illik yubileyləri təntənə ilə qeyd edilmişdir.
Ulu öndər 1993-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Elmlər Akademiyas¬ın¬da¬ ziyalılarla görüşdə çıxış edərək demişdir:
“...Şəxsiyyətləri itirmək olmaz. Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır. Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur. Məmmədəmin Rəsulzadəni də o qoruyub saxlamışdır. Məşhur generallar Mehmandarovu və Şıxlınskini həbs etmək istəyirdilər. O zaman Nərimanov Leninə məktub yazaraq bildirmişdir ki, əvvəllər çar ordusunda, sonra isə müstəqil dövlətin ordusunda xidmət etmiş bu adamlar dəyərli şəxsiyyətlərdir və onlardan istifadə etmək lazımdır. Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar. Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz... Nəriman Nərimanov elm, mədəniyyət xadimi kimi Azərbaycan tarixində olan bir adamdırsa, böyük bir ədəbi irs qoyub gedibsə, belə etmək olarmı? Şübhəsiz ki, belə hallara yol verilməməlidir”.
Ulu öndərin misilsiz xidmətləri nəticəsində bu gün Nəriman Nərimanov şəxsiyyətinin böyüklüyü, ədəbi-pedaqoji irsi öyrənilir, tədqiq və təbliğ edilir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ənənələri uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında 14 fevral 2020-ci il tarixində imzaladığı Sərəncamda deyildiyi kimi “...Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır”.
Mənbə:
1.Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı. Bakı, 14 fevral 2020-ci il;
2.Heydər Əliyev Müstəqilliyimiz əbədidir. Bakı, Azərnəşr, 1997. 608 səh.;
3.H.Əhmədov Nəriman Nərimanovun müəllimlərə açıq məktubu. “Azərbaycan müəllimi” qəzeti, 17 oktyabr 1957-ci il;
4.Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş illik. (Tərtib, transliterasiya, izahlar, şərhlər və “Ön söz”ün müəllifi F.Rüstəmov). Bakı, “Elm və təhsil”, 2020, 144 səh.
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin