Dəfələrlə işıqlandırılmasına baxmayaraq, təəssüf ki, hələ də məktəb dərsliklərində ciddi qüsurlara rast gəlirik. Demək olar ki, sosial şəbəkələrdə tez-tez hər hansı fənlə bağlı kitablardakı səhvlərin aşkarlandığını görürük. Loru ifadələrdən istifadə, mövzu uyğunsuzluğu, uşaqların yaşı, qavraması, zehni, eləcə də fiziki inkişafının nəzərə alınmaması və digər bu qəbildən olan səhvlər məktəb dərsliklərinin həll oluna bilməyən problemlərinə çevrilib.
Belə yolverilməz səhvlərdən biri də rus bölməsi üzrə təhsil alan 4-cü sinif şagirdləri üçün nəzərdə tutulan kitabda buraxılıb. Rus dili (Русский язык) dərsliyində 20 Yanvar faciəsi ilə bağlı hadisələr ciddi şəkildə təhrif olunub. Belə ki, dərslikdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıya edilən hücum və qırğınlar tamamilə fərqli formada əks etdirilib. Kitabda 20 Yanvar hadisələri guya Sovet ordusunun xalqımızı xilas etməsi formasında izah edilib. Dinc əhaliyə qarşı törədilən dəhşətli, kütləvi qırğın hadisəsinini əvəzinə isə xalqın küçə döyüşlərindəki atışma zamanı arada qalaraq həlak olduğu qeyd edilir.
Bəs nə üçün Təhsil Nazirliyinin nəzarət etdiyi, yaxud da nəzarət etməli olduğu dərsliklərdəki belə ciddi səhvlər hələ də görməzdən gəlinir? Görəsən, daha hansı formada nazirliyə səsimizi yetirə bilərik ki, tədrisdə istifadə edilən dərsliklərə vaxtında və doğru nəzarət etmək onların vəzifə borcudur?
Xalqımızın qan yaddaşı tarixinin bu formada təhrif edilməsi, elə xalqımıza edilmiş hörmətsizlikdir. Bu hörmətsizliyə göz yummaq, gələcəyimizdə daha böyük faciələrə yol açmaq deməkdir. Hörmətli Təhsil Nazirliyi, ciddi düşünməyin vaxtı gecikmir ki?!
Qeyd: Kitabda verilmiş digər təhriflərlə daha ətraflı tanış olmaq üçün bura keçid edin.
Afaq Rza