Uşaqları düzgün tərbiyə etmənin yolları – 1-3 yaş qrupu
Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin
(Həzrət Əli)
Uşaqlar bizim gələcəyimizdir. Hər bir cəmiyyətin əsasını onun bünövrə daşları hesab olunan uşaqlar təşkil edir. “Uşaqlar bizim gələcəyimizdir” şüarı da əbəs yerə yaranmayıb. Cəmiyyətdə mühiti formalaşdıran uşaqlardır, məhz buna görə də onların savadlı, tərbiyəli, sağlaməqidəli və sağlamruhlu olmaları bu prioritetlərin uşaqlara düzgün təlqin olunmasından asılıdır. Bu proses düzgün həyata keçirilirsə, sağlam cəmiyyətdən söz açmaq olar. Odur ki, övladlarımızı cəmiyyətə fayadalı fərd kimi yetişdirmək valideynlərin əsas vəzifəsidir. Uşaqları doğru yola yönləndirmək məsələsi olduqca geniş mövzudur. Bu istiqaməti daha dərindən öyrənib tədqiq etməklə məşğul olan sahə “Uşaq pedaqogikası” adlanır.
Bu günə qədər uşaqların tərbiyə işinin təşkili və tətbiqi üsullarını özündə ehtiva edən yüzlərlə əsər (məqalə, monoqrafiya və s.) yazılıb, kitablar nəşr olunub. Tərbiyə, təhsil, təlim, şəxsiyyətin formalaşması pedaqoji prosesin tərkib hissəsi olub, bir-biri ilə vəhdət şəklində çıxış edir. Yəni sadalanan proseslər yalnız bir məqsədə xidmət edir. Tərbiyənin təməli düzgün qoyularsa, cəmiyyətə gərəkli şəxsiyyət formalaşar. Təlim, tərbiyə, tədrisin forma və metodlarını öyrənən “Pedaqogika” elminə nəzər salsaq, tərbiyənin iki mənada – geniş və dar mənada işləndiyini görərik. Geniş mənada tərbiyə deyərkən, bir növ, sosial təcrübənin tətbiqi kimi başa düşülə bilər, dar mənada tərbiyə dedikdə isə tərbiyəçilərin tətbiq etdikləri üsullar başa düşülür. Bu, daha çox özünü tədris prosesində göstərir (bağçalar, məktəbəqədər kurslar və s.).
Müasir dövrün tələblərinə uyğun olaraq uşaqların tərbiyə mövzusu daim yenilənir. Köhnə nəzəriyyələrin günümüzdə tətbiqi bəzən praktikada effektiv nəticə göstərməyə bilər. Səbəbi isə çox sadədir – inkişaf etmiş cəmiyyət. Məsələn, keçən əsrin 80-90-cı illərinin tərbiyə metodu ilə XXI əsrin tərbiyə metodu arasında fərqlər mövcuddur. Bu fərqi yaradan əsas amillərdən biri informasiyalaşmış cəmiyyətin təməlində duran texnologiyanın inkişafı və gündəlik həyatımıza həddindən artıq sirayət etməsidir. Deməli, elm və texnikanın inkişafının müsbət tərəfləri olduğu kimi, bəzən mənfi tərəfi də meydana çıxa bilir. Bu, özünü daha çox sözügedən mövzuda – uşaqların tərbiyə işində göstərir. Belə ki, əvvəllər uşaqlar asudə zamanlarını oyun oynamaqla, rəsm çəkməklə, cizgi filmi izləməklə, təmiz havada gəzməklə keçirirdilərsə, günümüzdə yaş dövründən asılı olmayaraq bütün uşaqların marağı texnikayadır (kompüter, planşet, smartfon və s.). Bir növ asudə zamanlarını real şəkildə deyil, virtual formada keçirməyə üstünlük verirlər. Bu da uşaqların tərbiyə olunmalarında müəyyən çətinlik yaradır.
Bəs uşaqların tərbiyə işinə hansı yaş dövründən başlanılmalıdır? Düşünürəm, bu, günümüzün ən aktual suallarından biridir. Məsələyə daha çox dünya təcrübəsi fonunda, şəxsi yanaşmamla münasibət bildirmək istəyirəm. Uşaqların tərbiyəsinə onların dünyaya gəlişinin ilk aylarından başlanması zəruridir. Bu, eyni zamanda, gələcəkdə uşaqların dil açmasında, nitqinin inkişafında, ətraf aləmi daha tez dərk etməsində, əqli inkişafında, beynin iş qabiliyyətinin sürətli inkişafında mühüm əhəmiyyət kəsb edir. Deməli, ilk aylardan tərbiyə işinə başlamaq uşağın gələcək həyatı üçün olduqca vacibdir. Psixoloqlar hesab edirlər ki, uşağın zehni inkişafı həyatlarının ilk 3-4 yaşlarına təsadüf edir. Əgər daha erkən dövrlərdən tərbiyə işlərinə başlanılmazsa, “Uşağım hələ körpədir, böyüyəndə onsuz da özü dərk edəcək, mənim uşağım heç vaxt bunu etməz” və s. kimi yanaşmalar olarsa, tərbiyə işi ertələnərsə, bu, sonradan uşaqlarda xoşagəlməz vərdişlərin yaranmasına gətirib çıxara bilər. Bunun üçün uşağı ilk aylardan sonrakı inkişaf mərhələsinə hazırlamaq mütləqdir.
Uşaqlarda tərbiyə prosesinin təşkili
Uşaqların tərbiyə prosesində nəzərə alınmalı bir çox məqam vardır. Bunlardan bir neçəsinə nəzər yetirək. Uşaqların tərbiyə işində diqqət yetirilməsi vacib olan amillərdən biri onların tətbiq olunan tərbiyə üsulunu dərk edib, qəbul etmək bacarığıdır. Belə ki, hər bir uşağa xüsusi və fərdi yanaşılmalı, ənənəvi tərbiyə üsullarının tətbiqindən qaçılmalıdır. El dilində desək, “uşağın dilini tapmağa” səy göstərilməlidir. Valideyn uşaqlara tanış olan rəftar və üsullardan istifadə edərsə, onlar ətraf mühitə daha tez uyğunlaşa bilərlər. Uşağa daha öncədən tanış olmayan, yad gələn ənənəvi tərbiyə metodlarından istifadə edilərsə, bu, onlarda vərdiş pozuntusuna və balanssız davranışa səbəb ola bilər. Məsələn, uşaq parkda arabasında yatmağa alışmışsa, eyni saatda onu evdə yatırtmağa çalışsanız, çətinliklərlə qarşılaşacaqsınız. Buradan belə bir nəticəyə gəlmək olar ki, tərbiyə işində metod və üsul dəyişikliyi edilən zaman uşağın yaş dövrünə uyğun edilməlidir. Bu halda tərbiyə işində edilən yeniliklər uşaqlarda davranış pozuntusuna səbəb olmayacaq. Bu, uşağın yeni bacarıq və istəkləri əsasında aparılacaqdır.
Uşaqların tərbiyə prosesində vacib olan digər məqamlardan biri də ana və atanın, nənə və babanın və digərlərinin uşağa yanaşmalarında, müəyyən tələblərin qoyulmasında ardıcıllığın və birliyin qorunmasıdır. Yalnız bu halda uşaqlarda müsbət bacarıqların və balanslaşdırılmış davranışın formalaşmasını təmin etmək mümkün olar. Misal üçün, əgər ana hər hansı bir əşyaya toxunmağa və ya hər hansı bir qidanın qəbuluna icazə vermirsə, ata isə əksinə, icazə verərsə, bu halda uşaqda “mümkündür”, “olar” kimi anlayışların qavranılması prosesi düzgün şəkildə getməyəcəkdir. Belə bir yanlış tərbiyə sistemi ilə valideynlər əslində övladlarına “pislik” etmiş olurlar. Məhdudiyyətlərin qoyulması məsələsinə laqeyd yanaşmaq uşağın xarakterində inadkarlıq, neqativlik, əsəbilik kimi xüsusiyyətləri formalaşdırır.
Deməli, tərbiyədə vahid taktika, bütün ailə üzvlərinin hərəkətlərində tam koordinasiyanın olması mühüm əhəmiyyət kəsb edən amillərdəndir. Unutmayaq ki, bu yaşda uşaqlar düşündüyümüzdən daha həssas, çevik və ağıllı olurlar. Burdan belə bir nəticəyə gəlmək olar ki, “Tərbiyə işində birlik” anlayışı uşağın tərbiyəsində iştirak edən bütün böyüklərin davranışlarındakı vəhdəti özündə ehtiva edir.
Tərbiyə işində ən gözəl və effektiv nəticə göstərən üsullardan biri də valideynin sərgilədiyi davranış və hərəkətləri ilə öz övladına nümünə olmasıdır. Bu uşaqlar üçün həm maraqlı həm də əyləncəli gəlir. Uşaqlar böyüklərin hərəkətlərini təqlid etməklə çox şeyə – səliqəli yemək, paltarı bükmək, ayaqqabıları yerinə qoymaq, oyuncaqları toplamaq və s. kimi vərdişlərə yiyələnirlər. Uşaqlar böyükləri təqlid etməyi sevdikləri üçün daim onların hərəkətlərini təsvir etməyə çalışırlar. Uşaqların təqlidedici hərəkətlərinin müsbət nəticəyə çevrilməsində məsuliyyəti birbaşa valideyn daşıyır. Bu yaşda uşağın təhlil etmək bacarığı formalaşmadığına görə, yaxşını-pisdən, müsbəti-mənfidən seçə bilmir. Böyüklərin bütün davranış və hərəkətlərini doğru kimi qəbul edir və təkrarlayır. Buna görə də valideynlər diqqətli olmalı, uşaqların gözlərinin daim onların hərəkətlərində olmasını unutmamalı, ona uyğun davranmalıdırlar.
Tərbiyə işində digər vacib məqamlardan biri də valideynin səbirli və mülayim olmağa çalışmasıdır. Uşaqlar sakit oturmağı və uzun müddət bir şeyi gözləməyi əsla sevmirlər. Bildiyimiz kimi, “gözləmək”, “oturmaq” kimi bacarıqlar daha böyük yaşlarda tədricən formalaşmağa başlayır. Məhz bu səbəbdən də uşaqların bu cür davranışlarına qarşı təmkinli olmaq lazımdır. Uşaqlar valideynlərinin əhvallarına və danışıq tərzlərinə biz düşündüyümüzdən də artıq diqqət yetirirlər. Uca səslə, sərt danışıq tərzi uşaqlarda aqressiyanın yaranmasına səbəb olur və valideyni nəinki dinləyir, əksinə, ərköyünlük edir, ağlayır, dinləmək istəmir və s. davranışlara yol verir. Məhz ona görə də uşaqlara erkən yaş dövründən şəxsiyyət kimi yanaşaraq, onlarla daha təmkinli və anlayacaqları tərzdə danışmaq lazımdır. Bu, bir növ, uşaq və valideyn arasındakı “bərabərliyin” təmin edilməsidir. Valideyn övladına nəzarəti saxlamaqla onun sərbəst şəkildə hərəkət etməsinə də şərait yaratmalıdır. Yəni valideyn uşağı “sıxmaqla” heç nəyə nail olmayacağını bilməlidir. Məsələn, uşaq sərbəst şəkildə ( doğru və ya yanlış) paltarlarını geyinmək, yeməyini yemək, yatmaq və s. istəyərsə, valideyn buna müdaxilə etməməyə çalışmalıdır. Bununla, eyni zamanda, onların gələcəkdə işlərin öhdəsindən təkbaşına gəlmələrinə də təkan verilmiş olacaq.
Tərbiyə prosesi əsnasında uşaqlara qoyulan tələblər onların istək və ehtiyacları ilə üst-üstə düşməlidir. Uşağın yuxusu gəldiyi zaman “Yatmaq lazımdır”, acdığı zaman “Yemək yemək lazımdır”, hava şəraiti uyğun olduğu zaman “Parka gəzməyə gedəcəyik” və digər cümlələr qurulmalıdır. Bu zaman uşaqda verilən tapşırığa tabe olmaqdan qaçmaq fikri yaranmayacaqdır. Əgər sizin hər hansı bir işi görmək təklifinizi uşaq onun məcburi şəkildə həyata keçirilməsi kimi qarşılayacaqsa və böyüklərin tələbinə uyğun olaraq davranacaqsa, bu, uşaqlarda “itaət etmək” vərdişini yaradacaq. Bu hal uşaqlar üçün elə də xoşagələn hal deyil. Onlar bunu könüllü şəkildə deyil, məcburi olaraq, bir növ, valideynin “sifarişini” yerinə yetirmiş kimi düşünəcəklər. İlk baxışdan “itaətkar uşaq” valideynlər üçün rahat və asan gəlsə də, sonrakı yaş mərhələlərində uşağın müstəqil fikri və yanaşması olan fərd kimi formalaşmasında çətinliklər yaradacaqdır. Uşaqlarda "lazımdır" sözünə istədiyimiz reaksiyanın inkişaf etdirilməsi üçün böyüklərin tələbləri onlar üçün mümkün və maraqlı olmalıdır.
Uşaq ərköyünlük edərsə, ona cəza vermək lazımdırmı? Şübhəsiz ki, hər kəs uşaq vaxtlarında aldığı, ən azı, bir cəzanı xatırlayır. Yəni “cəza” uşaq böyütməyin vacib məqamlarındandır. Cəza tətbiq edilən zaman bunun uşaqda ciddi psixoloji zədə yaratmayacağına əmin olmaq vacibdir. Məsələn, tətbiq edilən cəza uşağın şəxsiyyətini alçaltmamalı, zorakılığa yol verilməməli, ədalətli olmalıdır. Yəni uşağın hüquqları pozulmamalıdır. Əgər uşaq durmadan ağlayırsa, ərköyünlük edirsə, bu zaman göz yaşlarının səbəbi müəyyən edilməli və digər hallardan asılı olaraq cəza üsulu və ya tərbiyə metodu seçilməlidir. Bir çox valideyn bu cür hallarda necə davranmaq lazım olduğunu bilmir və həyəcan keçirərək yanlış tərbiyə üsullarını tətbiq edir. Belə vəziyyətdə qətiyyən uşağı qorxutmaq, ona fiziki cəza tətbiq etmək olmaz. Təcrübə göstərir ki, balaca vaxtlarında fiziki cəzaya məruz qalan uşaqlar aqressiv, qapalı və özünəinamsız olurlar. Bu zaman tətbiq edilən ən ümumi tərbiyə metodu diqqətin yayındırılmasıdır. Uşaqların diqqətini ağlamağa, şıltaqlığa səbəb olan məsələdən yayındırmaq çox asandır. Qeyd edək ki, bu metod 1-3 yaş qrupunda olan uşaqları sakitləşdirməyə kömək etsə də, düzgün davranışı tərbiyə etmir. Deməli, diqqətiyayındırma metodu daimi deyil, yaş qrupundan asılı olaraq müvəqqəti xarakter daşıyır. Uşaqların inkişafının növbəti yaş dövrlərində diqqətiyayındırma metodunu inandırma, aydınlaşdırma və ya birbaşa öyrətmə ilə əvəz etmək daha düzgündür.
Uşaqlarda müstəqilliyin inkişafı
Əgər körpə uşaq diqqətini çəkən, onu maraqlandıran bir obyektə (məsələn, oyuncaq, qida və s.) uzanırsa və nəhayət, böyüklərin köməyi olmadan bu əşyanı özü çıxarırsa, bu onda öz müstəqil hərəkətlərindən məmnunluq hissini yaradır. Uşağın belə hərəkəti valideyn tərəfindən alqışlanmalı, növbəti bu cür sərbəst addımların atılmasına təşviq edilməlidir. Bu, onlarda müstəqillik hissini daha da gücləndirmiş olacaq. Bəzən oxşar hal və vəziyyətlərdə uşaqlar bacara bilməyəcəklərini düşünüb böyüklərdən kömək, dəstək gözləyirlər. Bu zaman yardım etməkdə tələsməyin, əksər valideynlərin çox sevdiyi “sehrli sözlər”dən istifadə etməyə çalışın. “Sən bunu bacaracaqsan, cəhd elə, sən artıq böyümüsən və s.” sözlərdən istifadə etməklə onlarda müstəqilliyin inkişafına şərait yaratmış olacaqsınız. Beləliklə, siz uşaqda müstəqil fəaliyyətə ehtiyac, çətinliklərə qalib gəlmək bacarığı formalaşdıracaqsınız. İlkin mərhələdə bu onlara çətin gəlsə də, sonradan özlərində inam hissinin yaranmasına və möhkəmlənməsinə təkan vermiş olacaqdır.
Aişə Baxşiyeva,
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşı.
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin