Hörmətli izləyicilər, sizləri 23 iyun tarixindən etibarən Maraqlı Art incəsənət məkanında start verəcək “Moda incəsənət kimi” layihəsi çərçivəsində sənətşünas Sədaqət Əliyeva tərəfindən təqdim olunacaq mühazirə ilə XVIII əsrdən günümüzə kimi olan dəb dünyasına səyahət etməyə dəvət edirik. Qeyd edək ki, mühazirənin baş tutacağı məkan 2017-ci ildən etibarən gənc rəssamların yetişdirilməsi, Azərbaycan milli çay ənənələrinin və çay növlərinin təbliği, müxtəlif mədəni tədbirlərin təşkili sahəsində fəaliyyət göstərən Art-studiyadır.
Nəzərdə tutulmuş mühazirələrdə Avropanın ilk qeyri-rəsmi modelyerləri, XIX əsrin II yarısı-XX əsrin I yarısında elm, incəsənət, sənayedə baş verən kəskin inkişafın təzahürü kimi formalaşan “Qızıl əsr”in ruhunu əks etdirən modelyerlərin yaradıcılığı, modada qadın azadlığı, Hollivudun qlamur obrazları, ekstravaqant modelyerlər, yüksək modada folklor elementlərinin izləri, nəhayət, dünya moda arenasını fəth edən azərbaycanlı modelyer-dizayner haqqında söhbət açılacaq. Sadalanan mövzularda dünya modasını diktə edən məşhur modelyer-dizaynerlər Roza Berten və Lui İppolit Lerua, İv Sen Loran, Koko Şanel, Marlen Ditrix, Elza Skyaparelli, Nina Riççi, Çarlz Frederik Uort, Pol Puare, Kristian Dior, Emilio Pucci, Meri Kuant, Pako Raban, Corcio Armani, Covanni Versaçe, Vivyen Vestvud, Karl Legerfeld, Jan Pol Qotye, Helmut Lang və Azərbaycan xalq yaradıcılığı ornamentlərini kolleksiyasında əks etdirən Rüfət İsmayılın yaradıcılığı işıqlandırılacaq.
“Ölümə sürükləyən gözəllik” mövzusunda təşkil olunacaq ilk mühazirədə “gözəllik qurban tələb edir” ifadəsinin hərfi mənada tətbiq edildiyi XVIII əsr və XIX əsrin əvvəlləri modasının bütün detalları ilə yanaşı, insan səhhəti üçün böyük təhlükə kəsb edən qorxunc və heyrətamiz gözəllik kanonları haqqında danışılacaq, Rokoko üslubundan Ampir üslubuna qədər mövcud zaman kəsiyində formalaşan incəsənət tarixinə də nəzər salınacaq. Mühazirələrdə iştirak etdikdən sonra sizlər artıq müasir geyim hissələrinin hansı tarixi zamandan bizə miras qaldığını rahatlıqla müəyyən edə biləcəksiniz. Odur ki, Maraqlı Artı izləməyə davam edin, bura maraqlıdır.
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi
Lalə Hacıyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin