Mən müəlliməm, həm də qadın. O qadın ki, Hüseyn Cavidin "qadın gülərsə, şu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək" deyə bəhs etdiyi və yaxud bəzilərinin gözündə ancaq ev işlərinə yarayan, cəmiyyətdə kişilərlə bərabər mövqe tuta bilməyən və ya mövqe tutmasına icazə verilməyən qadın...
Bir oğlanın təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qızın təhsil alması bir nəslin təhsil almasına bərabərdir. Məhz bu düşüncənin fərqində olan Hacı Zeynəlabdin Tağıyev müsəlman şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanlarla əslində bir neçə nəslin təhsil almasına şərait yaratmışdı.
Araşdırmalar sübut edib ki, ailədə boşanmaların əksəriyyəti məhz erkən nikahın nəticəsində baş verir. Təhsilini tam başa vurmuş, müəyyən biliyə və savada yiyələnmiş bir qız gələcək həyatını qurmaqda da, onu qoruyub saxlamaqda da digərindən üstün olacaq. Deməli, qızları vaxtından tez nikaha cəlb etməkdənsə, onları daha düzgün bir yola, elm öyrənmə yoluna yönəltmək lazımdı.
Bu məqaləmdə cənub zonasında qızların təhsil alması və buna münasibət məsələsinə toxunmuşam. Sözügedən zonada qızların təhsil almasına, sosial həyatda və fəaliyyətdə kişilərlə bərabər tutulmasına pis baxılır və yaxud qızlara bu movzuda istər cəmiyyət, istər ailə tərəfindən maneələr törədilir desək, haqsızlıq etməmiş olarıq. Əksər ziyalı ailələr qız övladlarının təhsilində maraqlıdır və dəstəkləyirlər. Amma bu mövzuda ciddi çətinliklərimiz təəssüf ki, hələ də davam etməkdədir...
Qəhrəmanım cənub bölgəsində müəllimlik edən Səbinə Ağayeva fəaliyyəti ərzində işlədiyi məktəbdə 14-15 yaşından yuxarı qızların dərsə gəlmədiyini və ailələri tərəfindən evdə oturmağa məcbur edildiyinin şahidi olub. Mövzuya tam olaraq onun kimi hakim ola bilməsək də hekayəsinə bir nəzər salmağı tövsiyə edirəm: "Cənub zonasında, doğma Lənkəranımın kəndlərinin birində müəllim vəzifəsində işləyirdim. Dərs dediyim 8-9-cu siniflərdə qızların bəziləri dərsə gəlməyəndə bunun səbəbini öyrənmək istədim. Məlum oldu ki, qızların təhsil almalarına ailələri qarşı gəldiyi üçün məcburən evdə qalmalı olmuşdular. Valideynlərin dediyi səbəblər mənə nə qədər gülünc gəlirdisə, bir o qədər də ürəyimi yandırırdı. “Qızsan, dizini qır otur evdə”, “Qız hara, oxumaq hara...”
Təəssüf ki, bu problem ölkəmizin ayrı-ayrı bölgələrində az və ya çox dərəcədə qalır və bunu mən insan övladına qarşı ən böyük haqsızlıq kimi dəyərləndirirəm. 13-14 yaşlarında zorla “lay-lay bala lay-lay, yat qal dala lay-lay” misalı ailə qurmağa məcbur edilən, təhsili ailə tərəfindən dəstəklənməyən, əlindən oyuncaq gəlinciyi alınıb gəlinlik geyinməyə məcbur edilən, uşaqlığı yarımçıq qalan qızlarımız təbii ki, sosial həyatda kişilərlə bərabər fəaliyyət göstərə bilmirlər və gender bərabərliyi həllini tapmamış qalır.
Bir dəfə sinifdə şagirdlərimdən arzularını yazmalarını istəmişdim və bir qızın cavabı hələ də beynimdən, qəlbimdən silinmir... O belə yazmışdı: "Əgər atam icazə versə, böyüyəndə Səbinə müəllimə olacağam..." Fikir verin, diqqət edək. Bu məsum qızcığazın sabahı ilə bağlı arzular qurarkən belə "əgər atam icazə versə" yazır... Arzulamaq belə icazəlidir... Belə çətinliklər aşılmadıqca hansı bərabərlikdən söz gedə bilər? Təbii ki, bütün insanlar, xüsusən ziyali təbəqə, fikri, qəlbi, mənəviyyatı aydınlar üçün biz bunları deyə bilmərik. Amma danışdığım, gördüyüm həyatlar da var...
Qadınlara bu cür münasibətin müxtəlif səbəbləri var. Ən birincisi cahillikdir. Qadına hüquq verməyən cəmiyyət, kişilər, atalar çox inandığınız və sevdiyiniz dinimizə nəzər salın. Həmişə zarafatyana şagirdlərimə deyərdim ki, “uşaqlar, dindar yox dingeniş olun”. Guya dinə sığınıb, qızlardan hüquqlarını alan atalar dini geniş anlamıyla qavrasaydılar, görərdilər ki, dində qadına necə humanist yanaşılır... İstər dini baxımdan baxılsın, istər elmi-dünyəvi... Bütün insanlar bərabərdir...
Bir dəfə bir şagirdimlə bağlı valideynləri ilə görüşdüm. Çox istəyirdim ki, valideynləri qızın təhsil almasına razı salım. Son olaraq ananın dedikləri belə oldu: "Qiz ki çatdı 15 yaşına, ver ərə getsin daş başına...” Çoxunuz oxuyarkən bəlkə də güləcəksiniz, amma inanın ki, bundan daha qəddar cümlə tanımıram insan övladına qarşı!
İşlədiyim məktəbdə yarışlar təşkil etmək, uşaqlarla gəzintiyə getmək, dərsdən əlavə vaxt keçirmək kimi istəklərim olsa da, qadın olduğum üçün işimə əngəllər yaradılırdı. Mütləq bir kişi müəllimin iştirakı ilə olmalıydı hər şey? Niyə? Çünki mən qadınam, acizəm, bacara bilmərəm, qoruya bilmərəm kimi səbəblər göstərilirdi mənə.
Bizim cəmiyyətdə qadın fəaliyyətinin sərhədləri var. Bəzi peşələr var ki, ümumiyyətlə, qadın peşəsi deyil damğası var üstündə. Peşələr belə bölgüylə qarşımıza çıxarılır. Təbii ki, bu maneələri aşanlar olur. Amma mən bir qadın olaraq istəyərdim ki, bütün qızların, qadinların hüquqları, arzuları, fəaliyyətləri cinsi ayrı-seçkilik zəminində məhdudlaşdırılmasın. Problemin həlli elə problemin başındadır. Düşünün, 13-14 yaşında ailə quran, hələ özü uşaq ikən ana olan qızlarımız ailədə də söz sahibi ola bilmirlər. Çünki ona öz ayaqları üstündə durmaq şansı verilməyib, kölə kimi başqa ailəyə göndərilib. Belə olan halda da əmr qulu olan analar qızlarına da dəstək ola bilmir, qızının təhsil alması üçün gərəkli savaşı verə bilmir. Ailə həyatları belə 0:1 məğlubiyyətlə başlayır ki, bu da onun övladlarının inkişafında rol oynamaq, söz sahibi olmaq şansını əlindən alır və zəncirvari qızlarının hüquqlarının əlindən alınması, kişilərlə qeyri-bərabər tutulması, sosial həyatda fəaliyyətlərinin olmaması faciəsi belə başlayır, belə də davam edir.
Belə mühitdə işləmək bir qadın olaraq mənə çətin olsa da, şagirdlərimin sevgisinə tutunub, işləməyə davam edirdim. İki gözüm, iki qulağım var ikən bir gözümü kor, bir qulağımı kar edib yoluma davam edirdim. Amma vicdanımı susdura, qəlbimi dindirə bilmirdim. Mirzə Ələkbər Sabir demiş “Neyləməli göz görür, əqlim kəsir Mən Günəşi göydə dana bilmirəm”.
İçimdəki haqq səsini, vicdanımı azca da olsa dindirmək üçün yaşadıqlarımın cüzi hissəsini sizə çatdırdım. Əziz insanlar, bəlkə də bu məsələlərin ağır nəticələrinin fərqində deyilsiniz, amma artıq oyanın. Birgə oyanaq. İnsan vardır dünyada. Arzuları, hüquqları, duyğuları, şəxsiyyəti, bacarığı ilə var olan insan...".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin