XX əsrdə Azərbaycan mürəkkəb proseslərlə qarşılaşsa da həyatın bütün sahələrində ictimai-siyasi, sosial-iqtisadi, elm, texnika, mədəniyyət və incəsənət sahəsində əldə etdiyi uğurlu addımları, qazandığı nailiyyətləri ilə XXI əsrə qədəm qoydu. Respublikamızın dövlət müstəqilliyi bərpa edildikdən sonra mədəni, mənəvi həyatında mühüm dəyişikliklər baş verdi. Birinci Qarabağ müharibəsinə, erməni işğalçıları tərəfindən yüzlərlə sosial-mədəni obyektin məhv edilməsinə baxmayaraq, Azərbaycan mədəniyyəti mübarizliyi, mənəvi qüvvələrin öz kökünə və bəşəri dəyərlərə daha möhkəm bağlanması ilə səciyyələnirdi. Müstəqil dövlət kimi Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri mədəniyyətin inkişaf etdirilməsi problemi oldu. Azərbaycan 1991-ci ildə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (əvvəlki adı İslam Konfransı Təşkilatı) İSESKO-ya, 1992-ci il iyunun 3-də BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatı olan YUNESKO-ya üzv qəbul edildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində aparılan məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan dünya mədəniyyətinin tərkib hissəsinə çevrildi. Ümummili lider çıxışlarının birində “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir” demişdir. Zəngin və yüksək mədəniyyətə malik olan Azərbaycanın xalqının dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük və gərgin zəhməti olmuşdur. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində Müstəqil Azərbaycan beynəlxalq birliyin bir parçası olaraq daha möhtəşəm uğurlara imza atmağa başladı. 1993-cü il dekabrın 6-da Azərbaycan YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il 16 noyabr tarixli konvensiyasına qoşuldu. Azərbaycan beynəlxalq mədəni əməkdaşlıq təşkilatı olan Türksoyun yaradıcılarından biri oldu. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Türkiyə və Özbəkistan respublikalarının mədəniyyət nazirləri 8 maddədən ibarət “Türksoyun strukturu və fəaliyyət prinsipləri haqqında” müqaviləni imzaladılar. Təşkilatın məqsədi türk xalqları və ölkələri arasında mədəni əlaqələri genişləndirmək, xalqların mədəniyyət və incəsənətini qorumaq, dirçəltmək və inkişaf etdirmək idi.
1994-cü il fevralın 21-də Heydər Əliyevin müvafiq sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradıldı. 1996-cı ilin noyabrında Azərbaycan-YUNESKO əməkdşlığına dair sazişin imzalanması təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihə reallaşdırılmağa başladı. 1997-ci ilin aprelində ölkəmiz Avropanın Mədəniyyət Konvensiyasına qoşuldu. Beynəlxalq Muzeylər Şurasının və Beynəlxalq Kitabxanalar Şurasının Milli Azərbaycan Komitələri yarandı. 2000-ci ilin aprelində türk dövlət başçılarının altıncı zirvə görüşünün Bakıda keçirilməsi mühüm hadisə oldu. Zirvə görüşündə qardaş ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunaraq “Bakı bəyannaməsi” qəbul olundu.
Azərbaycanın YUNESKO, Avropa Şurası, İSESKO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyə başlaması respublikamızın qlobal mədəni məkanda nüfuzunun artmasına səbəb oldu. Azərbaycan tarixndə ilk dəfə olaraq 2000-ci ildə Qız qalası daxil olmaqla İçərişəhər Dövlət Tarix Memarlıq Kompleksi, 2003-cü ldə Şirvanşahlar Sarayı YUNESKO-nun Mədəni İrs Siyahısına daxil oldu. 2002-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi Mədəni İrsinin şah əsəri elan olunan Azərbaycan muğamı 2003-cü ildə YUNESKO-nun “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri” siyahısına daxil edildi və bununla da muğamın bədii təkrarolunmazlığı, dünya mədəniyyəti üçün dəyəri təsdiq olundu.
Azərbaycan mədəniyyətinin, irsimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən tədbirlər, görkəmli ədiblərin və mədəniyyət xadimlərinin yubileylərinin xarici ölkələrdə nüfuzlu təşkilatlarda keçirilməsi, 1996-cı ildə Məhəmməd Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin YUNESKO-da qeyd olunması Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi idi.
Ümummilli lider Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərlə bərabər ölkə daxilində mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinə, istedadlı gənc yazıçı və şairlərə daim diqqət və qayğı göstərmişdir. Heydər Əliyev 1997-ci il noyabrın 10-da “Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” fərman imzaladı. Qocaman ədəbiyyat və incəsənət xadimləri, gənc istedadlı yazıçı və şairlər üçün fərdi təqaüdlər təyin edildi.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində ulu öndər tərəfindən 1995-ci ildə imzalanmış fərman ilə 18 sentyabr “Milli Musiqi Günü”, 2000-ci il dekabrın 18-də imzalanmış sərəncam ilə avqustun 2-si tarixi kino işçilərinin peşə bayramı- “Azərbaycan Kinosu Günü”, 2001-ci il avqustun 9-da imzalanmış fərman ilə avqustun 1-nin Azərbaycan Respublikasında “Azərbaycan Əlifbası və Ana Dili Günü” kimi təsis edilməsi Azərbaycanın milli mədəniyyətinin inkişafına mühüm töhfə vermiş oldu.
Mədəniyyətin qanunvericilik təminatına böyük önəm verən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasətinin hüquqi bazası yaradıldı. Qısa müddət ərzində mədəniyyət sahəsində 10-dan artıq qanun qəbul edildi. 1998-ci il fevralın 6-da “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi ölkənin mədəni həyatında mühüm hadisə oldu. 1998-ci il dekabrın 29-da “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu, 1998-ci il aprelin 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, 1998-ci il mayın 15-də “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, 1998-ci il iyulun 3-də “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu, 2000-ci il martın 24-də “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu, 2000-ci il mayın 30-da “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunun və digər qanunların qəbul olunması ölkədə mədəniyyətin yeni ideologiya, yeni humanist prinsiplər əsasında tərəqqisinə geniş yol açmış oldu.
Ulu öndərin mədəniyyət sahəsində apardığı islahatlar, mühüm fəaliyyət sayəsində Azərbaycan mədəniyyəti dünya mədəniyətinin tərkib hissəsi kimi qəbul olundu, ölkəmiz dünya mədəni hadisələrinin mərkəzinə çevrildi. Bu ənənələr ulu öndərin siyası kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan qloballaşma kontekstində çıxış edərək mədəniyyətlərin dialoquna çalışır, öz mədəniyyəti ilə dünya mədəniyyətini zənginləşdirir.
Aynurə Əsgərova
ADPU-nun Heydər Əliyev Mərkəzinin
baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin