Xalça dekorativ tədbiqi sənətin elə növüdür ki, onun üzərində perspektiv yaratmaq ənənəvi olaraq mümkünsüz hesab edilir. Xalça texniki strukturundan irəli gələrək səthi təsvir dilinə malikdir. Dərinliyi yarada bilmək mürəkkəb bir işdir. Lakin Tahir Salahovun əsərləri təsviri sənət növü nümunələri olduğu üçün və bu əsərlər bütün dəqiqliyi ilə ən xırda yaxma və cizgiləri ilə xalçada əks edildiyindən bu xalçalarda dərinlik duyulur. Təsviri sənət nümunələrinin dekorativ tətbiqi sənət növü olan xalçada əks edilməsi xalçaçı və toxucudan böyük istedad tələb edir. Yağlı boya və yun ilmələrin təsvir dili çox fərqlidir. Belə ki, xalça yatımının texnikasını mükəmməl bilmək labüddür. Çünki xalça üzərində təsvirin plastikasını əks etdirmək məhz xalçanın yatımından, yəni bilavasitə sıxlığından asılıdır. Bu baxımdan Tahir Salahovun əsərlərini xalça üzərinə toxuyan Fazil Abbasquluzadənin yaradıcı zehninin məhsulu olan çoxsaylı dəyərli sənət nümunələrinin bədii və texniki həlli baxımından təhlil olunaraq geniş kütləyə təqdim olunması maraqlıdır.
Tahir Salahovun əsərlərini xalça üzərinə köçürən dəyərli xalçaçı-rəssam Fazil Qənimət oğlu Abbasquluzadə ümumilikdə Salahovun xalça üzərinə köçürülmüş əsərindən 50-yə yaxınının müəllifidir. Məlumat üçün qeyd edim ki, F.Abbasquluzadə 1961-ci ildə Qubadlı rayonunun Cılfır kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Qubadlıdan Bakıya üz tutaraq indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olur və 1984-cü ildə universitetin bədii qrafika fakültəsini bitirir. İncəsənətə bütün qəlbi ilə bağlı olan Fazil Abbasquluzadə ali təhsil aldığı dönəmlərdə görkəmli heykəltəraş, xalq rəssamı, professor İbrahim Zeynalov kimi sənətkarın sinfində dərs alaraq sənətin sirlərinə yiyələnir. O, ali məktəbi başa vurduqdan sonra təyinatla İsmayıllı rayonunda çalışmağa başlayır. Bu bir baxımdan xalçaçı-rəssam üçün Tanrı qisməti imiş. Dəfələrlə bu fikri müsahibələrində də qeyd edən Fazil müəllim bildirib ki, sıx və zəngin meşəli İsmayıllı rayonu onun yaradıcılıq imkanlarının genişlənməsinə təkan vermişdir. O, burada Lahıc xalçaçılıq məktəbinin sirlərini dərindən öyrənmişdir. Təmiz hava, gözəl mənzərə onun ilham mənbəyinin zənginləşməsinə səbəb olmuşdur. Daha sonralar müsahibələrində müəllimlik sənətini sevdiyini bildirsə də, daxilində hər zaman bir boşluğun olduğunu hiss edən Fazil Abbasquluzadə ötən illər ərzində özündə fitri istedad sezərək duyğu və düşüncələrini ilmələrlə xalça üzərinə həkk etməyə başlayır. Beləliklə, İsmayıllı rayonundakı iş fəaliyyəti onu ömürlük xalça sənətinə bağlayaraq elə ilk əsərlərini də o zamanlarda yaradır. Həmin illərdə bir sıra görkəmli xalçaçı-rəssamın elmi-tədqiqat, nəzəri əsərləri ilə tanış olaraq araşdırmalar aparmış, daha fərqli, heç kəsə bənzəməyən eskizlər yaratmışdır.
1993-cü ildə Sumqayıta köçən xalçaçı-rəssam yaradıcılıq fəaliyyətini bu şəhərdə davam etdirir. Öz şəxsi emalatxanasında rəssamın təxəyyülündən süzülən fikirləri toxucu xanımlar xalça üzərinə bu gün də köçürürlər.
Fazil müəllim hər zaman bəsitlikdən qaçmış, daha çətin texnologiyada olan eskizlər hazırlamışdır. Onun müəllifi olduğu “Cənub həsrəti”, M.Şəhriyara həsr etdiyi “Heydərbabaya salam”, ABŞ-nin Karolina Universitetinin muzeyində saxlanılan Nizami Gəncəviyə həsr edilən “Xəmsə”, B.Vahabzadənin “Şəhidlər” poemasından ilhamlanaraq yaratmış olduğu xalçalar öz süjet bütovlüyü, fikir aydınlığı, məna dərinliyi, bədii-estetik mahiyyəti, milli dəyəri, forma və məzmun vəhdəti ilə hər zaman seçilir.
Görkəmli sənətkar Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar İttifaqı Fondunun və Moskva Rəssamlar Birliyinin üzvüdür. O, həmçinin "Şəhriyar-90" müsabiqəsinin də qalibi olmuşdur.Fazil Abbasquluzadənin yaradıcılığında diqqətçəkən məqamlardan biri də yuxarıda qeyd etdiyimiz kimi, Xalq Rəssamı Tahir Salahovun əsərləri əsasında toxunmuş xalçalardır. Bu xalçaları onun yaradıcılığının yeni mərhələsi hesab etmək olar. Xüsusi rəssamlıq duyumu olan Fazil müəllim əsərləri xalça üzərinə köçürən zaman onun orijinaldakı ölçüsünü olduğu kimi saxlayır, müəllifin özünün razılığı ilə haşiyə qurşağını tərtib edir. Əsərdəki bütün rəng çalarlarını olduğu kimi xalça üzərində də yaradan xalçaçı-rəssam toxunuş üçün lazım olan sapların hamısını Təbrizdən gətirərək öz emalatxanasında boyayır.
Fazil Abbasquluzadə Tahir Salahovla olan birgə yaradıcılıq prosesi haqqında belə qeyd edir: “Tahir Salahovun əsərlərini ilmələrin dili ilə xalçaya köçürmək qədər çətin olan bir məqam bu xalçalara haşiyə qurşaqlarının müəyyən edilməsi idi. Çünki dahi rəssamın müxtəlif mövzularda olan əsərlərinə haşiyə qurşağını müəyyən etmək özü də böyük məsuliyyət tələb edirdi”. Fazil Abbasquluzadə yaradıcılığının məhsulu olan xalçaların əksəriyyətinin haşiyəsi mövzu ilə bağlıdır. Sanki bu haşiyə qurşaqları xalçanın ara sahəsindəki Tahir Salahov əsərlərinin mövzusunu açmağa kömək edən açar sözlər kimidir. Yuxarıda da qeyd etdiyimiz kimi, bütün haşiyə qurşaqları Tahir Salahovun razılığı əsasında tərtib edilmişdir. Bəzən isə rəssam özü xalçalara eskiz ideyası irəli sürürdü. Tahir Salahovun bütün əsərlərinin palitrası kolorit baxımından çox mürəkkəbdir. İlk baxışdan əsərin koloriti monoton və lakonik görünsə də, əslində bu tablolarda çoxsaylı rəng keçidləri, çalarlar mövcuddur. Bu baxımdan təbii ki, tabloları dekorativ tətbiqi sənət dilinə çevirmək çətin olurdu. Müəllif əsərini xalça üzərində eynilə əks etdirmək xalça toxucularından böyük bir ustalıq tələb edir. Kolorit mürəkkəbliyi ilə yanaşı, kompozisiyanın süjet xəttindəki dramatikliyi, dinamikanı və ya insanın psixoloji durumunu yun saplar vasitəsi ilə canlandırmaq işi daha da çətin edən məqamlardandır. Lakin mən düşünürəm ki, kollektivimin əlləri qızıldan olan mahir xanım toxucuları bu işin öhdəsindən layiqincə gələ bilmişdir”.
Fazil Abbasquluzadənin müəllifi olduğu Tahir Salahovun süjetli kompozisiya, natürmort, portret və mənzərələrindən ibarət əsərlərinə toxunmuş xalçalardakı maraqlı məqamlardan biri də eskizi hazırlanan xalçanın haşiyə qurşağının əsərin hansı ölkədən bəhs etməsini bildirən simvolik elementlərlə tərtib edilməsidir. Məsələn, “Eyfel qülləsi”ndə Fransa dövlət bayrağının rəngləri əks olunmuşdur. Milliliyi qorumaq üçün isə bayrağın üzərində şəbəkə adlanan naxışlar toxunmuşdur. Bu məqamla bağlı Fazil müəllim qeyd edir ki, xalçaların haşiyə qurşaqlarını tərtib edərkən mütləq şəkildə Tahir Salahov ilə məsləhətləşmiş və son olaraq rəssamın da bəyəndiyi eskizi həyata keçirmişdir. Xalçaçı-rəssam bildirir ki, bəzi əsərlərin kənarələri isə tamamən Tahir Salahovun özünün müəyyən etdiyi eskiz əsasında toxunmuşdur. Xalçaçı bu eskizləri bu gün də dahi rəssamdan xatirə kimi saxlayır. Yaradıcılığında portret xalçalarına xüsusi yer ayıran Fazil Abbasquluzadə təsviri sənətimizdə bu janrın ustası olan Salahovun əsərlərini böyük şövq və məharətlə icra etmişdir. Müasir Azərbaycanın qurucusu, xalqın ulu öndəri Heydər Əliyevin portretinin toxunduğu xalça xüsusi diqqətə layiqdir. Belə ki, Tahir Salahovun naturadan təsvir etdiyi Ümummilli Lider Heydər Əliyevin portreti 2011-ci ildə Fazil Abbasquluzadənin eskizi əsasında xalça üzərinə köçürülmüşdür. Qeyd edək ki, Salahov ilk öncə böyük siyasətçini əyləşmiş vəziyyətdə təsvir etmək istəyir, lakin iş prosesində rəssam qərar verir ki, dahi lideri ayaq üstə canlandırsa daha təsirli olar. F.Abbasquluzadə bildirir ki, dövlətçiliyimizin ən möhkəm təməli olan dahi lider Heydər Əliyevin portretini xalçada əks etdirərkən çiyinlərində böyük məsuliyyət hiss edirdi. Çox düşündükdən sonra liderin portretinin toxunacağı xalçanın haşiyə qurşağını tərtib etmək üçün o, Təbriz xalçaçılıq məktəbinə müraciət etmək qərarına gəlir. Belə ki, bu xalçaya nəzər yetirsək görərik ki, xalçanın yelənini ana haşiyə, onu əhatə edən iki bala haşiyə və bir cağ haşiyəsi təşkil edir. Ana haşiyə Təbriz xalçalarında tez-tez rast gəlinən nəbati üslubda işlənərək üzərində Şah Abbası adlı böyük ölçülü elementlər yerləşdirilmişdir. Ana haşiyənin əsasını təşkil edən bu elementlər qarışların mərkəzində yerləşdirilmişdir. Qarışların arasında isə bala butalar stilizə edilmişdir. Bala butalar S formalı şaxələrin üzərində göstərilərək ahəngdar görünüş yaratmışdır. Bala haşiyə isə ağ yerlik üzərində stilizə edilmiş islimi, köməkçi və doldurucu forma elementləri ilə bəzədilmişdir. Ara sahənin ətrafını dilikli cağ elementləri əhatə edir. Beləliklə, böyük siyasi xadimin portretini Təbriz şəhəri kimi sənət beşiyinin xalçaçılıq məktəbinə xas elementlərinin müşayiət etməsi özündə dərin bir mənəvi məna da ehtiva etmiş olur.
Təbriz xalçaçılıq məktəbinə xas üslubda haşiyə qurşağına malik digər əsər isə Tahir Salahovun bir neçə seans ərzində təsvir etdiyi xalq şairi “Rəsul Rzanın portreti”dir. Tabloya nəzər salsaq ədibin poeziyadakı azadlıq istəklərini rəssamın kitabın yanında qırmızı qələm çəkməklə ifadə etməsini sezə bilərik. Poeziyada novator şair olan R.Rzanın portretində bu kiçik qırmızı xətt ifadə etdiyi məna baxımından böyük çəkiyə malikdir. Belə məqamlarda qırmızı rəng döyüşçünün hədəfi nişan aldığı oxu kimi səslənir. Rəsul Rzanın portretinin xalça üzərində əksinin çeşnisi bizlərə Kamil Əliyevin dəstxətini xatırladır. Xalçanın ana haşiyəsi stilizə edilmiş nəbati naxışlar, Azərbaycan dekorativ sənətinin bütün növlərində özünə kök salmış haçalı islimilər, Şah Abbası elementi və doldurucu sadə islimilər ilə bəzədilmişdir. Bala və mədaxil haşiyələri də doldurucu nəbati ornamentlər ilə tərtib edilmişdir. Ümumi haşiyə qurşağı aşağıya doğru enlənərək daxilində hər iki ucu qübbə ilə tamamlanan kətəbə ilə sonlanmışdır.Rəsul Rzanın portretindən iki il öncə isə xalçaçı rəssam Azərbaycan ədəbiyyatında satiranın banisi olan “Mirzə Ələkbər Sabirin portreti” üzərində işləmişdir. Fazil Abbasquluzadənin eskizi əsasında xalça üzərinə toxunmuş əsərin ana haşiyəsində Quba-Şirvan qrupuna aid olan Əlibəyli xalçasında istifadə edilən haşiyə qurşağını görmək olar. Bu zolaq məhz Əlibəyli xalçasına xas olduğu üçün xalça ustaları tərəfindən xalçanın adı ilə “Əlibəyli” adlandırılır. Dolanqac adlanan haşiyə zolağı ilə tərtib edilmiş bala haşiyədə yenə də Quba-Şirvan məktəbinə aid olan Qəbələ xalçasına xas qurşaqdan istifadə edilmişdir. Bu xalçanın mədaxil haşiyəsi isə sərmə adlanır. Xalçaçının “Mirzə Ələkbər Sabirin portreti” üzərində işləyərkən Quba-Şirvan xalçaçılıq məktəbinə müraciət etməsi bəlkə də şairin Şamaxıda anadan olması ilə əlaqədardır. Haşiyə qurşağının semantik mənası və koloriti ilə xalçanın ara sahəsini təşkil edən Mirzə Ələkbər Sabirin portreti harmonik şəkildə fikir tamlığı yaradır. Qeyd edək ki, T.Salahov “Mirzə Ələkbər Sabirin portreti”ni şairin oğlunun naturasından təsvir etmişdir.
Zamanında sənət camiyasında rəssama böyük şöhrət gətirərək gümüş medala layiq görülmüş “Bəstəkar Qara Qarayevin portreti” bir neçə dəfə xalça üzərində toxunmuşdur. Bu xalçalardan ikisinin kənarəsi klassik haşiyə zolaqları ilə tərtib olunmuşdur. 2010-cu ildə ərsəyə gələn xalçanın haşiyə zolağında xalçaçılıqda nadir rast gəlinən iki ana haşiyə təsvir edilmişdir. Birinci ana haşiyə çağlama adlanır. İkinci haşiyədə kətəbələr var və bu zolaq digərlərindən qeyçi zolağı ilə ayrılır. Növbəti zolaq isə qeysibişax adlanan zəncirə zolağı ilə əhatə edilmişdir. Elə həmin il xalçaçı bəstəkarın portretini fərqli çeşnidə işləyir. Bu dəfə Fazil müəllim Quba-Şirvan xalçalarında çox rast gəlinən kaşı elementi ilə tərtib edilmiş ana haşiyə və onu hər iki tərəfdən əhatə edən bala haşiyədən istifadə etmişdir. Lakin 2012-ci ildə Fazil Abbasquluzadə tərəfindən hazırlanmış xalçanın haşiyə qurşağı tablonun mövzusunun açılmasına xidmət edir. Xalçanın yuxarı haşiyə zolağında notlar, aşağı qurşaqda Qara Qarayevin imzası, hər iki kənar haşiyədə isə pianino dilləri toxunmuşdur. Tablonun süjetinə diqqət etsək görərik ki, bu elementlər əsərin kompozisiyasına tamamilə uyğun motivdədir. Tabloya baxan zaman təsvir olunan obrazın musiqiçi olduğu açıq-aydın görünür. Belə ki, rəssam bəstəkarı fortepianonun önündə təsvir etməklə onun əslində musiqiçi olduğu mesajını ötürür. Xalçanın haşiyə qurşağındakı pianino dilləri də təsvir olunan obrazın musiqiçi olduğunu vurğulayır. Eyni zamanda aşağı zolaqda gördüyümüz təsvir əsərin qəhrəmanının Azərbaycan musiqisinə atdığı imzanı simvolizə edir. Xalçada diqqət çəkən element imzanın hər iki tərəfində yer almış olan təsvirlərdir. Belə ki, bu, bəstəkarın Tahir Salahova xatirə olaraq bağışladığı özünün çəkdiyi göyərçin rəsmidir. Təbii ki, ilk baxışda bu rəsm göyərçini xatırlatmaya bilər, lakin nəzərə almaq lazımdır ki, musiqi dühası olan Q.Qarayevin rəssamlıq bacarığı olmamışdır.
“Koroğlu” portreti ilk olaraq xalçaçı rəssam Fazil Abbasquluzadə tərəfindən 2011-ci ildə xalça üzərinə toxunmuşdur. Bu xalçanın haşiyə qurşağı üzərində çərxi-fələk olan qalxan elementləri ilə tərtib edilmişdir. Xalçadakı qalxan təsvirləri gücü və Vətəni müdafiəni simvolizə edir.
Tahir Salahov yaradıcılığında sevgini, gözəlliyi, doğmalığı, saflığı və qayğıkeşliyi təcəssüm etdirən qadın obrazlarının böyük qismi Fazil Abbasquluzadə tərəfindən xalça üzərinə toxunmuşdur. Öz mürəkkəb koloristikası ilə xalçaçını çətinliklə üzləşdirmiş “Şərq əfsanəsi-Alagöz” əsəri yun sapların ifasında əsl şərq nağılına çevrilmişdir. Qızılı və qara rənglərin müxtəlif çalarlarını olduğu kimi xalçada əks etdirmək mürəkkəb proses idi. Buna baxmayaraq, xalçaçı bu işin öhdəsindən uğurla gəlir. Xalçanın haşiyə qurşağı Quba–Şirvan qrupuna aiddir. Ana haşiyədə əsas element olan kaşı şəkəri yerlik üzərində yerləşdirilmişdir. Quba-Şirvan qrupuna daxil edilmiş alma aləm ikinci haşiyə zolağı olan bala haşiyəni təşkil edir. Mədaxil adlı növbəti haşiyə qurşağında isə qeyçi elementindən istifadə edilmişdir. Xalçanın haşiyə qurşağı ara sahəsi ilə harmoniya yaradır. Əsərin dekorativ və mövzu baxımından şərq motivlərində olması onun xalça üzərinə həkk edilməsini əlverişli edərək tablo ilə harmoniya yaradır.
Fazil Abbasquluzadənin müəllifi olduğu Tahir Salahovun digər portretlərindən biri də “Aydan–Şərq ulduzu” əsəridir. Xalçaçı tablonu xalça üzərinə köçürərkən ana haşiyədə Quba-Şirvan qrupuna aid olan şağlama adlanan elementdən istifadə etmişdir. Digər zolaq olan bala haşiyə qeyçi, mədaxil zolağı isə qeysibişax adlanır. Qeyd edim ki, F.Abbasquluzadənin çeşnisi əsasında Aydanın uşaqlıq çağlarındakı portreti də xalça üzərinə köçürülmüşdür. O, bu əsəri iki dəfə fərqli interpretasiyada yaratmışdır. Haşiyə qurşağında stilizə edilmiş həndəsi biçək və Aydanın gözləri təsvir edilib. Aşağı və yuxarı hissədə isə Bakı zilisində istifadə edilən stilizə edilmiş toyuq və dəvəquşu elementləri vardır. Haşiyənin yan hissəsində isə Aydan sözünün ərəb dilində yazılışı, digər tərəfdə isə Aydan Salahovanın imzası əks edilmişdir.
Tahir Salahovun anası Sona xanıma həsr etdiyi portretlər silsiləsindən 1984-cü ildə təsvir etdiyi “Anamın portreti” əsərinin çeşnisi üzərində xüsusi bir həssaslıq ilə çalışan xalçaçı-rəssam həyatın məşəqqətlərinə sinə gərərək zəhmət və qayğıkeşliklə övlad böyüdən, Azərbaycan adını dünya təsviri incəsənətində ucalara qaldıran şəxsiyyəti tərbiyə edən ananın əks olunduğu xalçanı 2012-ci ildə ərsəyə gətirir. Xalçanın ana zolağı şağlama, bala haşiyəsi qeyçi, mədaxil zolağı qeysibişax adlanan müxtəlif qruplardan götürülən enli haşiyə qurşağındakı zolaqları ananın həyat yolunda mətanət göstərərək dəf etdiyi müxtəlif çətinliklərin simvolu kimi qəbul edilə bilər.
Fazil Abbasquluzadə rəssamın həyat yoldaşına olan sevgisini təcəssüm etdirən “Varya qırmızı şlyapada”, “Varya Pikasso paltarında” və “Varya ağ yaylıqda” portretlərini ilmələrə köçürərək sanki rəssamın ülvi duyğularını da xalça eskizlərinə həkk etməyə nail olmuşdur. Qısa şəkildə bu xalçaların haşiyə qurşaqlarına nəzər salaq. “Varya ağ yaylıqda” xalçasının ana haşiyəsində Bakı xalçalarında rast gəlinən sərmə zolağından istifadə edilib. Bala haşiyə paxlava, digər zolaq olan mədaxil isə burma adlanır. “Varya qırmızı şlyapada” xalçasında da Fazil Abbasquluzadənin tez-tez müraciət etdiyi haşiyə zolaqları görmək olar. Belə ki, xalçanın ana haşiyəsi şağlama, bala qeyçi, mədaxil isə qeysibişax adlanan zolaqdan ibarətdir.
Fazil Abbasquluzadənin uğurlu işlərindən danışarkən mütləq şəkildə “Madam Raşelin portreti”nin təsvir olunduğu xalçanı vurğulamaq lazımdır. Xalçanın haşiyə qurşağı ara sahəni təşkil edən Tahir Salahovun əsəri ilə ahəngdar səslənir. Ana haşiyə zolağı Bakı xalçalarına xas olan kətəbələrdən təşkil olunmuşdur. Çaxmağı adlanan bala haşiyə Bakı, Şirvan və Quba zonasına aiddir. Digər haşiyə mədaxil zolağı tirmə sayılsa da, bu element xalq arasında paxlava adlanır. Böyük ölçülü zolaqların arasında iki qatlı siçandişi elementləri təsvir edilmişdir. Mədaxilin içərisində rəngli zolaqların üzərində Qarabağ qrupuna xas tirməsayağı adlanan müxtəlif doldurucu elementlər vardır. Ana haşiyədəki kətəbə stilizə edilmiş, ətrafı pilləli formalı olub kənarı ağ rəngli şaxələr ilə bəzədilmişdir. Kətəbələrin daxilində isə stilizə edilmiş romb formalı elementlər vardır.
Tahir Salahovun portretlərinin qəhrəmanları olan xanımlar zəhmət və qayğıkeşliklə övlad böyüdən ana, sevgi dolu vəfalı həyat yoldaşıdır, ata məhəbbətini qəlbində daşıyan övlad, saflığın təcəssümü olan uşaq və nəhayət, gözəlliyin timsalı olan qadınlardır və bu qadın obrazları xalça üzərinə köçürülərək doğma bir istilik ilə əhatələnmişdir. Ümumilikdə portretlərin əksəriyyətinin haşiyə qurşağında qeyçi, şağlama, qeysibişax haşiyə qurşaqları təkrarlanır.
2013-cü ildən başlayaraq Fazil Abbasquluzadə Tahir Salahovun bir neçə mənzərə əsərini xalça üzərinə köçürmüşdür. Bunların arasında rəssamın neft mövzusuna həsr etdiyi iki əsəri xüsusi yer tutur. Tahir Salahovun bu mövzuda yaratdığı silsilə əsərləri arasında “Səhər eşalonu” ilklərdəndir. Əsər yeni üslubun qaranquşu hesab olunur. Üslubun əsas xüsusiyyəti lakonik və konkret koloritdən ibarətdir. Əsər sənaye şəhərinin nikbin səhərini əks ertdirir. Xalçanın haşiyə qurşağının eskizi Tahir Salahovun ideyası əsasında tərtib olunmuşdur. Haşiyə qurşağı bir–birini əvəz edən rombvari elementlərdən ibarətdir. Bu romblar günəş doğarkən neft daşınan çəlləklərin üzərinə düşən işıltını simvolizə edir. Bu da əsərin koloriti ilə uyğunluq təşkil edir. Rəssam əsərin bəzi yerlərində açıq, bəzi yerlərində isə tünd rənglərdən istifadə edərək həm kontrast yaradır, həm də ənənəvi fon anlayışını pozur. Xalçaçının neft mövzusundakı növbəti işi T.Salahov yaradıcılığının 50-ci illərinə aid olan “Rezervuar parkı” əsəridir. Tablonun kompozisiyasında əsas planda neft çənləri durur. İnsan fiquru tablonun küncünə sıxışmış vəziyyətdə təsvir olunub. Bu da neft sənayesinin insan həyatını zəbt etməsinə işarədir. Xalçanın haşiyə qurşağı Salahova məxsus eskiz əsasında tərtib edilib. Hər iki xalça kolorit baxımdan tünddür. Haşiyə qurşaqlarının koloritinin də boğucu olması insanda sıxıcı hiss yaradır. Bu da əsərlərin ifadə etdiyi məna ilə uzlaşaraq xalçaçı-rəssamın güclü rəng duyumunun pəşəkarlıqla xalça üzərində ifadə etmə bacarığından irəli gəlir.
“Rondo. İspaniya”, “Mixas. İspaniya”, “Venesiya. Eyvandan görüntü”, “Venesiya. Eyvandan görüntü. Otel Terminus”, “Xəzərdə səhər” xalçalarının eskiz müəllifi də Fazil Abbasquluzadədir. Sadalanan xalçaların haşiyə qurşaqlarının ideya müəllifi isə Tahir Salahovun özüdür. Venesiya şəhərinin görüntüsünə həsr olunmuş xalçaların haşiyə qurşaqları bu şəhərin memarlıq abidələrinin elementlərindən təşkil olunmuşdur. “Monakoda görüş” xalçasının haşiyə qurşağı Xudu Məmmədovun eskizlərindən bəhrələnərək hazırlanmışdır. “Roma” əsərinin xalça üzərindəki təsvirində isə İtaliya bayrağı və Roma şəhərinin simvolu olan canavar təsvirindən istifadə edilmişdir. Məlum olduğu kimi Tahir Salahov Abşeron vurğunu bir rəssam idi. Onun Xəzər dənizinə və Abşeron kəndlərinə həsr etdiyi silsilə əsərləri sevgi və coşqu ilə doludur. Rəssamın Abşeron motivləri silsiləsinə aid olan bir çox əsəri də xalça üzərinə köçürülmüşdür. Bu qəbildən olan “Xəzərdə” əsərinin çeşnisini hazırlayarkən Fazil Abbasquluzadə yenidən Xudu Məmmədovun eskizlərinə müraciət etmişdir. Xalçanın haşiyə zolağında stilizə edilmiş ağ və qara rəngli qağayılar, künclərdə isə yel dəyirmanı verilmişdir. Bu elementlər simvolik əhəmiyyətə malikdir. Belə ki, qağayılar Xəzər dənizini xatırladır, yel dəyirmanı isə Tahir Salahovun Abşeron motivlərində çox rast gəlinən element kimi rəssamın doğma yurda bağlılığını təcəssüm etdirir. “Xəzərdə səhər” xalçasında haşiyə qurşağı müəllif interpretasiyası və Salahovun ideyası əsasında toxunmuşdur. Fazil Abbasquluzadənin haşiyə zolağı sənaye mənzərəsi olan “Xəzərdə səhər” tablosunun aydın koloriti və nikbin ideyası ilə uğurlu səslənir. Haşiyə qurşağının yuxarı və aşağı hissələri rombvari elementlər ilə dekor edilmişdir. Yan hissələr isə müəllif interpretasiyasının tapıntısı olan elementlər ilə bəzədilmişdir. Sağ və sol künclərdə həndəsi dolanqaclar vardır. Yuxarı sağ və sol künclərdə isə Salahovun əsərlərində rast gəlinən yel dəyirmanının təsviri yer almışdır. Aşağı hissənin küncləri isə həndəsi dolanqac ilə bəzədilmişdir.
F.Abbasquluzadə həmçinin İçərişəhərə həsr olunmuş bir neçə əsərin də müəllifidir. Bu xalçaların haşiyə qurşaqları demək olar ki, eyni şəkildə tərtib olunmuşdur. Xalçaların kənarələri İçərişəhərin qala divarlarının təsvirindən ibarətdir. Sadalanan mənzərələrlə yanaşı 2013-cü ildə Fazil Abbasquluzadə “Şərq dolçası. Süzəni” natürmortlarını da realizə edir. Xalçaçı-rəssam bir il öncə isə “Pikasso palitrası” natürmortu üzərində işləmişdir. Bu xalçanın ara sahəsi enli zolaq ilə əhatələnib. Haşiyə qurşağının yerliyi Fransa və İspaniya bayraqlarından ibarətdir. Haşiyə qalxan və böyük ölçülü raportlara bölünür. Raportların mərkəzi həndəsi formada bir-biri ilə hörülmüş kufi xəttatlıq uslubunda işlənmiş xətlər ilə bəzədilmişdir. Bu element ilə qalxan elementi haşiyə boyu bir-birini ritmik şəkildə əvəz edir. Fazil Abbasquluzadə bu xalçaların toxunma prosesi ilə bağlı qeyd edir ki, o, iş prossesini elə qurmuşdur ki, eyni anda bir neçə xalçanı toxumaq mümkün olsun. Fazil Abbasquluzadə Tahir Salahovun süjetli əsərlərinə də müraciət etmişdir. Beləliklə, Fazil Abbasquluzadənin çeşniləri əsasında “Roma. Kafe Qreko”, “Benalmadena korridası” kimi süjetli kompozisiyaya malik olan əsərlərin xalçaları ərsəyə gəlmişdir.
“Korrida. Benalmadena. İspaniya” əsəri dinamika, plastika və qırmızı rəngin yaratdığı enerji dalğası ilə doludur. Tablonun süjet xəttini “Meksika korridası” əsərində olduğu kimi iki motodor və onların məğlub etməyə çalışdıqları buğa təşkil edir. “Korrida. Benalmadena. İspaniya” 1997-ci ilə aid “Korrida” əsərinə nisbətən daha çox ekpressiyaya sahibdir. Dairəvi arenanın mərkəzində iri planda yerləşən mavi geyimli motodor və tükləri parıldayan, gözlərindən od püskürən nəhəng buğa rəssam tərəfindən ustalıqla mürəkkəb rakursda canlandırılmışdır. Öküzün sıçrayış anında dartınan əzələlərinin anatomik baxımdan düzgün təsvir edilərək qırmızı rənglə xüsusi vurğulanması rəssamın mahirliyini qabarıq halda ön plana çəkir. Bu tabloda da Salahov qara və qırmızının kontrastından istifadə edir. Qara buğa və motodorun əlində saxladığı qırmızı parça göz oxşayır. Haqqında danışılan əsərin xalça üzərinə toxunması məharət tələb edirdi. Dinamikanın mövcud olduğu tablonun ekspressiyasını xalçada da plastik şəkildə təsvir edə bilmək üçün böyük əmək və səy tələb olunur. Xalçanın haşiyə zolağı enli qurşaqdan ibarətdir. Sumağı yerlikli haşiyə ağ arakəsmə xətlər ilə sektorlara bölünüb.
Künclərdə və haşiyənin dörd tərəfinin mərkəzindəki kvadratlarda romblar vardır. Sumağı rəng tablonun qırmızı rəngi ilə əlaqəli səslənir. Tahir Salahovun süjetli kompozisiyalarından digəri olan “Roma. Kafe Qreko” əsəri 2016-cı ildə xalçaçının çeşnisi əsasında xalça üzərində toxunmuşdur. Xalçanın ara sahəsini təşkil edən əsərdə Romanın mərkəzində yerləşən Qreko kafesi canlandırılmışdır. Rəssam əsərin kompozisiyasında kafedəki sakit və lirik ab-havanı canlandırmışdır. Burada hər kəs öz aləmindədir-insanlar mənəvi istirahətdədir. Kompozisiyanın mərkəzindəki qara geyimli qadın rəssamın həyat yoldaşı Varvara Aleksandrovnadır. Güzgüdə əksi görünən kişi isə Tahir Salahovun özüdür. Bunu da qeyd edək ki, güzgüdəki avtoportret rəssamın bütün yaradıcılığı boyunca məlum olan ikinci avtoportretidir. Tahir Salahov bu xalçanı məhz Qreko kafesinə hədiyyə etmək arzusunda olur. Xalçanın haşiyə qurşağının ideya müəllifi də rəssamın özüdür. Ümumiyyətlə, xalçaçının emalatxanasında hər əsər individual olaraq öz rəng ahənginə uyğun şəkildə boyanmış iplərdən toxunur. Məhz bu xalçada da Fazil Abbasquluzadə öz ənənəsinə sadiq qalmışdır. Belə ki, xalçaçı-rəssam əsərin kənarəsinin yerliyini İtaliya bayrağının rənglərində tərtib etmişdir. Haşiyə qurşağına gəlincə, o, raportlara bölünmüşdür. Raportları Salahovun əsərlərində tez-tez rast gəlinən yel dəyirmanı izləyir. Həndəsi formalı biri digəri ilə birləşmiş kufi yazılı xətlər xalçanın ornamentini təşkil edən əsas elementdir. Xalçanın yuxarı hissənin mərkəzində isə Roma şəhərinin rəmzi olan dişi canavar təsvirini görə bilərik.
Son olaraq qeyd edək ki, çağdaş dövrümüzdə incəsənətin bütün istiqamətləri ilə bağlı hər gün yeniliklərin şahidi oluruq. Bu cür yeniliklərin fonunda xalça sənətində öz imzasını təsdiqləmiş görkəmli xalçaçı-rəssam ənənələri müasirliklə möhkəm bağlarla bir-birinə bağlayaraq çətin və bir o qədər də maraqlı təcrübəni məharətlə həyata keçirmişdir.
Sənətşünas Sədaqət Əliyeva
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin