Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,
ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Heydər Əliyev
Respublikamız 18 oktyabr 1991-ci ildə müstəqillik əldə etsə də, həmin dövrün çətin siyasi mühiti, hərc-mərclik, iqtisadi böhran, milli sərvətlərin talan edilməsi, mənfur düşmənin məkirli əməlləri ölkənin idarə olunmasında çətinliklər yaradırdı. Bu baxımdan xalq da daim qorxu və narahatlıq içində yaşayırdı. 1993-cü ilin iyun ayından başlayaraq ölkədə sabitliyin bərqərar olması, vətəndaş müharibəsi təhlükəsinin aradan qalxması, milli həmrəyliyin təmin olunması ilə yeni siyasi kursun başlanğıcı qoyuldu. Ümummili Lider Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Bununla da ölkə siyasətinin əsas prioritet istiqamətləri müəyyənləşdirildi və onların həlli prosesi hüquqi müstəvidə aparıldı. Belə ki, Ulu Öndərin sədrliyi ilə xüsusi komissiya tərəfindən hazırlanan Azərbaycan Respublikasının yeni Konstitutsiyasının layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş və həmin ilin noyabrın 27-də isə qüvvəyə minmişdir.
Müstəqil Azərbaycanda uşaqların maraq və mənafelərinin qorunmasına, onlara diqqət və qayğının göstərilməsinə hər zaman həssas yanaşılmışdır. Bu baxımdan dövlətin əsas özəyi hesab edilən uşaqların hüquqlarının qorunması üçün atılan ən gözəl addımlardan biri Azərbaycan Respublikasının Konstitutsiyasına bununla bağlı ayrıca bir maddənin salınması oldu. Belə ki, insan hüquqlarını, söz və fikir azadlıqlarını təmin edən, demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanan ilk milli Konstitutsiyanın “Ailə, uşaqlar və dövlət” adlanan 17-ci maddəsində aşağıdakı bəndlər qeyd edilmişdir:
Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Müstəqil Azərbaycanda uşaqlara diqqət və qayğının dövlət siyasətinin prioritet istiqaməti kimi formalaşması Ümummili Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, günümüzdə bütün uşaqların dövlət tərəfindən diqqət və qayğı ilə tam əhatə olunmasına həssas yanaşılır və xüsusi nəzarətdə saxlanılır. Konstitutsiyada da qeyd edildiyi kimi uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin tam nəzarəti mövcuddur. Çünki uşaqlar hər bir xalqın, millətin gələcək inkişafını təmin edən fərdlərdir. İnkişaf etmiş hər bir cəmiyyətin əsas sütunları uşaqlar, yetişməkdə olan gənc nəsillərdir. Bu baxımdan müstəqilliyimizin əsas dayağı sayılan uşaqların bir şəxsiyyət kimi formalaşmasında dövlətin rolu mühümdür. Dövlət müstəqilliyimizin qorunması, onun yeni inkişaf mərhələsinə keçməsi bu və ya digər formada birbaşa uşaqların düzgün tərbiyə edilməsindən, onlara göstərilən diqqət və qayğıdan asılıdır.
Müstəqil Azərbaycanda “uşaq siyasəti”nin əsasını qoyan Ümummili Lider Heydər Əliyev uşaqları böyük məhəbbətlə sevir, onlara sözün əsl mənasında qayğı və diqqət göstərirdi. Uşaqların sağlamlığı, onların hüquqlarının qorunması, təhsili hər zaman onun diqqətində olmuşdur. Ölkəmizdə sağlam mühitin və inkişaf etmiş cəmiyyətin qurulmasının təməlini uşaqlar hesab edən uzaqgörən siyasətçi onların vətənpərvər, sağlam, savadlı böyümələri üçün hər cür şəraiti yaratmağa çalışmışdır. Ölkəmizdə uşaq problemlərinin həlli məsələsi də daim diqqətdə olmuş və bu sahədə bir sıra tədbirlər görülmüşdür. Əgər dövlətdə uşaqlara xüsusi diqqət, qayğı, münasibət olarsa, uşaqların inkişafı, yetişməkdə olan gənc nəslin formalaşması üçün optimal mühit yaranmış olacaqdır.
Ümummili lider Heydər Əliyev tərəfindən 1998-ci il 19 may tarixində imzalanmış “Uşaq hüquqlarının qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu bu sahədə atılmış ən mühüm addımlardandır. Sənəddə də deyildiyi kimi Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Dövlət hər bir uşağın yaşamaq, sağlamlıq, inkişaf hüququnu, ailədə yaşamaq və tərbiyə almaq hüququnu qoruyur. Dövlət uşaqların hərtərəfli mənəvi, əxlaqi, intellektual və fiziki inkişafı üçün əlverişli şərait yaradır.
Uşaqları böyük məhəbbətlə sevən Ulu Öndər ölkədə uşaqlarla bağlı təşkil olunan bir sıra tədbirlərdə, bayramlarda, görüşlərdə iştirak etmişdir. Valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan, uşaq evlərində yaşayan valideyn sevgisindən məhrum olan uşaqları isə daim xüsusi diqqətdə saxlamışdır. Onlarla tez-tez görüşmüş, onlara nəvaziş, xüsusi qayğı ilə yanaşmışdır. Bütün uşaqlar kimi onların da təhsil almaq hüququndan yararlanmalarına şərait yaratmışdır. Onlar orta məktəbi başa vurduqdan sonra dövlət hesabına ali təhsil almaq imkanı ilə də təmin edilmişdilər. Böyük ürəyə sahib olan Ulu Öndər bu sevgisi ilə həmin uşaqlara dəyərli olduqları hissini bəxş etmişdir. Uşaqların bir dəyər olması ideyasının təməlini qoyan Ulu Öndər onlara hər zaman dövlət dəstəyinin göstərilməsini xüsusi diqqətdə saxlamışdır.
Ulu Öndərin təməlini qoyduğu işləri bu gün də Heydər Əliyev Fondu davam etdirir. Fondun bu sahədə gördüyü tədbirlər, qəbul olunan qərarlar, qrant layihələri, inkişaf proqramları təqdirə layiqdir. Fond həmçinin, uşaqlar və valideynlər arasında düzgün münasibətin qurulması, onlara mənəvi, əxlaqi keyfiyyətlərin təlqin edilməsi istiqamətində də mütəmadi marifləndirmə tədbirləri təşkil edir. Uşaqların təhsildən yayınmaması üçün ən ucqar kəndlərimizdə belə məktəblər inşa edilərək onların təhsil almaq hüquqlarından yararlanmaqlarına şərait yaradır.
Müxtəlif sosial problemlərə görə (alkoqolizm, narkomaniya və s.) valideynlərindən və ya onların qanuni nümayəndələrindən sevgi, qayğı, diqqət, düzgün rəftar görməyən uşaqlar vardır ki, bu da onların tərbiyəsinə mənfi təsir göstərərək davranış pozuntularına səbəb olur. Sözügedən uşaqlar tərbiyə, təhsil almaq hüquqlarından da məhrum olmuş olurlar. Bu uşaqlara dövlət xüsusi diqqət və dəstəyini göstərərək onları ya himayəsinə alır ya da ailələri ilə sosial-psixoloji məzmunlu görüşlər keçirdir. Həmçinin, Heydər Əliyev Fondu da bu və ya digər formada müxtəlif məzmunlu layihələri ilə həmin uşaqlara dövlətin köməkliyini göstərir. Fond həmin uşaqlara sosial yardımın göstərilməsi, fiziki, intellektual və psixi sağlamlıqlarının bərpası, mənəvi-əxlaqi tərbiyəsi, bir sözlə, inkişafları üçün hərtərəfli dəstəyin göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Bu cür tədbirlərin nəticəsində sözügedən uşaqların davranışlarında, düşüncələrində aşağıdakı müsbət mənada dəyişikliklər hiss olunur.
•özünü reallaşdırmaq, problemlərini təkbaşına həll etmək bacarığının formalaşması;
•sosial davranış normaları, sağlam həyat tərzi haqqında təsəvvürün yaranması;
•öz hüquqlarını bilmək və onlardan istifadə etmək bacarığının formalaşması;
•sosial və kommunikativ bacarıqların formalaşması;
Bu keyfiyyətlərin uşaqlarda erkən yaşlarda yaranması onların sağlam düşüncəli vətəndaş kimi yetişməsinə təkan vermiş olur. Bütün bunlar da dövlətin “uşaq siyasəti”nin fonunda əldə olunmuş nailiyyətlər hesab olunur. Beləliklə, Ulu Öndər tərəfindən qoyulmuş bu siyasət günümüzdə də aktuallığını saxlayır.
Sonda Ümummili Lider H.Əliyevlə bağlı öz uşaqlıq xatirəmi də bölüşmək istəyirəm. Mənim uşaqlıq illərim doğulub boya-başa çatdığım Bakının Pirşağı kəndində (hazırda qəsəbə statusu alıb) keçib. Kəndin mərkəzində “Pirşağı Tataz Piri” adlanan abidə yerləşir. Sovetlər dövründə abidə yararsız halda olsa da sonradan Ulu Öndərin göstərişi ilə pir bərpa edilmişdir. Abidənin bərpadan sonra 1996-cı ildə açılışı olmuşdur. Həmin açılışda H.Əliyev şəxsən özü iştirak etmişdir. Bütün kənd sakinləri Ulu Öndər ilə görüşmək üçün abidənin ətrafına toplaşmışdılar. Zamanının az olmasına baxmayaraq hər kəslə maraqlanıb, söhbətləşmiş, uşaqlara nəvaziş göstərmişdi. Atam bizi də o açılışa aparmışdı. Uşaq olduğum üçün (hələ məktəbə getmirdim) sözsüz ki, həmin görüşün mahiyyətini anlamırdım. Ancaq Ulu Öndəri yaxından görmək mənə də nəsib olmuşdu.
Ulu Öndərin başlatdığı “uşaq siyasəti”ni bu gün də layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev davam etdirir. Təsadüfi deyildir ki, 2009-cu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə "Uşaq ili" elan olunmuşdu.
Uşaqların təhsilinə, tərbiyəsinə, müdafiəsinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev onu görməyən nəsillərin qəlbində belə sevgi ilə anılır. O, bütün uşaqların Heydər babası olaraq daim qəlblərdə yaşayacaqdır.
Aişə Baxşiyeva
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin