Bu yazını hekayə də saya bilərsiniz…
P.S. Bəziləri dərhal keçmişlə indini “müqayisə etmək” üçün ortaya atılırlar. Keçmişin keçmiş, indinin indi hesabı var və hər dövr öz hesabını, hesabatını verməlidir.
Keçmiş SSRİ dövründə təhsilin yüksək səviyyədə olması haqqında danışanlar var. Deyirlər ki, təhsil pulsuz idi və s. Çox təəssüf ki, gənclərimizin bir çoxu həmin söhbətlər ucbatından keçmiş haqqında dəqiq məlumat ala bilmirlər...Mümkünsə, bu yazımı sovet dövründə məktəbli olmuş bir şəxsin gördükləri, duyduqları kimi qəbul edin. Bəlkə keçmişin həqiqətləri haqqında nəyisə xatırladınız.
1. Keçmiş sovet dönəmində təhsil pulsuz deyildi! Təhsil pulunu aylarla işlədilən, əməyi qəpik-quruşa bərabər tutulan yüzminlərlə məktəbli özü ödəyirdi.
2. Keçmiş sovet dövründə verilən təhsilin pulla ifadəsi nə qədər idi? Bunu bilən var?
Azərbaycanın kənd rayonlarının çoxunda məktəbli əməyi qul əməyi qədər ucuz idi, çox hallarda əmək müqabilində zəhmət haqqı ödənilmirdi. Təxminən avustun sonu-sentyabrın əvvəllərində üzüm sezonu başlayırdı. 8,9,10-cu siniflərin uşaqları üzüm dərirdilər, vedrələrlə konteynerlərə daşıyırdılar. Bu proses oktyabr ayının sonuna, bəzən noyabrın əvvəllərinədək davam edirdi. Üzüm dərməyə getdin, yaxud getmədin, onsuz da dərs keçirilmirdi. Hələ noyabrda bəzən ura yerinə üzüm yığmağa göndərilirdik. Noyabrda dərs başlayırdı, artıq beş ay (iyun, iyul, avqust, sentyabr, oktyabr) azad şəkildə işləyən məktəbliləri sinif otağına yığ görüm necə yığırsan?!
Aprel-may aylarında isə çuğundur əkməyə, çuğundur dibi toxalamağa, bir müddət sonra çuğundur yığmağa gedirdik. Düzdür, üzüm sezonunda köhnə paltarda işə gedirdik, amma çuğundur sezonu vaxtı elə məktəbli formasında işləməyə aparırdılar. Yəni hər təhsil ilinin (yəni 9 ayın) ən azı 6 ayını dərsə, 3 ayını isə işə gedirdik.
Rəhmətlik Bəsti xala, Elminaz xala üzümü dərib vedrələri elə tez doldururdular ki, onlarla işləyən məktəblilər (yuxarı sinif şagirdləri olsa belə) tap gətirmirdilər. Uzunluğu yüz metrə olan üzüm sıralarının arasından 10-15 kq ağırlığında vedrələri daşımaq, hər gün 60- 100 vedrə üzümü konteynerə tökmək zülm idi (SSRİ dövrünün təhsilini tərifləyənlər çox yəqin ki, nə üzüm dəriblər, nə də üzüm dolu vedrələri daşıyıblar). Göz görə-görə qula çevrilmişdik, başımızın üstündə də “vlast” vardı.
Ən ağrılı məsələ bilirsiniz nə idi?! Ermənilərin üzüm sahəsi ilə kəndimizin üzüm sahəsini ensiz bir yol ayırırdı. Hələ 1986-1987-ci illər idi, ermənilərlə aramızda soyuqluq hiss olunurdu. Yaşlıların söhbətlərindən eşitdim ki, bizim daşıdığımız 15 kq-lıq üzüm dolu vedrə cəmi 2 qəpik, ermənilərin üzüm vedrəsi 20 qəpikdən hesablanır. Üzümçü arvadlar “Qələbə” sovxozunun Stalinə oxşayan aqronomundan və hündürdən qışqıran briqadirdən bunun səbəbini soruşdular. Aqronom arxa cibindən çıxardığı qəlyanını dartıb hər yeri tüstülətdi. Hündürdən qışqıran briqadir də elə bağırdı ki, eşşəklər qorxub meşəyə qədər qaçdılar…Bax beləcə hər il “pulsuz təhsil” alırdıq. Yalnız 20 Yanvar faciəsi olan il məktəbliləri üzüm dərməyə aparmadılar.
Tələbə olanda bildim ki, dağəti rayonlarda məktəblilər üçün “üzüm sezonu”, aran rayonlarında “pambıq sezonu” olurmuş. Onu da deyim ki, yenidənqurma illərində məktəblilərin üzümə, pambığa aparılması haqqında çoxsaylı məqalələr yazılırdı.
Şəhər məktəblilərinin “üzüm sezonu”, “pambıq sezonu” barədə məlumatları yox idi. Uzaqbaşı, aprelin 19-da “Lenin iməcliyinə”, ya da bir-iki başqa iməcliyə gedirdilər. Ya da kağız, dəmir yığıblar ki, sovet sənayemizin inkişafına dəstək olsunlar…
Hər dəfə social şəbələrdə, KİV-də “keçmiş SSRİ zamanında təhsil pulsuz idi” deyənləri eşidəndə çox təəccüblənirəm. Bu şəxslər necə də unutqandırlar….Günün istisində dərisi qapqara olmuş pambıq yığan uşaqları (özü də bir-iki yox, kütləvi şəkildə), palçıqlı tənəkliklərdə üzüm dolu verdrələri daşıyan uşaqları, tütün yarpaqları yığmaqdan əlləri qapqara olmuş uşaqları unutmaq olar? “Sovetlərdə təhsil pulsuz idi”-deyənlər üzümçü, pambıqçı, tütünçü uşaqların nazik qollarının, zərif, zəif çiyinlərinin hesabını verə bilməzlər.
Əliyev Bəhmən Fazil oğlu. t.ü.f.d., dosent, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin